Publika.az bildirir ki, hələ 2015-ci ildə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. İsveçrənin nəzarət idarəsi Gülnarə Kərimovaya məxsus 840 milyon dollar məbləğində aktivlərin həbsi barədə bəyanat yayıb. Bir vaxtlar böyük siyasi ambisiyaları olan Kərimovanın niyə cinayət təqibinə məruz qalması haqda araşdırmanı oxuculara təqdim edirik.
Uğurlu portret
Uzun müddət Gülnarə Kərimova media üçün xəbər özəyi idi. Moda nümayişlərinə gedir, müsahibələr verir, xeyriyyəçiliklə məşğul olur və onu uğurlu pop-müğənni kimi qələmə verirdilər. Yerli mətbuatın yaratdığı obraz müşahidəçilərin fikirləri ilə nə qədər üst-üstə düşür, bunu amerikalı diplomatların Kərimova haqda tərtib etdiyi psixoloji portretdə sezmək olar. 2000-ci illərdə Vaşinqton Kərimovanı "ölkədə ən çox nifrət edilən adam" kimi qələmə vermişdi. Dövlət Departamenti əməkdaşlarının fikrincə, nə xalq, nə də daha vacib nəsnə - siyasi elita Gülnarəni prezidentin varisi olaraq dəstəkləyirdi. Üstəlik, diplomatlar bildirirdilər ki, ənənəvi özbək cəmiyyəti onu millətin lideri və atasının davamçısı kimi qəti qəbul etməyəcək. Haqlı çıxdılar, 2013-ci ildə Wikileaks ABŞ diplomatik idarəsinin yazışmalarını dərc edəndə məlum oldu ki, Kərimova yerli mətbuatın şişirtdiyi kimi müsbət personaj deyil.
Lakin poçt məlumatlarının yayılmasına hələ çox vardı və 2010-cu illərin əvvəlində bəzi KİV-lər Gülnarəni həvəslə Kərimovun varisi adlandırırdılar.
“Özünüzü respublikanın prezidenti vəzifəsində görürsünüzmü?” sualına, Gülnarə cavab vermişdi ki, bəli, özünü iddialı adam hesab edir: "Hər bir iddialı şəxs özünü potensial dövlət başçısı kimi görə bilər, əgər bunun üçün ağıl da kifayət edirsə, o zaman niyə də yox? ", - deyə o aydınlaşdırmışdı. Bu ifadələrdən sonra təbii ki, cəmiyyətdə fikir formalaşdı ki, prezidentin böyük qızı atasının varisi kimi çıxış etməyin əleyhinə deyil.
Populyarlığın pik dönəmi
Gülnarənin karyerası öz növbəsində çox uğurlu alınırdı. Özbəkistan prezidentinin böyük qızı respublika XİN-də işləyirdi: 1995-ci ildən səfirin müşaviri, 2003-2005-ci illərdə Moskvadakı səfirliyin müşavir-elçisi, 2008-ci ildən BMT yanında ölkənin daimi nümayəndəsi və mədəni-humanitar sahədə beynəlxalq əməkdaşlıq məsələləri üzrə xarici işlər nazirinin müavini. 2010-cu ildən 2012-ci ilədək isə Kərimova Özbəkistanın Madriddəki səfiri idi.
Dövlət qulluğunda uğurlarla yanaşı Gülnarə Kərimova həm də müğənni idi: 2012-ci ildə ABŞ-da ingilisdilli, club-dance üslubunda, “Ququşa” psevdonimi ilə albom buraxır. Onun əsasını qoyduğu "Özbəkistanın mədəniyyət və incəsənət Forumu" təşkilatının bir neçə ölkədə nümayəndəlikləri var idi. Təşkilat “Art Style Week” moda həftələri təşkil edir, o cümlədən özbək dizaynerlərinin yaradıcılıqlarını xarıcdə təmsil edirdi. 2005-ci ildə Kərimovanın yaratdığı “Guli” brendi geyim, ətriyyat, zərgərlik əşyaları və parfüm istehsal edirdi.
Çox güman ki, 2012-ci ili Özbəkistan prezidentinin böyük qızının media-populyarlığının zirvəsi saymaq olar. Həmin il İsveçrə prokurorluğu Gülnarə Kərimovaya yaxın olan 4 nəfər barəsində araşdırma başlayır. Bundan 1 il sonra isə İsveçrə nəzarət idarəsi çirkli pulların yuyulmasında şübhəli bilinən Gülnarənin özünə qarşı cinayət işi açır. Müstəntiqləri onun özbək telekommunikasiya bazarında qanunsuz fəaliyyəti maraqlandırırdı. Hökumət cinayət işi çərçivəsində Gülnarənin ümumi məbləği 800 milyon İsveçrə frankı (təxminən 560 milyon avro) olan hesablarını dondurur.
Elə 2012-ci ildə Gülnarə Kərimova İspaniyadakı səfir vəzifəsini tərk edir, 2013-ci ilin yayında isə mətbuatda belə məlumatlar yayılır ki, Parisdə və nüfuzlu San-Trope kurort ərazisində ona məxsus villalar həbs olunub.
“Hör mənim hörüklərimi yenidən, atam"
2014-cü ildə, KİV-lər artıq bildirirdilər ki, Gülnarənin biznes-imperiyasının müəssisələrinin mülkiyyətçiləri dəyişilib, bəziləri isə bağlanıb. “Guli”nin geyim və kosmetikaları piştaxtalardan yoxa çıxdı, “Coca-Cola”nın satışında fasilələr yarandı, hansı ki, bu şirkətin də Özbəkistandakı zavoduna prezidentin qızı nəzarət edirdi. Eyni zamanda onun spa-mərkəzlərinin və kinoteatrlarının yeni sahibləri peyda oldu.
Həmin ilin avqust ayında şəbəkədə Gülnarənin bir evin ərazisində mühafizəçilərlə mübahisə etməsi təxmin edilən şəkilləri yayıldı. Şəkilləri dərc edən Britaniyanın piar-şirkəti ictimaiyyəti əmin etdi ki, onlar Gülnarənin dostları və qohumlarının sifarişi ilə fəaliyyət göstərirlər. Maraqlıdır ki, prezidentinin qızının müdafiəsi ilə hüquqşünaslar və jurnalistlər deyil, piar-mütəxəssislər məşğul olurdu.
2016-ci il sentyabrın 2-də Daşkənddə Özbəkistanın birinci prezidentinin ölümü elan edildi. Dərhal Youtube-da atasının xatirəsinə “Ququşa”nın “Yurtbaşı” mahnısı işıq üzü gördü:
"Yanımızda olanda Sizin qədrinizi bilmədim,
Hör mənim hörüklərimi yenidən, atam", - fonda qadın oxuyurdu.
Amma, ertəsi gün, İslam Kərimovun dəfn mərasimində Gülnarə Kərimova işrirak etmədi, onun yalnız kiçik bacısı Lola Kərimova-Tiplyayeva iştirak etdi.
Prokurorluq bəyan edir ki...
Təxminən bir il keçdi, 28 iyul 2017-ci ildə Özbəkistan Baş Prokurorluğu məlumat yaydı ki, Kərimova Gülnarə dələduzluqda, xarici valyutaların gizlədilməsində, cinayətkar fəaliyyətdən əldə edilmiş gəlirlərin leqallaşdırılmasında, saxta sənədlərin hazırlanmasında, gömrük qanunvericiliyinin pozulmasında, ticarət və xidmət göstərilməsi qaydalarının tapdanmasında ittiham edilir. Nəzarət idarəsinin versiyasına görə, 12 xarici ölkənin ərazisində 1 milyard 394.1 milyon dollar, 63.5 milyon avro, 27.1 milyon funt-sterlinq və 18.5 milyon frank məbləğində mütəşəkkil cinayətkar qrup tərəfindən leqallaşmış aktiv hissələr aşkara çıxarılır.
Kərimovanın qrupunun vergidənyayınması üzrə hələ 2013-ci ildə cinayət işi başlamışdı, özünə isə hökm 2015-ci ilin avqustunda çıxarılıb: məhkəmə ona 5 il azadlığın məhdudlaşdırılması cazəsı təyin edib. Həmin gün İsveçrə prokurorluğundan da xəbər gəldi: ölkənin nəzarət idarəsi Gülnarənin təxminən 840 milyon dollar məbləğində aktivlərini həbs etdi.
İncəsənət hamisi, qlamur pop-musiqiçi, uğursuz son
Uzun müddət Gülnarə haqda yayılan rabitəsiz xəbərlərə son qoyuldu. "Birinci prezident İslam Kərimovun təşəbbüsü ilə qaldırılmış cinayət işi, onun bir siyasətçi kimi məsuliyyətli olmasına işarədir. 2014-ci ilin əvvəlindən o, qızını təcrid edib və indiyədək təcrid olunmuş halda qalmaqda davam edir”, - deyə Orta Asiya üzrə mütəxəssis, şərqşünas Aleksandr Knyazev qeyd edib.
Orta Asiya üzrə digər mütəxəssis, Qazaxıstan-Alman universitetinin professoru Rüstəm Burnaşev düşünür ki, Gülnarə ətrafında baş verənlər media hay-küyündən başqa bir şey deyil. Əksinə, hərə bir şey yazdığı üçün Kərimovanın taleyində son hadisələri obyektiv şəkildə qiymətləndirmək çətin olur. "Şayiələr dövlətin birinci şəxslərinin və onların qohumlarının həyatını daim müşayiət edəcək. Əsl faktları isə, bizə hələlik yalnız Özbəkistan hüquq-mühafizə orqanları verirlər və İsveçrədəki həmkarlarının reaksiyasından görünür ki, bu faktlar öz təsdiqini tapır", - deyə o bildirib.
Təbii ki, Gülnarə Kərimovanın siyasi ambisiyaları onun real gücündən uzaq idi. Dövlət Departamentində “Ququşa” ilə bağlı bədbin "diaqnoz"u 10 il əvvəl qoymuşdular - "ölkədə ən çox nifrət edilən adam".
Bir vaxtlar incəsənət hamisi, qlamur pop-musiqiçi, real biznes-ledinin gələcək taleyi xeyli dramatik görünür.