Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Xankəndidən seçilmiş deputatı Flora Qasımova deyib.
O bildirib ki, münaqişənin tənzimlənməsində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri də zaman-zaman Ermənistanın bu cür manipulyasiyalardan istifadə etməsini dilə gətiriblər: “Təbii ki, Azərbaycan tərəfi hər zaman münaqişənin həlli prosesində sülh yoluna üstünlük verdiyini qeyd edir. Ölkəmizin qətiyyətli, dəyişməz və birmənalı, ərazi bütövlüyümüzün bərpasına əsaslanan mövqeyi hər zaman Ermənistan hakimiyyətini bu cür təxribat xarakterli qeyri-konstruktiv oyunlardan əl çəkməyə məcbur edir. Ötən ilin aprelində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərinin intensiv atəşə tutulması ilə başlanan təxribatlar zamanı da Ermənistanın siyasi rəhbərliyi danışıqlar prosesinin bərpası ilə bağlı sərsəm şərtlər irəli sürmüş, bu şərtlərin qəbulundan sonra danışıqlar masasına qayıdacağını bildirmişdi. Lakin Azərbaycan dövlətinin qətiyyətli və dəyişilməz mövqeyi erməniləri yenidən danışıqlar masasına qayıtmağa məcbur etdi. Erməni tərəfini sülhə məcbur etmək üçün bütün beynəlxalq birlik fəal olmalıdır”.