17 İyul 2017 18:57
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq neçənci dəfədir ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimdə saxta, qondarma seçkilər keçirilir.

Bunu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin iyulun 19-da qondarma prezident seçkisi keçirməsini Teleqraf.com-a şərh edən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

O, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində indiyədək 2013-cü il iyulun 19-da qondarma prezident seçkiləri, 2015-ci il mayın 3-də qondarma parlament seçkiləri, 2015-ci il sentyabrın 13-də qondarma özünüidarəetmə orqanlarına seçkilər və nəhayət 2017-ci il fevralın 23-də “konstitusiya”ya dəyişikliklər edilməsi ilə bağlı qondarma referendum keçirildiyini bildirib: “Nəhayət, 2 gün sonra keçiriləcək qondarma prezident seçkiləri Azərbaycan Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Çünki Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın nəzarətində olan qanunsuz rejim həmin bölgədə azərbaycanlı əhalinin etnik təmizləməsi əsasında yaradılmış cinayətkar qurumdur. Yəni, bu qurum heç bir dövlət tərəfindən tanınmayıb, bu qurum orda cinayətkar rejimin əlində bir alətdir. Doğrudur, Ermənistan danışıqlarda Dağlıq Qarabağın müstəqil tərəf kimi tanınmasına çalışır, onun həm Azərbaycan, həm də dünya tərəfindən tanınması üçün ciddi cəhdlər göstərir, amma Dağlıq Qarabağ adlı qurum mifdir. Bunu dövlət başçısı, cənab Prezident dəfələrlə öz çıxışında bildirib. Ötən ilin “aprel döyüşləri”ndə də sübut olundu ki, Dağlıq Qarabağın özü, yaxud onun ordusu haqqında deyilən sözlər mifdir. Yəni, Dağlıq Qarabağın özündə azərbaycanlılar etnik təmizləməyə məruz qalıblar, bu ərazidə bir nəfər də olsun azərbaycanlı yoxdur. Orda cinayətkar rejim, onların ailə üzvləri, Ermənistan tərəfindən ora göndərilmiş ordu, onların ailələri və Suriyadan, digər ölkələrdən ora köçürülmüş ermənilər yaşayırlar. 1993-cü ilədək orada yaşamış ermənilər hazırda orada çox cüzidir, azlıq təşkil edirlər. ATƏT-in hər iki faktaraşdırıcı missiyasının hesabatında da var idi ki, Suriyadan və digər ölkələrdən ora 23 min erməni köçürülüb. O ərazilərdən etnik təmizləmə nəticəsində məcburən köçkün düşmüş azərbaycanlıların isə hal-hazırda sayı 90 minə yaxındır. Bu baxımdan orda keçirilən hər hansı seçki qeyri-qanunidir, heç bir dövlət tərəfindən heç vaxt tanınmayıb. Onlar bu seçkini keçirib digər ölkələr tərəfindən tanınmadığını gördükdə bu, artıq tamamilə sübut edir ki, o rejim cinayətkar bir rejimdir. Bunu hər dəfə cənab Prezident də qeyd edir”.

E.Əhmədov məsələnin digər tərəfinə də toxunub: “Bu məsələ ilə bağlı vasitəçilik missiyasını ATƏT-in Minsk qrupunun həmsədrləri öz üzərinə götürüblər. Böyük dövlətlər bu səbəbdən Ermənistana təzyiq etmək istəmirlər. Təzyiq etmədikcə işğal altındakı rejim Ermənistanın nəzarəti altında olur. Bu baxımdan Ermənistanın ərazi ələ keçirmək məqsədilə başladığı təcavüzdən, məsuliyyətdən qaçmağa can atır, Dağlıq Qarabağ ermənilərinin bu münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana və dünyaya qəbul etdirməyə çalışır. Bu cür seçkilərin keçirilməsinin əsas mahiyyəti də məhz bundan ibarətdir. Ona görə də bu “seçkilər”in dünya ölkələri, hər hansı beynəlxalq təşkilat tərəfindən tanınması prosesi heç vaxt olmayıb və olmayacaq. Cənab Prezident hər zaman qeyd edir ki, bu ərazi işğal altındadır, Dağlıq Qarabağdan məcburi köçkün düşmüş azərbaycanlılar o torpağa qayıtmalıdırlar. Bundan sonra orda azərbaycanlıların iştirakı ilə hansısa seçki, referendum keçirilə bilər. Çünki ora qayıdacaq azərbaycanlıların sayı yenə də təkrar edirəm, 90 minə yaxındır”.

Müsahibimiz qeyd edib ki, bu baxımdan Azərbaycan xalqı və dövləti bu işğalla, etnik təmizləmə siyasəti heç vaxt barışmayacaq və torpaqlarımızı azad etmək üçün də bizim əlimizdə əsas var: “O əsas BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsidir və bu qətnamələr bizim əlimizdə beynəlxalq hüquqa əsaslanan beynəlxalq hüquqi sənədlərdir. Münaqişə bu sənədlərə əsasən həll olunmalıdır. Ermənistan silahlı qüvvələri həmin sənədlərdə göstərildiyi kimi qeyd-şərtsiz bu ərazilərdən çıxmalıdır və azərbaycanlılar Dağlıq Qarabağın özünə, xüsusilə də Şuşaya qayıtmalıdır. Bundan sonra orda hansısa seçki keçirilə bilər. Bu, Azərbaycan dövlətinin daxili işidir. Cənab Prezident hər zaman vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıb və olmayacaq. Dağlıq Qarabağa da heç bir vaxt müstəqillik verilməyəcək. Cənab Prezidentin sözləri ilə qeyd edirəm ki, əgər kimsə bunu gözləyirsə bu andan sonra gözləməsin. Bu, heç vaxt olmayacaq”.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər