3 Avqust 2017 18:34
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonunda 110/35/10 kV-luq yeni elektrik yarımstansiyasının istifadəyə verilməsi mərasimində iştirak edib.

Teleqraf.com-un məlumatına görə, yarımstansiya barədə dövlət başçısına məlumat verən “Azərışıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev bildirib ki, “Azərışıq” tərəfindən regionlarda yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi əhalinin elektrik enerjisinə tələbatının ödənilməsində mühüm nailiyyətlərin əldə olunmasına geniş imkanlar açıb. Bu işlər Qax Elektrik Şəbəkəsinin xidməti ərazindəki yarımstansiyaları da əhatə edib və bütövlükdə rayonda genişmiqyaslı tədbirlər həyata keçirilib.

İstehlakçıların elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq üçün şəhərin Qaxbaş adlanan hissəsində və İlisu kəndində yenidənqurma işləri aparılır. Bu istiqamətdə yeni müasir tipli komplekt transformator məntəqələri quraşdırılıb, 10 və 0,4 kV-luq şəbəkə yenidən qurulur. Həmçinin Qax şəhərinin Qaxbaşla yanaşı, Beynəlmiləl adlanan ərazisində 15 ədəd 10/0,4 kV-luq transformator məntəqəsinin 10-0,4 kV-luq şəbəkəsinin yenidənqurma işləri tamamlanmaq üzrədir. Həmin ərazidə 10 kV-luq İlisu, Qaxbaş, Beynəlmiləl hava xətlərində dayaqlar basdırılıb, naqillər və kabellər çəkilib. Rayonun İlisu, Güllük, Qorağan, I və II Şəhər, Qıpcaq, Qaxbaş, Qaşqaçay, Asfaltzavod, Tasmalı hava xətləri yenidən qurulub, müasir komplekt transformator məntəqələri quraşdırılıb, 0,4 kV-luq şəbəkə yenilənərək müasir kabellərlə əvəzlənib. Ümumilikdə son iki ildə Qax Elektrik Şəbəkəsinin xidməti ərazisində bir çox hava xətləri dəyişdirilib, köhnə tipli transformator məntəqələri 26 yeni komplekt transformator məntəqələri ilə əvəzlənib. Qax Elektrik Şəbəkəsində 2500-dən çox istismara yararsız sayğac dəyişdirilib, 926 yeni sayğac quraşdırılıb.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

Diqqətə çatdırılıb ki, Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yenidən qurulması vacib olan əsas bölgələrdən biri Qax rayonu idi. Belə ki, ümumilikdə 15 min 402 abonentə və bununla da 56 min insana xidmət edən Qax Elektrik Şəbəkəsinin təchizatı 110/35/10 kV-luq “Şıxlar” yarımstansiyasından çıxan bir dövrəli 35 kV-luq Qax hava xəttinin qidalandırdığı 35/10 kV-luq “Qax” yarımstansiyasındakı iki 6,3 MVA gücündə transformatorla təmin edilirdi. Rayonun elektrik enerjisi təchizatını yaxşılaşdırılması üçün əlavə tədbirlər görülməsi zərurətə çevrilmişdi. Ona görə də “Azərişıq” ASC ortaya çıxan problemləri aradan qaldırmaq, güc defisitini minimuma endirmək və istehlakçıları fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə yeni 110/35/10 kV-luq, iki 40 MVA gücündə “Qax” yarımstansiyasının tikintisinə start verib. Yeni yarımstansiyanın qidalandırılması məqsədilə 110/35/10 kV-luq "Şıxlar" yarımstansiyasının 110 kV-luq açıq paylayıcı quruluşunda yenidənqurma işləri aparılıb və iki 110 kV-luq yuva quraşdırılaraq həmin yuvalardan 110/35/10 kV-luq “Qax” yarımstansiyasına 12 kilometr uzunluğunda iki dövrəli hava xətt çəkilib. Paralel olaraq, yeni “Qax” yarımstansiyasında 110, 35 və 10 kV-luq açıq və qapalı paylayıcı qurğular inşa edilib. Bu yarımstansiyada 39/10 kV-luq, 16/35 kV-luq yuva, elektron tipli rele mühafizə və avtomatika sistemləri, məsafədən idarə olunmaq üçün SCADA dispetçer sisteminə qoşulmasına lazım olan avadanlıq quraşdırılıb.

Qeyd olunub ki, “Qax” yarımstansiyası rayonun 9 mindən çox abonentini elektrik enerjisi ilə təmin edir. Yeni yarımstansiyanın istifadəyə verilməsi Qax əhalisi ilə yanaşı, mövcud və perspektivdə nəzərdə tutulan iqtisadi, sosial obyektlərin, ələlxüsus turizm sahəsinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsinə yönəlmiş çox önəmli hadisədir. Qax rayonunda turizm, kənd təsərrüfatı, iqtisadi və sosial obyektlərin inkişafını nəzərə alaraq, görülən işlər təkcə 110 kV-luq “Qax” yarımstansiyası ilə yekunlaşmır. Məhz turizm obyektlərinin enerji təchizatını yaxşılaşdırmaq üçün İlisu kəndi ərazisində yeni iki 10 MVA gücündə 35/10 kV-luq yarımstansiya tikilib. Bundan başqa, fəaliyyətdə olan 35 kV-luq Qax hava xəttindən budaqlanan “Qapıçay” yarımstansiyasının da 110/35/10 kV-luq “Qax” yarımstansiyasından qidalanması nəzərdə tutulur.

Qax, Zaqatala, Balakən, İsmayıllı, Qəbələ, Şəki, Oğuz və Şamaxı rayonlarının cəmləşdiyi “Azərişıq” ASC-nin Şimal-Qərb RETSİ-də 8 rayon üzrə 471 kənd, 54 yaşayış məntəqəsi və 14 qəsəbə var və onlar da ümumilikdə 198 min abonent olmaqla, 690 min əhali elektrik enerjisi ilə təchiz edilir. Bu zonada müasir dörd 110/35/10 kV-luq yarımstansiya tikilib, 35/10 kV-luq yarımstansiyalardan isə üçü istifadəyə verilib, beşində işlər yekunlaşmaq üzrədir. Səkkiz rayon üzrə 7200-dən çox sayğac quraşdırılıb, yeni ofis binaları tikilib, texniki itkilər azalıb, Şimal-Qərb RETSİ üzrə rayonların ümumi qoyuluş gücü 131,5 MVA artırılıb.

Sonda xatirə şəkli çəkdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər