5 İyun 2017 13:51
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasında Azərbaycan yaxşı irəliləyiş edib.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Bakıya səfər edən BMT-nin mütəxəssislərinin rəyində öz əksini tapıb. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Beynəlxalq Əmək Təşkilatının (BƏT) və BMT-nin Uşaq Fondunun (UNİCEF) mütəxəssislərindən ibarət missiya komandasının rəyinə görə, ölkə cari iqtisadi çətinliklərə baxmayaraq , yoxsulluğun azaldılması, ictimai və sosial xidmətlərin genişləndirilməsi sahələrində yaxşı irəliləyiş əldə edib. Missiya diqqəti xüsusilə həssas əhali qruplarının ehtiyaclarına yönəlik addımlar, eləcə də enerji səmərəliliyi və bərpa olunan enerji texnologiyalarına sərmayələri artırmağa çağırıb.

2015-ci ilin sentyabrında Nyu Yorkda keçirilən Dayanıqlı İnkişaf üzrə sammitdə Azərbaycan da digər BMT-yə üzv ölkələrlə birlikdə, 2015-2030-cu illər üçün qlobal dayanıqlı inkişaf gündəliyini imzalayıb. Bu sammit zəngin və yoxsul ölkələrdə yoxsulluğun və bərabərsizliyin azaldılması, eləcə də istixana qaz emissiyalarının və planetimizin ekosisteminin qorunması üçün sərmayələri hesablamaq üçün hal-hazırda istifadə olunan 17 Dayanıqlı İnkişaf Məqsədlərini təsdiq edib.

Bu gündəliyi reallaşdırmaq, milli inkişaf siyasətlərini Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırmaq, eləcə də dayanıqlı inkişaf istiqamətində irəliləyişi sürətləndirmək üçün BMT üzv ölkələrə mütəxəssislərdən ibarət missiyalar göndərir. Azərbaycan belə bir missiyaya ev sahibliyi edən ilk ölkələrdən biridir.

BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi, cənab Qulam İshaqzai hesab edir ki, Azərbaycanın belə bir missiyaya ev sahibliyi edən ilk ölkələrdən olması, ölkə hökumətinin qlobal inkişaf gündəliyinə öhdəçiliyinin layiqli göstəricisidir:

“Bu, həm də dayanıqlı inkişaf prinsiplərinin təcrübədə istifadəsində Azərbaycanın liderliyini göstərir”.

BMT İP-in Regional Bürosunun Avropa və MDB ölkələri üzrə baş müşaviri və missiya komandası lideri Ben Slay qeyd edib ki, Azərbaycan xüsusilə neft gəlirləri dövründə yoxsulluğun və sosial məhrumiyyətin azaldılmasında ciddi irəliləyiş əldə edib:

“Qarşıda duran çətinlik bu tərəqqini aşağı neft qiymətləri dövründə də davam etdirmək, ölkənin təbii kapitalını azaltmaq əvəzinə ona daha çox sərmayə yatırmaqla yeni iş yerləri yaratmaqdır. Külək və günəş enerjisi texnologiyalarına, həmçinin enerji səmərəliyinə artan investisiyalar, ölkədə yeni yaşıl iş yerləri yaradaraq Azərbaycanın xaricə neft ixracını genişləndirə bilər”.


Müəllif: Nərgiz