Teleqraf.com xəbər verir ki, bu fikri Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova iyulun 6-da Minskdə ATƏT PA-nın demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə daimi komitəsinin iclasında çıxışı zamanı deyib.
B.Muradova bildirib ki, ATƏT regionunda problemlər və münaqişələr artmaqdadır və bu təşkilata üzv olan ölkələr üçün ciddi siqnaldır.
Sədr müavini qeyd edib ki, insan haqlarının pozulmasının təməlində münaqişələr durur. Demokratiya və insanların hüquqlarının müdafiəsi təhlükəsizliyin əsas qarantı hesab edilir.
“Münaqişə və müharibələr, terror aktları insanların ölümünə, onların həyatının dözülməz olmasına gətirib çıxarır. Baş verə biləcək humanitar fəlakətlərin qarşısını almaq üçün gücümüzü və səylərimizi birləşdirməliyik”,- deyə Bahar Muradova vurğulayıb. (Azərtac)