8 Avqust 2017 15:57
3 656
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu söhbət Surətin özünə çatmışdı, o da məndən incimişdi. Guya bunu mən etmişəm. Azərbaycan belədir, kim nə edirsə, birinci şəxsin boynuna atırlar. Yaxşını da, pisi də...”

Teleqraf.com Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovla müsahibəni təqdim edir.

- Ayaz müəllim, Amerika və Rusiya arasında geosiyasi qarşıdurma artıq pik həddə çatıb. Konqres Rusiyaya qarşı ciddi sanksiyaları nəzərdə tutan qanun qəbul edib, Moskva buna cavab olaraq Rusiyada fəaliyyət göstərən 755 amerikalı diplomatı ölkədən çıxaracağını bildirib. Bu geosiyasi qarşıdurmanı necə şərh edirsiniz?

- Təbii ki, ciddi geosiyasi qarşıdurmadır, əslində, dünyada ABŞ-Rusiya qarşıdurması daim gedib. Son zamanlar baş verənlər də bunu isbat edir. Hər biri öz mövqeyini müdafiə edir. Lakin bu o demək deyil ki, ABŞ və Rusiyada yaşayan millətlər bu siyasi gedişləri bəyənir... Bunlar siyasi oyunlardır.

Donald Trampın indiki vəziyyəti çox mürəkkəbdir. Prezident Tramp demokratların təzyiqi altındadır, bu səbəbdən də məcburi olaraq Moskvaya qarşı sərt mövqe tutub. Ancaq daxilən Rusiyanın vəziyyətini çox yaxşı dərk edir, sadəcə, bir şey edə bilmir. Bu qarşıdurmanın hara gətirib çıxaracağını indi demək mümkün deyil. Qənaətimcə, Trampın mövqeyindən çox şey asılı olacaq. Prezident yatmamalı, təzyiqə məruz qalmamalıdır. ABŞ kimi dövlətin prezidenti öz sözünü sərt formada deməlidir. Bir sözlə, daxili siyasətini rəvan etməlidir ki, xarici siyasətini apara bilsin.

Rusiya qarşıdurmaya getmək niyyətində olmayıb. Çünki onun nöqsanları, problemləri və çətinlikləri var. Ruslar bunları nəzərə alaraq sərt mövqeyi uzun müddət saxlaya bilməzlər. Burada iqtisadi, regional problemlər, Cənubi Qafqaz, İran, Yaxın Şərq məsələləri var. Yəni dolaşıq məsələlər çoxdur, bunlara birmənalı qiymət vermək rahat deyil.

- Rusiya büdcəsinin əhəmiyyətli hissəsi neft və qaz gəlirlərinə əsaslanır. ABŞ-ın son sanksiya paketi Rusiyanın energetika sahəsinə ciddi embarqoların tətbiq edilməsini nəzərdə tutur. Bu tədbirlərin Rusiyaya hansı təsirləri ola bilər?

- Sanksiyaların ilk növbədə Rusiya iqtisadiyyatına ciddi təsirləri olacaq. Əlbəttə, biz hərbi qarşıdurmadan danışa bilmərik. Ancaq iqtisadi zərbələr var və davam edəcək. İndidən hansı zərbələrə Rusiyanın necə cavab verəcəyini deyə bilmərəm. Aydın olan budur ki, Rusiya suveren siyasətini davam etdirəcək. Yəni o, tam mənada təslim olmayacaq, əksinə, mütləq müqavimət göstərəcək. Bu da gərginliyə səbəb olacaq.

Rusiyanın üstünlüyü də az deyil. Şimali Arkitikada işlər aparır, yeni neft və qaz yataqları tapılıb. Ruslar bundan istifadə edərək iqtisadi potensialını qaldıra bilər.

Məncə, bu geosiyasi qarşıdurmada biz daha çox öz siyasətimizə diqqət etməliyik. Biz elə mövqe tutmalıyıq ki, heç bir tərəfdən zərbə almayaq. Bizim daxili siyasətimiz elə olmalıdır ki, heç kimə əsas verməyək, daxili işlərimizə soxulsun. Burada iqtidar ətrafında birləşmək, yekdillik, həmrəylik çox əhəmiyyətlidir. Bir sözlə, daxili işlərlərimizlə, iqtisadiyyatla məşğul olmalıyıq. Son zamanlar prezident bu məsələlərə ciddi münasibət bəsləyir və bu, düzgün istiqamətdir.

İran və Türkiyə ilə münasibətlərimiz rəvan məcrada davam etməlidir, qarşıdurmaya yol vermək olmaz. Qonşu dövlətlərin bizə təsiri var, bizim də həmin ölkələrə təsirimiz var. Elə addım atmalıyıq, heç kimə əsas yaranmasın ki, bizə təzyiq göstərsin.

- Söhbət Cənubi Qafqaz regionundan, qonşularımızdan gedirsə, Rusiya və Ermənistanın ordularının birləşdirməsi faktını necə qiymətləndirirsiniz?

- Regionda gedən siyasi proseslərin təzahürüdür. Rusiya Ermənistandan uzaqlaşa bilməz, özünü müəyyən məsafədə saxlayacaq. Bu əlaqələrə baxmayaraq, Rusiya Azərbaycana qarşı sərt mövqe tutmayacaq. Çünki Azərbaycan Rusiya münasibətləri önəmlidir və Rusiya buna maraq göstərir. Bu qərarı o cür qiymətləndirmək olmaz ki, Rusiya üzünü Azərbaycandan döndərib və Ermənistanla yaxınlaşıb.

Burada müəyyən qədər mütənasiblik var. Müharibəyə gəldikdə deyim ki, hərbi qarşıdurma meyllərinə böyük siyasi mərkəzlər dəstək verməyəcək. Söhbət iri dövlətlərdən gedir. Regionda gərginliyin olması o demək deyil ki, Rusiya və ya digər nəgəng dövlətlər müharibəyə meyil edəcək.

- Fakt odur ki, ruslar Osetiya və Abxaziya istiqamətində irəlilədi, Bakı-Supsa kəmərinin müəyyən hissəsini nəzarətə götürdü. Bunun ardınca, ABŞ-ın vitse-prezidenti Tiflisə səfər etdi, Gürcüstanda NATO hərbi təlimləri keçirdi. Eləcə də Rusiya tərəfindən dəstəklənən separatçılar Ukrayna ərazisində yeni dövlət elan etdi, Rusiya baş nazirinin müavini Raqozinə Moldovaya getmək və separatçı Dnestryani regionun liderləri ilə görüşməsinə imkan verilmədi. Bütün bunlar göstərmirmi ki, Rusiya sanki postsovet məkanında gərginlik yaratmaq niyyətindədir?

- Deyə bilmərəm ki, Rusiya könüllü olaraq belə gərginliyə meyllidir. Elə deyil... Rusiyanın çoxlu dərdləri var. Bunları bir kənara atıb yeni avantüraya qoşulmaq niyyətində ola bilməz. Ancaq Rusiya öz marağını müxtəlif regionlarda qoruyur və qoruyacaq.

Biz deyə bilmərik ki, siz bu tədbirləri görməyin. Böyük ölkəyə diktə edə bilmərik. Bu, aydın məsələdir. Eyni zamanda həm Rusiya, həm Avropa, həm də ABŞ yeni yaranan vəziyyətlə ciddi məşğul olmalıdır. Heç bir böyük dövlət deyə bilməz ki, mənim ciddi problemlərim yoxdur və mən hökmranlıq edirəm, dediyim olmalıdır.

- Gəlin açıq danışaq, siz Rusiyanın postsovet məkanında nüfuzunu artırmaq meyllərini görürsünüzmü?

- Bəli, görürəm. Yuxarıda dediyim kimi, bunlar onların öz ixtiyarlarındadır. Götürək Qafqaz regionunu. Cənubi Qafqaz coğrafi mənada Şimali Qafqaza bağlıdır. Şimali Qafqaz da Rusiyanın tərkibindədir. Deməli, Şimali Qafqaza qorxu gələrsə, rus dövləti buna reaksiya verməlidir. Bu baxımdan dünya miqyasında kiçik və böyük qarşıdurmalar əhəmiyyət kəsb edən hallardır.

İkincisi, Roqozinin Moldovaya buraxılmaması bu ölkədə daxili siyasi qarşıdurmanın nəticəsidir. Moldovada parlament bunu edə bilər, amma bu o anlama gəlmir ki, prezident də buna razıdır. Moldovada faktiki parlament-prezident qarşıdurması var. Necə ki ABŞ-da Tramp-Konqres qarşıdurması mövcuddur.

- Bu yaxınlarda Rəhim Qazıyev, Surət Hüseynov və digər şəxslər qəfil ortaya çıxdılar. Bəzi siyasətçilər bu şəxsləri Rusiyanın aktivləşdirdiyini iddia edir. Sizin bu məsələyə münasibətiniz necədir?

- Yox, cəfəng sözlərdir... Bunlar mümkün olan şeylər deyil. Rusiya Azərbaycan iqtidarını qoyub siyasi qruplaşmalara gedən adamlara əhəmiyyət verməz. Bunu kim deyir-desin, qeyri ciddi sözlərdir, həm də mənasızdır. 20 ildən çoxdur Azərbaycana qarşı münasibət dəyişməyib, dəyişə də bilməz.

Rusiya Prezidenti Putin açıq deyib ki, onlar ölkələrin iqtidarları ilə işləyir, müxalifətdə olan qüvvələrlə işləri yoxdur. Bu fikirlər postsovet ölkələrinə də münasibdir. Bilirsinizmi, bunlar yerli söz-söhbətlərdir, ciddi deyil. Məncə, əsassız olaraq Rusiyanı tənqid etmək də doğru çıxmır. Rusiya da ölkələrdə vəziyyəti işləyir. Biganə qalmır, qala da bilməz. Böyük dövlətdir, bilməlidir ki, orada, burada nə var. Ona görə qıcıqlandırmaq da lazım deyil...

- Siz Rəhim Qazıyevin ölkədə nüfuzunu nə dərəcədə əhəmiyyətli sayırsınız?

- Hər kəsin özünə görə nüfuzu var. Azərbaycanda tarixi baxımdan tanınmış siyasətçilər olub. İndi də tarixi mənada yadda qalıblar. Ancaq o demək deyil ki, onlar ciddi meyillərə əl atıb ölkəyə ziyan gətirsinlər. Mən belə düşünmürəm. Hesab edirəm ki, daxili məsələlərdə biz özümüzü ehtiyatlı aparmalıyıq.

Hər kəsin Rusiya əleyhinə danışmasının bir nəticəsi var. Bilməliyik ki, Rusiyanın səfirliyi fəaliyyət göstərir, bu məsələləri müşahidə edir. Niyə səbəb verək, niyə deyək ki, filankəs filankəsin adamıdır? Üstəlik bunun üçün əlimizdə əsas da yoxdur...

- Rəhim Qazıyevin və ya Surət Hüseynovun Rusiyaya bağlılığını ciddi hesab etmirsiniz?

- Yox. İnanmıram ki, Rəhim və Surət hərəkətə keçib, nəyəsə iddiaçı olsun...

- Bu adamların Rusiya hərbi dairələri ilə yaxın əlaqələri olmayıb?

- Bir dəfə mənə “Rusiya bizdən nə istəyir” sualını verdilər. Cavabda dedim ki, Rusiya bizdən bir şey istəyir: Azərbaycan ərazisindən ona xəta gəlməsin. Yerdə qalan məsələlərə gəldikdə, Rusiyanın nefti, qazı, almazı, qızıl yataqları, brilyantı var. Texniki tərəqqisi də yüksəkdir. Biz də çalışmalıyıq ki, Rusiyadan bizə gələn xeyir daha çox olsun, artsın.

Məsələn, Amerikanın özü Rusiya ilə əməkdaşlıq edir, elə iqtisadi sahədə də... Çin Amerika ilə əməkdaşlıq edir, böyük partnyordu. Rusiyanın marağını Avropada qoruyan, təbliğ edən qüvvələr var. Başqa ölkələrlə bağlı da belə misallar gətirə bilərik. Azərbaycanın da öz xeyrinə görə istənilən ölkə ilə əməkdaşlıq etmək ixtiyarı var. Məsələn, Rəhim Qazıyev Qraçovla çox isti münasibətlər qurmuşdu. Bunun Azərbaycan üçün də xeyiri olurdu.

- Ziyanı olmurdu?

- Təbii ki, ziyanı da var idi. Şübhə yaranmışdı ki, niyə belə isti dostluq var. Bu halda nəzarət güclənməlidir...

- Bu dostluq münasibəti çərçivəsində Rəhim Qazıyev sizi “baqaj”a qoymamışdı?

- Əlbəttə, indi mən onun nə düşündüyünü deyə bilmərəm. Ancaq belə hallar olub, düşünürəm ki, özü də peşmandır. Hesab edirəm ki, bu adamlarda peşmançılıq hissi var. Mən onların hamısına deyirdim ki, tələsməyin, bir-birimizə qarşı çıxmayaq. Əksinə, əməkdaşlıq edək, bizim ümumi düşmənimiz var. Əfsuslar olsun ki, mənə qarşı qarşıdurmanı ən ciddi formada apardılar.

- Surət Hüseynovla əlaqələriniz necə idi?

- Surət Hüseynovu tanımırdım. Bu adam Qarabağ münaqişəsinin ilkin dövrlərindən peyda olmuşdu. Gəncədə hərbçilərlə iş aparırdı. Mən uzaqdan-uzağa eşitmişdim ki, hərbi alay təşkil edib. Şahidlərin dediyinə görə, onun fəaliyyəti Qarabağ istiqamətində idi. Ancaq kimin nə işi olubsa, cəmiyyət bilməlidir. Mənim də bəlkə nöqsanlarım olub. Bunu etiraf etmək lazımdır. Tarixdə nöqsansız rəhbər olmayıb.

- Surət Hüseynovu Yevlax Yun Zavoduna baş direktor siz təyin etmişdiniz?

- Dediyim kimi, Surət Hüseynovla tanış deyildik, amma bilirdim ki, o, Yevlaxda Yun Zavodunun direktorudur. Günlərin bir günü keçmiş daxili işlər naziri, rəhmətlik Məhəmməd Əsədov mənə zəng etdi ki, Ayaz müəllim, Yun Zavodunda böyük nöqsan, əyiri-əskikliklər var. Cinayət işi qaldırılır, biz neyləyək? Cavab verdim ki, bunu məndən niyə soruşursunuz, qanun nə tələb edirsə, həyata keçirməlisiniz. Cinayət işi qaldırmağa əsasınız varsa, bunu qaldıra bilərsiniz.

Bu söhbət Surətin özünə çatmışdı, o da məndən incimişdi. Guya bunu mən etmişəm. Azərbaycan belədir, kim nə edirsə, birinci şəxsin boynuna atırlar. Yaxşını da, pisi də.

- İkiniz də uzun illər Moskvada yaşamısınız. Heç görüşmədiniz?

- Bir dəfə görüşdük. Mənə Surət Hüseynovun dünyagörüşü maraqlı idi. Mənə dedi, mən də qəbul etdim ki, o, siyasət adamı deyil, siyasətlə məşğul olmaq fikri də yoxdur.

- Ancaq o zaman fikirlər yayılırdı ki, Surət Hüseynovun Gəncədə qiyama başlamasının pərdəarxasında əsas məqsəd Ayaz Mütəllibovun yenidən hakimiyyətə gətirilməsinə nail olmaqdır...

- Yox. Belə məsələ olmayıb. Bu, belə deyil. Surətin özündən də soruşsanız, sizə mənim kimi cavab verər. Bu cür iddialar yersizdir.

Mən Azərbaycana qayıtmaq niyyətində idim. Sonda buna nail oldum. Sağ olsun Azərbaycan Prezidenti ki, bu imkanı mənə yaratdı. Bundan başqa fikrim olmayıb. Mən avantüralara qoşulan insan deyiləm.


Müəllif: Cavad

Oxşar xəbərlər