3 İyun 2017 09:21
1 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ştatların Cənubi Qafqazda vacib, ancaq həyati əhəmiyyət daşımayan maraqları var. Bu maraqlara regional sabitliyin qorunub saxlanılması, dondurulmuş münaqişələrin yenidən alovlanmaması, o cümlədən Gürcüstan, Azərbaycan və Ermənistanın beynəlxalq aləmə inteqrasiyası daxildir.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Karnegi Fondunun ABŞ-ın Cənubi Qafqaz siyasətinə dair hesabatında yer alıb.

Hesabatda qeyd olunur ki, “Soyuq müharibə”dən sonra Avropa təhlükəsizlik sisteminin pozulması, dünya enerji bazarında dəyişikliklər, regionun cənubunda qeyri-sabitlik, həmçinin yeni ABŞ administrasiyası və Avropa İttifaqının daxili çağırışları ABŞ-ın bu maraqlarını aktiv şəkildə irəli çəkməsini tələb edir.

Bildirilir ki, ABŞ Rusiyanın bu regionda dominant roluna və Vaşinqtonun Cənubi Qafqazda mövcudluğuna qarşı olması ilə mübarizə aparmağa məcburdur: “ABŞ-ın bu regiondakı siyasətinin başlıca prioriteti mütləq dondurulmuş münaqişələrin aktivləşməsinin qarşısını almaq olmalıdır. ABŞ öz prinsiplərini mütləq ehtiyatla həyata keçirməli, hər bir ölkəyə xüsusi yanaşma tətbiq etməlidir. ABŞ-ın yeni administrasiyası Cənubi Qafqaza münasibətdə hələ öz siyasətini formalaşdırmalıdır. O, ya əvvəlki yolla getməli, ya da özünün yeni yanaşmasını tapmalıdır. İstənilən halda ABŞ regionun bütün çətinliklərini, geopolitik situasiyanın dəyişilmələrini, ABŞ və onun müttəfiqlərinin regiondakı maraqlarını yaxşı öyrənməlidir”.

Hesabat müəllifləri qeyd edirlər ki, ötən ilin aprelində Dağlıq Qarabağda hərbi əməliyyatların bərpa olunması regional təhlükəsizliyə və ABŞ-ın maraqlarına təhlükə törətdi: “Bundan başqa aktiv hərbi əməliyyatların bərpa olunması münaqişəyə bilavasitə Rusiya və Türkiyənin cəlb edilməsinə səbəb olacaq. Münaqişənin gedişindən asılı olaraq İran da bu prosesə cəlb oluna bilər. Güman etmək olar ki, konflikt Suriya böhranının ikinci səhnəsinə çevrilə bilər”.

Hesabatda daha sonra deyilir: “Son 25 il göstərdi ki, heç bir ayrıca güc, hətta Rusiya regionda hegemonluğa nail ola bilmir. ABŞ-ın burda vacib maraqları və onun bu maraqları təqib etmək imkanları var”.

Bundan başqa hesabat müəllifləri bildirirlər ki, bir sıra məqamlarda Rusiya və ABŞ-ın maraqları üst-üstə düşə bilər.


Müəllif: Səxavət