Teleqraf.com xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu türkmən prezidentin Bakıya səfərini şərh edərkən deyib.
Onun fikrincə, bu ideya utopik olsa da, İrəvan ümidini itirmir: “Məsələn, Ermənistan Prezidenti Serj Sərkisyan İran Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirakından istifadə edərək iranlı həmkarı ilə söhbətində İran-Türkmənistan-Ermənistan fomatından da söz açıb. Bu formatın yeganə hədəfi qazdır.
Bundan əvvəl isə Ermənistanın Baş naziri Karen Karapetyan bu ilin yanvarının eyni günündə həm İranın, həm də Türkmənistanın İrəvandakı səfirləri ilə görüşüb. Böyük ehtimalla mövzu yenə eyni olub. Türkmənistan qazının İran və Ermənistan üzərindən Avropaya daşınması ideyası utopiya olsa da, rəsmi Bakı diplomatik kanallarla Aşqabad, Tehran və yaxın müttəfiqi Tiflisə mesaj göndərməlidir ki, Azərbaycanın maraqlarının əleyhinə addım atmasınlar. Azərbaycanın maraqlarını isə onlar yaxşı dərk edirlər – Ermənistan işğala son qoymayana qədər bütün regional layihələrdən təcrid olunmalıdır”.
Politoloq hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, müasir dövrdə Türkmənistan-Azərbaycan münasibətləri özünün yeni mərhələsini yaşayır, yeni məzmun kəsb edir:
“Həqiqətən 15-20 il əvvəl iki ölkə arasındakı münasibətlərdə mövcud olan gərginlik yoxdur. SSRİ dağıldıqdan sonra Türkmənistanla Azərbaycan arasında gərginlik yaradan əsas səbəblərdən biri Xəzər dənizindəki “Kəpəz” yatağıyla bağlı idi.
Azərbaycan neftçilərinin kəşf etdiyi həmin yatağı Türkmənistan özününkü sayır və adını “Sərdar” qoymuşdu. Azərbaycan münasibətləri daha da gərginləşdirməmək üçün həmin yataqda çalışmalara başlamadı. Bunun qarşılığında da Türkmənistan həmin yatağa olan iddasını əvvəlki illərdə olduğu kimi sərt şəkildə gündəmə gətirmir.
Türkmənistan və Azərbaycan prezidentləri arasında görüşlərin intensivliyi artıb. Təxminən bir aydan sonra sentyabrın 17-də Azərbaycan prezidenti Türkmənistana gedərək V Asiya Oyunlarının təntənəli açılış mərasimində iştirak edəcək”.
Elxan Şahinoğlunun sözlərinə görə, Türkmənistan prezidentinin Azərbaycana səfəri zamanı iki ölkə arasında imzalanan sənədlərdən ən vacibi strateji tərəfdaşlıq haqqında bəyannamədir: “Digər sənədlər də əməkdaşlığın inkişafına təkan verməlidir. Məsələn, iki ölkənin limanları ilə yük daşımaların artması barədə saziş imzalandı. Bu yolla rəsmi Bakı tikintisi tamamlanan Bakı-Tiflis-Qars dəmiryolu üzərindən yük daşımaların artmasına nail ola bilər. Türkmənistanla Türkiyə bu dəmir yolu vasitəsilə ticarət mübadiləsini artırmaq imkanına malik olacaqlar.
Türkmənistanla Azərbaycan arasındakı əməkdaşlıqda ən vacib mövzu türkmən qazının Azərbaycan üzərindən Avropaya daşınmasını təmin etməkdir. Prezidentlərin Bakı görüşündə mətbuata Xəzərin dibi ilə boru xəttinin çəkilişi haqqında konkret nəsə deyilməsə də, Qurbanqulu Berdiməhəmmədovun mətbuat üçün verdiyi açıqlamada bu sözləri diqqət çəkdi:
“Müvafiq infrastrukturumuz var, enerji və nəqliyyat marşrutlarının konfiqurasiyası ilə bağlı ümumi rəyimiz mövcuddur. Enerji və nəqliyyat axınlarının şaxələndirilməsi baxımından biz öz potensialımızın davamlı istifadəsi, yeni, birgə layihələrin reallaşması üçün bütün imkanlardan istifadə edəcəyik”.
Bu, faktiki o deməkdir ki, Türkmənistan öz qazının nəqli məsələsində Azərbaycanla əməkdaşlıq etmək istəyir”.