Teleqraf.com xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bütün səylərə baxmayaraq nəticə əldə edilmədiyini vurğulayıb:
“Müzakirələr zamanı dürüstlüklə əlaqəsi olmayan adamlar gördük. Türk əsgərinin adadan çəkilməsi, qarant müddətinin bitməsi bizim üçün qəbul edilən təklif deyil.
Biz Montanada keçirilən müzakirələrin son görüş olacağını öncədən bildirmişdik. Yanvarın 12-dən bu yana Kipr probleminin ədalətli və əhatəli həlli üçün Türkiyə olaraq danışıqlara hər cür töhvə vermişik”.
BMT baş katibi Antonio Guterres də bütün səylərə baxmayaraq razılaşmanın əldə edilmədiyuini deyib.
Kipr danışıqlarında BMT baş katibi Antonio Guterres, Şimali Kipr Türk Cümhuriyyətinin lideri Mustafa Akıncı, Kiprin yunan lideri Nikos Anastasiadis, qarant ölkə mövqeyində Türkiyə xarici işlər naziri Çavuşoğlu, Yunanıstan xarici işlər naziri Nikos Kotzias, İngiltərənin Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Duncan, BMT baş katibinin Kipr üzrə nümayəndəsi Espen Barth Eide, Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti komissarı Federica Mogerini iştirak edib.
Görüşdə müzakirə olunan məsələlərin bəzi detalları yunan mediasına sızıb.
Hələ Cenevrə görüşü zamanı bəlli olmuşdu ki, rəsmi Afina Kiprdəki türk hərbçilərinin adanı tərk etməsi, qarant ölkələr məsələsinə yenidən baxılmasını təklif edib.