Bunu ABŞ dövlət katibi Reks Tllersonun ilin sonunadək istefa verə biləcəyinə dair CNN telekanalının yaydığı məlumata dair fikirlərini Teleqraf.com-la bölüşən politoloq Zərdüşt Əlizadə bildirib.
Sözügedən məlumatda bildirilir ki, ABŞ xarici siyasət idarəsinin rəhbəri ilə Ağ Ev arasında ciddi fikir ayrılığı mövcuddur, o cümlədən kadr siyasəti və İranla münasibətlərlə bağlı. Telekanalın digər iki mənbəsi isə Tillersonun ilin sonunadək deyil, hətta daha tez istefa verəcəyini istisna etməyib.
Z.Əlizadə də bu barədə internetdə oxuduğunu bildirib: “Sözün düzü, bunu nə təsdiq, nə də təkzib edə bilərəm. Amma Amerikadakı ümumi vəziyyəti izlədiyim üçün bu qənaətə gəlirəm ki, seçilmiş prezidentlə oturuşmuş hakim zümrə arasında uçurum dərinləşir. Hakim zümrə artıq prezidenti kənarlaşdırmaq qərarına gəlib və bu niyyətini addım-addım, inadla həyata keçirir. Təcrübəli biznesmen və dünya görmüş insan olan Tillerson da batan gəminin sərnişini olmaq istəmir. Tillerdon biznesmen kimi Trampdan da varlıdır. Onun 11 il rəhbərlik etdiyi “ExxonMobil” şirkəti ilə müqayisədə Tramp dilənçidir. Tillerson dünyanın ən qüdrətli neft şirkətinin rəhbəridir. Amma dövlət nərdivanında təbii ki, Tramp hamıdan yüksəkdə dayanır. Tillerson Trampın dövlət katibi olmaq təklifini minnətdarlıqla qəbul etdi. Bu, yeni üfüqlər açırdı, yeni həyat təcrübəsi verirdi və sair. Amma gəlib işləyəndə, gördü ki, Tramp müdrik insan deyil. Buna heç bir şübhə yoxdur. Trampın komandası da mövcud deyil. Buna da heç bir şübhə yoxdur. Tramp hansısa uzaqgörənliyə də malik deyil. Tramp hərəkətləri ilə özünü elə bir vəziyyətə salıb ki, artıq onu yeyirlər. Məsələn, bəzən “Discovery” kanalında şirlərin camışı bataqlığa saldıqları göstərilir. Camış bataqlıqda dayanır, hərəkət edə bilmir və şirlər onu yeyir. Camış hələ sağdır, başı, gözü, digər hissələri yerindədir. Amma artıq arxadan onun müəyyən hissələrini yeyirlər. Tramp da hazırda həmin vəziyyətdədir”.
Z.Əlizadə qeyd edib ki, bəsit təsəvvürlərə görə, Tramp dünyanın ən qüdrətli insanıdır, fövqəldövlətin rəhbəridir: “Amma artıq siyasi rəqibləri onu bataqlığa salıblar, hərəkət etməyə qoymurlar və “yeməyə” başlayıblar. Tillerson da onun bədəninin bir hissəsidir, komandasının üzvüdür. Görünür, özünü xilas etmək, hörmətini saxlamaq üçün həmin batan gəminin komandasında olmaq istəmir. Bu, əlbəttə, mənə belə gəlir. Ola bilsin ki, mən yanılıram. Bəlkə də Trampı impiçment etmədilər. Ola bilsin Tillerson azı 4 il dövlət katibi olacaq. Hər halda mən Trampın xarici siyasətində hansısa bir məntiqi ardıcıllıq görmürəm. Bir tərəfdən deyir ki, biz başqa hökumətləri zorakı yollarla devirməyəcəyik, digər tərəfdən, Suriyanı bombalayır. Gah deyir ki, biz Rusiya ilə münasibətləri yaxşılaşdıracağıq, digər tərəfdən onun Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün heç bir imkanı yoxdur. Xarici siyasətdə onun qabağına böyük sədlər çəkiblər. Konqres bu sədləri aşmağa imkan vermir. Bir tərəfdən də deyir ki, mən Amerika iqtisadiyyatını inkişaf etdirəcəm. Amma Amerika iqtisadiyyatını inkişaf etdirmək üçün o, gərək dünya kapitalist sisteminin təməl prinsiplərini dəyişsin. Yəni, dünya kapitalizmində əsas meyar yüksək gəlir meyarıdır. Əgər hansısa şirkətlər işçi qüvvəsi ucuz olan ölkələrə gedib daha çox gəlir əldə edə bilərlərsə, Amerikada fabrik-zavod açmaq onların nəyinə lazımdır?! Yüz Tramp olsa da, onlar yüksək gəlir naminə Çində, Koreyada, Rusiyada, Afrikada, Latın Amerikasında öz müəssisələrini qurub daha yüksək gəlir əldə edəcəklər. Tramp özü biznesmen olaraq yüksək gəlir əldə etmək naminə uzun illər ABŞ büdcəsinə bir qəpik vergi ödəməyib. Vergi qanunvericiliyində olan müxtəlif dəlmə-deşiklərə soxulub və öz pullarını Amerika büdcəsindən yayındırıb. Belə bir təfəkkür və davranışın sahibi o biri varlılara necə deyə bilər ki, yüksək gəlir götürmək imkanından imtina edin, gəlin Amerika sənayesini, Amerika iqtisadiyyatını inkişaf etdirin. Yəni, burda dərin bir ziddiyyət var”.
Müsahibimiz qeyd edib ki, görünür, Amerika sistemi, xüsusilə dünya maliyyə sistemi ilə çulğalaşmış, onun dalınca sürünən Amerika hakim zümrəsi Tramp kimi bir adamı qəbul etmir: “O da öz seçicilərini təşkilatlandırıb mövcud siyasi sistemdə qətiyyən hansısa yenilik etməyə qadir deyil. Bu baxımdan Tillerson batan gəmiyə yan almış motorlu qayığa oturub limana qayıtmaq istəyir. Ola bilsin, bizneslə, yaxud başqa bir işlə məşğul olsun. Yəni, onlar üçün “nə etməli” sualı mövcud deyil. Onlar çox zəngin insanlardır”.