- Fərda müəllim, son müsahibənizdə qeyd etmişdiniz ki, əgər beynəlxalq güclər maraq toqquşmalarını uzlaşdıra bilsə, Yaxın Şərq regionunda sabitlik bərpa oluna bilər. Hazırda Rusiya və ABŞ Suriyanın şimalında atəşkəs rejiminin tətbiqinə dair razılıq əldə edib. Sizcə, bu, regiona müəyyən qədər əmin-amanlıq gətirə bilərmi?
- Biz görürük ki, İŞİD-in nüfuz dairəsi tədricən daralır. Bu yaxınlarda Mosul şəhəri İraq qüvvələri və anti-İŞİD koalisiyası tərəfindən azad edildi. İndi söhbət şübhəsiz ki, Suriya probleminin həll yollarını axtarmaq və razılığa gəlməkdən gedir. Bu prosesin son nəticəsi haqda razılaşmanın əldə olunmasına əmin deyiləm. Düşündüyüm qədər bu, baş verməyib. Ancaq hesab edirəm ki, ilkin kompromislərin olması və ABŞ-da Prezident Trampa qarşı hücumların artması bir-birilə bağlı məsələlərdir. Bildiyiniz kimi Amerikada Bəşər Əsədə qarşı sərt mövqe tutanlar çoxdur. Əslində Trampa qarşı hücumların bir qismi də Suriyada avtoritar hakimiyyətin dəyişməsi məqsədi güdür. Odur ki, indi Suriya ilə bağlı müəyyən naİliyyətlərin əldə edilməsi və Trampa təzyiqlərin artması arasında birbaşa bağlılıq var.
- Hamburqda Tramp və Putin görüşdü. Sizin görüşlə bağlı təəssüratlarınız nədən ibarətdir?
- Mənim ümumi təəssüratım var. Bəzən biz rəhbərləri və onların siyasət aparmaq bacarığını sanki insani xüsusiyyətlərdən təcrid edilən formada dərk etmək istəyirik. Əslində Tramp üçün prezidentlik vəzifəsi yenidir. Adətən biznesdə şəxsi faktora, yəni insan faktoruna hər zaman diqqət yetirilir. Trampın məqsədi ondan ibarətdir ki, doğurdan da şəxsi münasibətlərdə özünü rahat və ya narahat hiss etməsi haqda təəssüratı olsun. Tramp görüşdən sonra dolayısı yolla Putinlə söhbət aparmaqda rahatçılıq hissinin olduğunu ifadə etdi. O cümlədən Putin də emosional və müsbət mənada görüşdən razı qaldı. Bu yəqin ki, problemlərin həlli üçün yaxşı zəmin yaradır. Amma yaxşı zəmin deyəndə onu nəzərdə tutmalıyıq ki, kompromisə yönələn iradə, mümkündür ki, bu görüşdən sonra güclənsin. Lakin bu kompromislərin yaxşı və ya pis olacağı həm də başqa tərəflərin buna münasibətindən asılıdır.
- Tramp-Putin görüşündən sonra Amerikada prezidentə qarşı ciddi etirazlar, hücumlar başladı, oğlunun rusiyalı vəkillə məxfi görüşünə dair kompromat ortaya çıxdı və s. Bunu nə ilə izah etmək olar?
- Bunlar təbidir. Trampın rasional, müəyyən qədər ideoloji və mənəvi dəyərlər sisteminə söykənməyən, xüsusi olaraq ölkə maraqlarına, gözlənilməz kompromislərə hazır olmaq siyasəti var. Bu siyasətə təsir göstərmək, bu siyasətin mümkün nəticələrini aradan qaldırmaq üçün təzyiqlərin göstərilməsi təbiidir. Trampın siyasətinə daima təzyiq göstəriləcək ki, qarşı tərəfin maraqlarını artan dərəcədə nəzərə alsın. Deməzdim ki, impiçment olacaq. Sadəcə olaraq impiçment hədələri, bu haqda xəbərlər və niyyətlərin olmasını Trampa sızdıracaqlar. Bu da bir təsir vasitəsidir.
- Ötən gün ABŞ Konqresinin iki demokrat üzvü Bred Şerman və El Qrin Prezident Trampın impiçmentinə çağırıblar və bu məqsədlə Şermanın bəyanatı yayılıb. İmpiçment real deyilmi?
- Əgər Rusiya-Amerika yaxınlaşması əvvəlki ABŞ siyasətinin əsaslarına tam zidd olarsa, bu, nəzəri cəhətdən mümkündür. Ancaq bildiyiniz kimi impiçment uzun bir prosesdir, bunun baş verib-verməyəcəyini deyə bilmərəm. Lakin impiçment mümkündür. Tramp hər zaman öz siyasətini və nəzərdə tutduğu məqsədləri başqaları üçün gözlənilməz bir vəziyyətdə saxlamağın tərəfdarıdır. Bu əslində müəyyən mənada məhsuldar prosesdir. Bütün diqqət onun şəxsiyyətinə, siyasətinə, nə deməsinə yönəlir. Onun qərarları da başqaları üçün gözlənilməz olur. Bu mənada hər şey gözləmək olar. Lakin görünən odur ki, nəyin necə olduğunu Tramp özü həll edəcək.
- Müsahibəyə Mosul şəhərinin İŞİD-dən azad edilməsi ilə başladınız. Mosul türkmən şəhəri olmaqla yanaşı İraqın ikinci ən böyük şəhəridir. Sirr deyil ki, kürdlər də bu şəhərə iddia edirlər. Şimali İraq Kür Muxtariyyəti də sentyabr ayında müstəqillik haqqında referendum keçirəcəyini elan edib. İraq daxilində və İraq ətrafında müşahidə edilən proseslər hansı nəticə ilə yekunlaşa bilər?
- Mən Şimali İraq Kürd Muxtariyyətinin referendum keçirməsini çox real hesab edirəm. Hazırda muxtariyyət rəhbərliyində bu məsələyə dair tam qətiyyət var. Bu qətiyyət artıq referendumun təyin olunmasında gerçəkləşib.
İkincisi, indiyə qədər Kürdüstan rəhbərliyi xarici mediaya verdiyi müsahibələrdə qətiyyət nümayiş etdirib, deyiblər ki, məqsədləri tam müstəqillik qazanmaqdır. Yəni İraqın parçalanmasıdır. Onlar İraq mərkəzi hökuməti ilə danışıqlar aparmaq niyyətindədir. Bu danışıqların aparılması üçün getdikcə öz mövqelərini gücləndirəcəklər. Referendum da buna əlavə təkan verəcək. Referendumun hansı nəticə verəcəyi haqda bir söz demək istəməzdim. Mən çox narahatam, orada əslində referendumun aparılması düzgün qaydada təşkil edilməyəcək. Bəhs etdiyimiz regionda bəzən zor işlətməklə qeyri-demokratik dəyişikliklər baş verir. Beynəlxalq mediada bunu qeyd edir. Bir müddət əvvəl mən xarici mediada Şimali İraq Kürd Muxtariyyətinin baş naziri müavininin müsahibəsini oxudum. Orada həmin şəxs etiraf etdi ki, indi mümkün qədər siyasi təsir zonasını genişləndirməklə orada mövcud olan demoqrafik vəziyyəti də dəyişir və bir növ Kürdüstan dövlətinin müstəqilliyinin legitimliyini təmin etmək məqsədilə hazırlıq işləri aparırlar. İndi məlum oldu ki, bu referendumdur.
Üçüncüsü, heç şübhəsiz ki, buna müqavimət göstərən qüvvələr də olacaq. Bildiyiniz kimi Prezident Ərdoğan bu referendumun mümkünsüzlüyü haqda mövqe bildirdi. Deməli, artıq dilə gətirilməsə də, referendumun özünün qanunauyğun şəkildə aparılmasına şübhələr var. Bunların hamısı İraq hökuməti ilə danışıqlara təsir göstərmək məqsədi güdür.
- Bəllidir ki, Suriyada, Türkiyədə və İranda çoxlu sayda kürdlər yaşayır. Əgər Şimali İraqda Kürdüstan dövləti yaranacaqsa, bunun ətraf ölkələrə təsiri hansı formada olacaq?
- Mən demədim ki, müstəqil Kürdüstan dövlətinin yaranması mümkündür. Qeyd etdim ki, Şimali İraq Kürd Muxtariyyətinin rəhbərliyində tam qətiyyət var və onlar bu məqsədi qarşıya qoyublar. Fikrimcə, biz buna maneə olan məqamları da nəzərə almalıyıq. Bu amillərdən biri ondan ibarətdir ki, kürdlərin arasında hamının eyni dərəcədə həmrəy olub-olmaması məsələsi var. Bilirik ki, Tələbani ilə Bərzani rəhbər nəsillərdir və aralarında fikir ayrılıqları, rəqabət var. Hələlik onlar öz münasibətlərini bir-birilə razılaşdırır. Məsələn, Tələbani ailəsinin nümayəndəsi muxtariyyət hakimiyyətinin rəhbər strukturlarında təmsil olunub. Ancaq rəhbər strukturlarda çoxları Bərzaniyə yaxın şəxslərdir. Bütün bunlar göstərir ki, daxildə narahatlıq var. Üstəlik bəllidir ki, İraq hökuməti də bundan narahatdır. Amma İraq hökumətinin özünün də bu məsələdə təqsiri çoxdur. İraqın ayrı-seçkilik siyasəti aparması indiki şəraiti yaratdı. Nəticədə bir tərəfdə İŞİD peyda oldu, digər tərəfdən kürdlər gücləndi. Bunların hamısı İraq hökumətinin özünün səhvləridir. İraq hökuməti alternativ siyasət aparmaqla ölkənin bütövlüyünü qorumaq üçün iradə ortaya qoyardısa, bu da kürd muxtariyyətinin müstəqillik haqda düşünməsinin qarşısını alardı. İraqın bütövlüyünü saxlamaq variantı başqa güclü oyunçuları inandırmış olsa, bu zaman Kürdüstanın müstəqilliyi müəmmalı vəziyyətə gələcək.
Bir başqa fikir var ki, türklər Kürdüstanda dövlətin yaranmasına müəyyən qədər müsbət baxır. Bu yəqin ona görədir ki, Kürdüstan hökuməti haradasa bütün kürdlərin possionarlığını özünə çəkib kürdlərin yaşadığı başqa ərazilərdə gərginliyi azaltmaq potensialına malik ola bilər. Yəni çətin ki, Kürdüstan müstəqil dövləti yarandıqdan sonra aqressiv siyasət tutub bütövlükdə böyük Kürdüstanı birləşdirmək kimi məqsədlə çıxış etsin. Əksinə, yeni dövlət öz legitimliyini, başqa ölkələrlə siyasət aparmaq bacarığını isbat etməlidir. Belə olan halda dil tapmaq mümkün olardı. Mən onu düşünürəm ki, bəlkə də Kürdüstanın müstəqil dövlət olması daha çox Türkiyənin siyasətinə yaxındır, nəinki başqa oyunçuların. Çünki mümkündür ki, bu zaman daha çox kompromislər Türkiyə ilə olsun. Axı biz bilirik ki, tarixən İraqa verilən ərazi İraqa məxsus olmamalı idi, bu ərazilərin Türkiyədə qalması imkanı çox idi və uzun müddət Türkiyə bu halı ərazi problemi kimi düşünürdü. Mən bunu deyərkən Mosulu nəzərdə tuturam. Odur ki, mən deyərdim ki, bu çox çətin və üzdə olan bir proses olmayacaq.
- İŞİD-dən azad edilən qədim türkmən şəhəri, neft ehtiyatı ilə zəngin Mosulun gələcək taleyi necə olacaq, şəhər İraq hökumətinin, yoxsa Ərbilin idarəçiliyində olacaq?
- Kürdlərin təsir zonasına Mosulu da daxil edirlər. Yəni kürdlərin belə fikri var. Hansısa çərçivədə kürd dövlətinin yaranmasına dair kompromis olsa, mən ehtimal etmirəm ki, Mosul burada yer tutsun. Bu çox çətin mümkün olan işdir.
- Bir çox ekspertlər hesab edir ki, Yaxın Şərqdə ərəb baharı ilə başlayan və sonda terror, vətəndaş müharibəsinə çevrilən proses başa çatmaq üzrədir, bu dövr ümumiyyətlə qlobal terror məsələsinin həlli son mərhələsini yaşayır. Siz, bu haqda nə düşünürsünüz?
- Mən bu fikirlə həmrəyəm. Artıq bəlli ölkələrdə demokratikləşmə, islahatların aparılması deyil, terrorla mübarizə gündəmdədir. Misirdəki hadisələr də onu göstərdi. Dövlət strukturlarının seçki texnologiyasına söykənməsi, cəmiyyətin dövlət idarəçiliyində iştirakçılığının artması kimi məqsədlər ərəb baharı zamanı səslənmişdi. İndi bunların neçənci dərəcəli məsələyə çevrildiyini bilmirəm. Doğurdan da indi gündəmdə insanların təhlükəsizliyi, onların əsas həyat vasitələri ilə təmin edilməsi problemi durur. Təəssüf ki, vəziyyət bundan ibarətdir.