16 Avqust 2017 17:02
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak edən Polşa nümayəndə heyəti avqustun 16-da Azərbaycan Respublikası Milli Məclisində olub.

Teleqraf.com xəbər verir ki, görüşdə Dünya Skaut Konfransının əhəmiyyəti, eləcə də Azərbaycan ilə Polşa arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məsələləri ilə bağlı müzakirələr aparılıb.

Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov qonaqlara ölkəmiz haqqında ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, dinlərin nümayəndələrinin sülh, qarşılıqlı hörmət şəraitində yaşadığı məkan olub. Bu ənənə indi də davam edir. Bakının memarlıq quruluşunda Polşadan gələn arxitektorların mühüm xidmətləri olub. XX əsrin əvvəllərində milli ordumuzun tərkibində polyak zabitlərin rolu da danılmazdır. Xalqlarımız arasındakı bu əlaqələrin indi də davam etdiyini vurğulayan Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, ikitərəfli əməkdaşlıq yüksək səviyyədədir.

Söhbət zamanı parlamentlərarası əlaqələrin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Polşa nümayəndə heyətinin rəhbəri, təhsil naziri xanım Anna Zalevska Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya səfərini məmnunluqla xatırlayaraq bildirib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına öz töhfəsini verir. Ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar var.

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında səmərəli müzakirələrin aparıldığını, tədbirin uğurlu təşkilini qeyd edən qonaq bildirib ki, Polşa 2023-cü ildə Skautlar Federasiyasının görüşünün təşkilinə namizəddir.

Nümayəndə heyətinin digər üzvləri də Bakıda olduqlarından məmnunluqlarını bildiriblər. Onlar Bakının müasir, inkişaf edən şəhər olduğunu söyləyiblər.

Görüşdə bu səfərin əməkdaşlığın gələcəkdə daha da inkişafı üçün səmərəli olacağına əminlik ifadə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər