2 İyun 2017 20:28
1 634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını müxalif Ağ Partiyanın sədri Tural Abbaslı cavablandırıb:

- Ötən ilin mayında təsis edilən Ağ Partiya ilk vaxtlar sosial şəbəkə və mediada aktiv olsa da, son zamanlar fəaliyyəti səngiyib. Səbəblər nədir?

- Biz partiyamızı təsis edən ərəfədə cəmiyyətdə və siyasi səhnədə aktivlik vardı. Son zamanlarda isə müxalifət sıradan çıxmaq üzrədir. Uzun illərdir fəaliyyət göstərən partiyalar var ki, bəlkə də media və sosial şəbəkədə bizdən daha az görünürlər. Bəzi partiyalar kimi pafoslu şəkildə bizə 1 ay içində 600 nəfər müraciət edib deməklə ucuz işlərlə məşğul olmuruq, milli-mənəvi dəyərləri özündə birləşdirən sağ-mərkəzçi partiya formalaşdırmaq niyyətindəyik. Hansısa siyasi hadisə olsa, inanmıram ki, kənarda qalacağıq. Sıralarımızdakı insanların 99 faizi gənclərdir. Türkiyədəki AKP-nin ideologiyasına uyğun partiya qururuq. Orta və yaşlı nəsil daha çox klassik demokratiya, söz azadlığına önəm verir, bizdə də bu məqamlar vacibdir, amma ağırlığı daha çox ideoloji məsələlərə qoymuşuq. Kütləvilikdən söhbət gedə bilməz, amma Bakı və regionlarda strukturun özəyini təşkil edən gənclərimiz kifayət qədərdir. İstəyirik insanlar yeni simaları, gəncləri tanısınlar. Könül istərdi ki, axın olsun, amma insanların siyasətlə maraqlanmadıqlarını nəzərə alırıq. Bizdə, adətən, seçki dönəmində fəallıq hiss edilir. Prezident , bələdiyyə və parlament seçkiləri ard-arda oldu, sonrakı illərdə boşluq müşahidə edilir. İndi isə şou-biznesdə olduğu kimi gündəm yarada bilən siyasətçilər kimlərisə təhqir edir, gündəmdə qalır. Amma iş görmək lazımdır. Strateji hədəflər qoyulmalıdır, nəinki gündəlik taktiki addımlar atılmalıdır.

- Türkiyədə AKP-nin ideologiyası niyə sizi cəlb edir?
- Avropa və Amerikanı analiz eləsək, ümumbəşəri dəyərlər uğrunda mübarizə deyilən anlam öz mahiyyətini itirib. Demokratiya, söz azadlığı, sərbəst toplaşma, özgürlük kimi utopik fikirlər iflasa uğrayıb. Hər bir dövlət və millət öz milli mənəvi ənənələrinə qayıdışa köklənib. Trampın radikal çıxışları olsa da, Amerika kimi inkişaf etmiş cəmiyyət ona səs verirsə, Avropa Birliyi uzun illər uğurlu iqtisadi fəaliyyətini davam etdirdiyi halda İngiltərə bu qurumdan çıxırsa, nasist Le Pen az qala prezident seçilirdisə, bu, artıq dünyada tendensiyanın dəyişdiyinin göstəricisidir. Türkiyədə köklərə dönüş kimi sosial sifariş var. Hesab edirəm ki, Azərbaycan dünya siyasi sistemindən geridə qalmamalıdır. Rusiyada, Fransada, Almaniyada kommunist və yaşıllar partiyaları, liberal dəyərləri özündə daşıyan siyasi təşkilatlar mövcuddur. Niyə türk-İslam birliyini özündə əks etdirən bütün türk dövlətlərində AKP kimi ideologiyaya əsaslanan, milli-mənəvi dəyərlərə söykənən partiyalar olmasın? Bu, qətiyyən təqlidçilik deyil.

- Azərbaycanın müxalif partiyası Türkiyənin iqtidar partiyasının ideologiyası əsasında formalaşır?
- Türkiyənin ən yaxşı münasibətdə olduğu hakimiyyətlərdən biri Azərbaycan hakimiyyətidir. Biz isə korporativ maraqları güdmürük, kimsə deyə bilməz ki, Azərbaycan hakimiyyətinə yarınmaq və ya Türkiyəyə xoş olmaq üçün AKP ideologiyasını seçmişik. Hakimiyyətlər gəlib-gedir, sistemlər qalıcıdır, partiyalar oturuşur, biz uzaq perspektivi hesablamışıq. Xarici siyasətdə Türkiyə yönlü siyasətin tərəfdarıyıq. Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığı daha da dərinləşdirməlidir, Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsinə də şərait yaratmaq lazımdır, inkişafı türk-İslam birliyində görürük. Bizi tənqid edirlər ki, AK Partiyanı “kopya”layırıq. Onlar narıncı rəngi “kopya”layanda demokratiya olur, Buşun şəkli ilə “vi vont demokrəsi” deyəndə, Avropa Birliyi, ABŞ, Fransanın layihəsində iştirak edib söz azadlığından danışanda bu, təqlidçilik yox, ümumbəşəri dəyərlər olur? Qanı, dini, dili bir Türkiyə ilə əməkdaşlıq etmək onu yamsılamaq, ona yarınmaqdır? Müxalif düşərgənin ən çox güvəndiyi Qərb dövlətləri Azərbaycan hakimiyyəti ilə sıx əməkdaşlıq edir. ABŞ prezidenti artıq 2 dəfə məktub göndərib. Siyasi arenada savadsızlıq və qərəzlilik baş alıb gedir. Partiyamız üçün mənəvi dəyərlər limiti var, onun qarşısında Amerika, Fransa, Rusiya dayansa da, onu qəbul etməyəcəyik. Le Pen deyirdi ki, bizim üçün əsas fransızlardır. Onu qəbul edirlər, ancaq biz desək ki, bizim üçün vacibi Azərbaycanın maraqlarıdır, bizə faşist deyəcəklər. Bu məsələlərə aydınlıq gəlməlidir.

- Dinin siyasətə qarışması birmənalı qarşılanmır, cəmiyyətin buna hazırlıq məsələsi də var. Azərbaycanda mühit başqadır. Sizcə, Türkiyədəki kimi bizim cəmiyyət bu modelə razı olacaq?
- Necə olur Almaniya, Fransada Xristian Demokratlar partiyaları var, bizim bir çox partiyalar da onlarla sıx əməkdaşlıqdadır və buna normal yanaşırlar. Biz deyirik ki, dinimizə, dəyərlərimizə hörmət edirik, namaz qılanla qılmayan bərabərdir, başını bağlamaq istəyən bağlaya, açıq geyinmək istəyən istədiyi kimi geyinə bilər, qayıdırlar ki, dindarsınız, bu, təhlükəli tendensiyadır. Avropa dövlətlərində rəsmi nikah müqavilələrini kilsələr bağlayır, bizdə rəsmi nikahdan sonra kəbin kəsdirəndə qaragüruhçuluq, geridə qalma kimi qiyməyləndirilir. Bu, siyasi manqurtluqdur, mənim inkişafım geyimimdən asılı deyil, ibadətim, dinim özümə görədir. AKP bunun gözəl modelini qoyub. Milli-mənəvi dəyərlərə söykənən partiyaların olmasından qorxurlar. İrandakı tək olacağını sanırlar. İsrail guya çoxmu dünyəvi dövlətdir? Bizim üçün ən gözəl nümunə Türkiyədir. Bizi qınayanlar ideyalarımız onların yaşam tərzinə uyğun gəlmədiyi üçün danışırlar. Siyasətçilər sosial şəbəkələrdə mənəvi dəyərlərimizə, dinimizə lağ edirlər, sabah seçki ərəfəsində seçicinin qabağında feysbukda yazdığı bir ifadəni deyə bilmirlər. Hansısa partiyanın rəhbərliyinin təmsil olunanların 80 faizi ateistdir, qoy olanlar çıxıb desinlər ki, Allaha inanmırıq. Yaxud desinlər ki, toy adət-ənənələrimizdən imtina edirik, elçilik, nişan geridə qalmışlıqdır, qızla oğlan əl-ələ verib nikah bağlayıb birgə yaşaya bilər. Azərbaycanda heç kəs İran kimi dini dövlət qura bilməz. 70 il sovet dönəmində yaşamışıq, Qərb dəyərləri deyilən dəyərlər formalaşıb. Amma bu müddətdə nə namazımızı, nə Ramazanı, nə məhərrəmliyi unutduq. Dini rituallara insanlar bu günədək əməl ediblərsə, deməli qanlarında var. Dırnaqarası bir-iki “demokrat”dan başqa kimsə namaz qılana, oruc tutana lağ edirmi? Təəssüf ki, müxalif cameəmizin 80-90 faizi siyasəti xalq üçün yox, Azərbaycandakı xarici səfirliklər, Qərb dairələrinə göstəriş üçün aparırlar. Hətta nizamnamələrini və geyimlərini belə onlara xoş getsin deyə seçirlər. Başa düşmürlər ki, Qərb dəyərləri sizi hakimiyyətə gətirsəydi, çoxdan gəlmişdiniz, 23 ildir müxalifətdəsiniz də. Odur ki, biz fərqli yanaşırıq. Bu, o demək deyil ki, Qərblə, dünya ölkələri ilə işləməyin əleyhinəyik.

- Bir ildən çoxdur Müsavatdan ayrılmısınız, müsavatçılarla təmaslar qalıb?
- 17 il Müsavat partiyasında olmuşam, bu gün də özümü müsavatçı hesab edirəm. Müsavatın əlində bu partiyanın möhürü olan adama aidiyyatı yoxdur. Özünə ateist deyən, milli dəyərlərimizi, türkçülüyümüzü inkar edən adam müsavatçı ola bilməz. Müsavatın bayrağımızdakı kimi 3 dəyər prinsipi var: millilik, İslam və müasirlikdir. Bu gün 2 rəngdən imtina olunub, guya Avropalaşma gedir. Müsavat üzvlərinin 80 faizi - rayon təşkilatlarının sədrləri, sıravi üzvlər, eləcə də Qubad İbadoğlunun yanında olan müsavatçılarla sıx əlaqələrim var. Partiya rəhbərliyi ilə siyasi baxımdan əlaqələr yoxdur, hansısa birlik və koalisiyada birləşməmişik, ümumi tədbirlərdə bir yerdə ola bilirik, normal da münasibətlər var. Onlarla şəxsi düşmənçliyim yoxdur. Düşünmüşəm ki, Müsavatın apardığı siyasət yanlışdır, onu düzəltməyə çalışmışam, bir müddət vaxtımızı ona sərf etmişik, görmüşük mümkün deyil, öz bildiyimiz yolla getmişik. Kimin haqlı, kimin haqsız olduğunu zaman göstərəcək.

Nərgiz


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər