3 İyun 2017 14:29
1 024

İqtisadiyyatla bağlı olan iri şirkətlər dünya elmində iqlim dəyişmələri ilə bağlı mövcud mübahisənin tərəfləri kimi çıxış edirlər. Onlar elm adamları arasında iqlim dəyişilmələri ilə bağlı olan mübahisələrdən milyardlarla dollar gəlir əldə edirlər.

Bunu ABŞ Prezidenti Donald Trampın ölkəsinin İqlimə dair Paris sazişindən çıxmasına dair qərarını Teleqraf.com-a şərh edən politoloq Zərdüşt Əlizadə bildirib.

Onun sözlərinə görə bəziləri sənaye müəssisələrini məcbur edirlər ki, onlar karbon qazının havaya buraxılmaması üçün böyük xərc çəkib təmizləyici qurğular qoysunlar və atmosferə daha çox karbon qazı buraxan ölkələr ümumdünya xəzinəsinə təbiətin sağlamlaşdırılması naminə böyük cərimələr ödəsinlər, bəziləri isə deyirlər, xeyr, belə şeylər mümkün deyil:

“Hər halda Amerika böyük sənaye ölkəsidir və təbii ki, onun, Çinin, Hindistanın, Avropanın sənayesi atmosferə çoxlu CO2 – karbon qazı buraxır. Bunun da təbii ki, atmosferə müəyyən təsiri var. Amma hələ heç bir alim 100 faiz dəqiqliklə sübut etməyib ki, indi yeni bir istiləşmə dövrü başlayır və bunun nəticəsində dünyanı böyük fəlakətlər gözləyir. Tramp bu qərarı qəbul etməklə Amerika sənayesinə ismarıc verir ki, baxın, mən, sizin – Amerika sənayesinin keşiyində dayanan prezidentəm. Dünyanın həyəcan təbili çalmasına, çağırışlarına, beynəlxalq təşkilatların qərarlarına məhəl qoymadan, heç bir əndazə bilmədən CO2 buraxan istehsal sahələrinizi inkişaf etdirməyinizə şərait yaradıram. Amma bu onun siyasi mənfəətidir, yerli amerikalılar, işçilər, fəhlələr, sənayeçilər arasında şöhrət qazanmaq istəyir. Ona görə də belə bir qərar qəbul edir.

Digər tərəfdən isə yaşıl ideyalardan bəhrələnən siyasi qüvvələr, xüsusilə Avropada, Yaponiyada və başqa yerlərdəkilər ABŞ-ın bu qərarından narazıdırlar. Yəni, bu qərarın arxasında mən yalnız bunu görürəm; yalnız və yalnız öz siyasi mövqeyini yaxşılaşdırmaq və öz ölkəsinin iqtisadi imkanlarını genişləndirmək”.

Zərdüşt Əlizadə bildirib ki, qlobal iqlim dəyişilmələrini araşdıran ciddi alimlər var. Ancaq onların da arasında ciddi ikitirəlik mövcuddur: “Bir qismi qlobal soyuqlaşma, bir qismi isə qlobal istiləşmə baş verdiyini iddia edir”.

Politoloq Trampın bununla amerikan şirkətləri üçün “yaşıl işıq” yandırdığını bildirib: “Bundan Avropanın, Yaponiyanın, Çinin şirkətləri qıcıqlanırlar. Deyirlər ki, necə olur biz, həmin qadağalara riayət edirik, zavodlarımıza baha başa gələn təmizləyici qurğular qururuq, buraxdığımız məhsulun maya dəyərini yüksəldirik və nəticədə onlar rəqabətdə amerikan şirkətlərinə uduzur, bu, düzgün, ədalətli deyil.

Biz isə Ümumdünya Ticarət Təşkilatı çərçivəsində ədalətli rəqabət aparmaq üzrə öhdəlik götürmüşük. Gərək, Amerika şirkətləri də buna riayət etsinlər. Onlar bunu deyirlər. Ancaq Amerika o qədər güclüdür ki, onların çağırışlarına məhəl qoymaya bilər”.

Zərdüşt Əlizadə qeyd edib ki, Tramp öz siyasi karyerasında amerikan eqoizmini əsas götürür, bundan sui-istifadə edir: “Tramp deyir ki, biz – Amerika yenidən böyük, əzəmətli olmalıyıq, biz dünya ilə hesablaşmamalı, yalnız və yalnız Amerikanın öz mənafeyini düşünməliyik.

Son seçkilər göstərdi ki, bu söz Amerika seçicilərinin əksəriyyətinin daha çox xoşuna gəlir. Tramp Amerika xalqı, Amerika sənayesinə lazım olan qərarı verib. Amerika elə ölkədir ki, onun qərarlarından narazı qalan ölkələr mütləq gərək gedib bir stəkan sərin su içsinlər, əsəblərini sakitləşdirsinlər”.


Müəllif: Səxavət HƏMİD
Загрузка...