2 İyun 2017 16:42
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət başçısı İlham Əliyevin Prezident Administrasiyasının strukturunu yeniləməsi ilə bağlı sərəncamları ötən ilin sentyabrında Azərbaycan Konstitusiyasına edilən dəyişiklik və əlavələrlə bağlıdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə ölkə başçısının Prezident Administrasiyasının strukturunda etdiyi son dəyişiklikləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, Konstitusiyadan irəli gələn məsələlərlə əlaqədar idarəetmə sistemi optimallaşdırılır, günün tələblərinə cavab verən, çevik qərarlar qəbul edən, prezidentin siyasi xəttinin həyata keçirilməsinə çalışan, eyni zamanda, cəmiyyətdə gedən proseslər barəsində müfəssəl məlumatları dövlət başçısına çatdıra bilən mexanizm formalaşdırılır: “Hazırki struktur günün tələblərinə tam cavab verir. Birbaşa ayrı-ayrı istiqamətlər müəyyənləşdirilib və təcrübəli, artıq özünü müvafiq sahələr üzrə tanıtmış şəxslər prezident tərəfindən təyin ediliblər. Dünənki sərəncamlar Azərbaycanda islahatların durmadan davam etdiyini və cəmiyyətdə gedən proseslərə uyğun olaraq optimal qərarlar qəbul edildiyini göstərir. Eyni zamanda islahatçılığın, yeniliyin cəmiyyətimiz üçün daimi bir siyasi xətt olduğu bir daha nəzərə çatdırıldı. Prezidentin sərəncamları cəmiyyət tərəfindən çox maraqla qarşılandı. Təyinatlar uğurludur və hesab edirəm ki, bu strukturla formalaşmış administrasiya bundan sonra da cənab prezidentin tapşırıqlarının yerinə yetirilməsində, cəmiyyət qarşısında duran problemlərin həll edilməsində ölkə başçısına yardımçı olmaqla öz üzərinə düşən vəzifələri yerinə yetirəcəkdir”.

Prezidentin iqtisadiyyat üzrə iki köməkçisinin təyin edilməsinə gəlincə, millət vəkili hesab edir ki, iqtisadiyyat istənilən dövlətdə əsas fəaliyyət istiqamətlərindən biridir və bu səbəbdən iqtisadiyyat istiqaməti üzrə prezidentin iki köməkçisinin olması heç də təsadüfi deyil: “Azərbaycan iqtisadiyyatı çoxşaxəli orqanizmə çevrildiyinə görə onun ayrı-ayrı istiqamətləri üzrə köməkçilərin olmasına ehtiyac vardı”.


Müəllif: Nərgiz