7 İyul 2017 21:30
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın törətdiyi vandalizm aktının beynəlxalq səviyyədə pislənməsi xüsusi önəm daşıyır.

Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bunu Azərbaycanın Əddis-Əbəbədəki səfirliyində Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın mülki əhalisinin, o cümlədən iki yaşlı Zəhranın qətlə yetirilməsi ilə bağlı bu ölkənin jurnalistləri ilə keçirilən görüşdə Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev deyib.

E.Abdullayev “Daily Nation”, “African Press Agency” və “Walta” İnformasiya Agentliklərini təmsil edən jurnalistlərə iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən atəşə tutulması barədə söz açaraq, bu vandalizm aktının nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürüldüyünü qeyd edib.

Diplomat həmçinin, digər mülki şəxsin ağır yaralandığını və mülki obyektlərə ciddi ziyan vurulduğunu jurnalistlərin diqqətinə çatdırıb.

Səfir E.Abdullayev cinayətkar hərbi diktatura rejimi tərəfindən idarə olunan Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə qarşı hörmətsizlik nümayiş etdirərək, Azərbaycanın 20% torpaqlarının hələ də işğal altında saxladığını, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini yerinə yetirmədiyini və 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün öz tarixi torpaqlarına qayıda bilmədiklərini vurğulayıb.

Efiopiya və digər Afrika ölkələrinin ictimaiyyətlərinə müraciət edən səfir E.Abdullayev, Ermənistan tərəfindən törədilmiş bu vandalizm aktının beynəlxalq səviyyədə pislənməsinin xüsusi önəm daşıdığını, artıq bir neçə ölkənin və beynəlxalq təşkilatının Ermənistanı bu qeyri-insani addımına görə ittiham etdiyini qeyd edib.

Səfir Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğunun münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbi olduğunu jurnalistlərin nəzərinə çatdıraraq, bu amilin münaqişənin həllinə başlıca maneə olduğunu vurğulayıb.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.


Müəllif: Teleqraf.com