31 İyul 2017 21:47
1 891
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ vitse-prezidenti Mayk Pence Estoniyaya səfər edib. Estoniya səfərindən sonra Gürcüstana gələn vitse-prezident Tiflisdə müzakirələr aparıb. Avqustun 12-də Gürcüstanda start götürən NATO hərbi təlimlərində ABŞ hərbi texnikası da yaxından iştirak edəcək.

Tiflis səfərindən sonra Pence Montoneqroya yollanacaq.

Estoniya, Monteneqro və Gürcüstan son zamanlar Rusiyadan açıq narazılıq ifadə etməyə başlayıb. ABŞ-ın vitse prezidentinin bu üç ölkəyə səfəri də, bu baxımdan siyasi analitiklər tərəfindən maraqla izlənilir.

Mayk Pencenin qeyd olunan ölkələrə səfərini şərh edən siyasi şərhçi Fikrət Sadıxov Teleqraf.com-a bildirib ki, xatırladıb ki, prezident Obama zamanı vitse prezident Cozef Bayden dəfələrlə Ukraynaya səfər etmişdi: “Bu səfərlər hansı nəticə verdi? Heç bir nəticə vermədi! İndi ABŞ vitse-prezidentin səfər etdiyi ölkələri himayə etmək qərarını verib. Xüsusilə qeyd edim ki, Estoniya Balit respublikasıdır, NATO və Avropa Birliyinin üzvüdür. Gürcüstan Rusiya ilə münasibətləri pozub, Moskva-Tiflis arasında faktiki diplomatik münasibətlər yoxdur. Təbii ki, ABŞ bu ölkələri himayəsi altına götürür, göstərmək istəyir ki, bu ölkələri müdafiə edəcək, onların yanında olacaq. Amma iş ondadır ki, Baltik regionu istisna olmaqla digər postsovet ölkələri Rusiyanın marağı çərçivəsindədir. Rusiyanın postsovet məkanına təsiri kifayət qədər güclüdür. Digər tərəfdən, Estoniya qərbyönümlü dövlətdir. Montoneqro Balkan regionu ölkəsi olaraq qərb istiqamətindədir və ABŞ-a yaxın dövlətdir. Estoniya və Montoneqro gələcək geosiyasi məqsədlərə uyğun tələb deyil. Nəzərə alın ki, bunların hər biri Rusiyaya qarşı dövlətdir. Sözsüz ki, NATO və Avropa Birliyi üzvləri ABŞ-a yaxın olacaq. Ancaq Gürcüstan və ya Ukraynada mübahisəli məsələlər çoxdur, üstəlik bu ölkələrə Rusiyanın təsir imkanları genişdir. Faktiki ABŞ-Rusiya qarşıdurması gedir və son zamanlar daha da güclənib. Reallıq bundan ibarətdir”.

Politoloq qeyd edib ki, bir müddət əvvəl Rusiya baş nazirinin müavini Roqozin Moldovaya getmək niyyətində olub, lakin Ukrayna hava sahəsini bağladı: "Rumıniya da Roqozinə hava məkanı vermədi. Beləcə Roqozin Moldovaya daxil olmadan geri qayıtmalı oldu. Mən ABŞ vitse-prezidentinin səfəri ilə Roqozinin səfəri arasında birbaşa əlaqənin olduğunu iddia etmirəm. Amma hər iki hadisə ABŞ və Rusiya arasında müşahidə edilən geosiyasi qarşıdurmasının təzahürüdür. Moldovada faktiki ikihakimiyyətlik var. Prezident kurs götürüb, parlament də prezidentə qarşı çıxış edir. Rumıniya isə Moldova parlamentini dəstəkləyir. Bu öz-özlüyündə mürəkkəb vəziyyətin yaranmasıdır. Roqozin ölkəyə buraxılmadı. Moldova Qərbə üz tutub. Narahatdırlar ki, Roqozin Rumıniyadan keçərək Dnestryani bölgədəki separatçılara baş çəkəcək və s. İndi görürsünüz ki, ABŞ Konqresində sanksiyalar gündəmə gəlib, bunun nəticələri olacaq. Rusiya da çalışacaq ki, buna cavab versin. Əlbəttə ki, bu, Rusiyaya qarşı yönələn addımlardır və müsbət nəticəsi olmayacaq. Hesab edirəm ki, geosiyasi qarşıdurma güclənəcək. Və yaxın zamanlarda onun səngiyəcəyi gözlənilmir”.

Fikrət Sadıxov deyib ki, Qərblə Rusiya arasında geosiyasi qarşıdurma güclənsə də, tərəflər arasında birbaşa hərbi münaqişənin olacağı gözlənilmir: “Düşünmürəm ki, ABŞ və Rusiya arasında hərbi qarşıdurma olsun. Hər iki dövlət nüvə silahına malikdir. Amma qarşıdurma davam edəcək, sanksiyalar tətbiq ediləcək, Rusiyanı bir sıra layihələrdən təcrid edəcəklər. Digər reallıq odur ki, bu iki dövlət terrorçuluğa qarşı mübarizə aparmalıdır. Terrorçuluq ümumi təhlükədir. Bu məsələdə vahid proqram, dialoq olmalıdır. Hər halda bu iki dövlətin İŞİD-ə qarşı birgə fəaliyyəti müsbətdir. Artıq İŞİD kifayət qədər zəiflədilib. Bu proses davam etdirilməlidir”.


Müəllif: Cavad