1 İyun 2017 23:39
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin 1-ci televiziya kanalında yayımlanan “Yarım saat turizm” verilişinin növbəti buraxılışı Azərbaycana həsr edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən video-çarx nümayiş olunub. Şahzadə Məhəmməd Əli saray-muzeyində lentə alınmış verilişdə Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov qonaq olub. S.Nəsirov Azərbaycanla Misir arasındakı tarixi, siyasi, mədəni, iqtisadi və turizm əlaqələrindən söhbət açıb.

Verilişdə eyni zamanda Misirlə Azərbaycanın oxşar adət-ənənələrindən bəhs olunub, Misirin Azərbaycanın müstəqillik əldə etdikdən sonra diplomatik əlaqələr qurduğu ilk dövlətlərdən olması diqqətə çatdırılıb.

Bundan başqa, Misir tarixində mühüm rol oynamış görkəmli azərbaycanlılar – Misir tibb elminin inkişafında xüsusi xidmətləri olmuş, Misirin baş həkimi Fəthullah İbni Nəfis, Misiri işğaldan azad etmiş Səlahəddin Əyyubi, Misirin baş hakimi olmuş Əfzələddin Xuncinin fəaliyyətinə də toxunulub.
Misirlə Azərbaycan arasında bütün sahələr üzrə əlaqələrin daim inkişaf etdiyini bildirən S.Nəsirov mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndiyini vurğulayıb.

Verilişin formatına uyğun olaraq proqramda S.Nəsirovun ailə üzvləri və digər soydaşlarımız iştirak edərək Azərbaycanın milli geyimlərini nümayiş etdiriblər.

Səxavət


Müəllif: Teleqraf.com