31 İyul 2017 16:57
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, məsuliyyət hissindən məhrum bəzi mətbuat orqanlarının təmsilçiləri vaxtaşırı yalan və böhtan xarakterli məlumatları yaymağı özlərinə peşə hesab edirlər.

Azərtac xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələlər üzrə köməkçisi Novruz Məmmədov İsrailin “Haaretz” qəzetinin Azərbaycanla bağlı yalan və böhtandan ibarət dərc etdiyi növbəti yazısına münasibət bildirərkən deyib.

“İndiyə qədər İsrailin “Haaretz” qəzetində dəfələrlə Azərbaycan dövləti, onun xarici və daxili siyasəti ilə bağlı bəzi yalan məlumatlar dərc olunub. Lakin növbəti yalan və böhtan birbaşa Prezidentin ailəsinə qarşı yönəldiyindən ona münasibət bildirməyə ehtiyac var.

Belə ki, iyul ayının 30-da İsrailin “Haaretz” qəzetində Prezidentin ailəsi barədə bütövlükdə yalan məlumat, kiçik olsa da məkrli yazı dərc olunmuşdur. Əsas narahatlıq doğuran məqam isə bu məlumatda İsrailin Turizm naziri Yarev Levinə istinad edilməsidir.

Yazıda göstərilir ki, guya son bir neçə ay ərzində Prezidentin ailəsi İsraildə əmlak almaqla, bu ölkəyə vəsait qoymaqla məşğul olub. Eyni zamanda, guya Prezidentin kiçik oğlu (fikir verin) bu aylarda İsraildə olub. Amma həqiqət budur ki, Prezidentin oğlu yalnız göstərilən aylarda yox, ümumiyyətlə İsrailə səfər etməyib”.

Məmmədov bildirib ki, bu informasiyalar yalan və böhtandan başqa bir şey deyil və onların reallıqla heç bir əlaqəsi yoxdur:

“İsrail mətbuatında belə yazıların dərci təəssüf doğurur və eyni zamanda, ölkələrimiz arasındakı münasibətlərin ruhuna da ziddir.

“Haaretz” qəzetinin jurnalisti məkrli niyyətini həyata keçirmək üçün İsrailin Turizm naziri Yarev Levinə istinad edir. Hesab edirəm ki, yalan və böhtan məlumatla bağlı İsrail səfirliyi özünün və nazir Yarev Levinin mövqeyini bildirməlidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər