Ermənistan Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçinin bu ölkənin Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlamaq niyyətində olması barədə açıqlamasını öz işğalçı məqsədləri üçün yozmağa çalışır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, bəzən qarşı tərəfə müəyyən ismarıclar vermək, siyasi nəbzi yoxlamaq məqsədilə müxtəlif fikirlər səsləndirirlər: “Ermənistanın xarici siyasəti o qədər bərbad gündədir ki, rəsmi Yerevan hər hansı bir açıqlama olar-olmaz, onu dərhal öz işğalçı məqsədləri üçün yozmağa çalışır və özünü şərt qoyan tərəf kimi görməyə başlayır. Avrasiya İqtisadi İttifaqı elə bir birlikdir ki, orada bütün şərtləri diktə edən hegemon mərkəz var. Əgər sabah hansısa dövlət Avrasiya İttifaqına qoşulacaqsa, bu zaman Ermənistanın rəyi belə soruşulmayacaq. Çünki bu ittifaqı yaradanlar, onun şərtlərini diktə edənlər var və onlar üçün Ermənistan sadəcə, “forpost”dan başqa bir şey deyil. Ermənistanın qondarma erməni soyqırımı ilə Türkiyəni şantaj etdiyi və ərazi iddiası olduğu halda iki ölkə arasında sərhədlərin açılması mümkünsüzdür. Çünki ən yaxın siyasi tariximizin təcrübəsi onu göstərir ki, belə hallarla spekulyasiya etmək bir yerə qədərdir, ondan sonra mümkün olmur”.
H.Babaoğlu qeyd edib ki, Ermənistan terrorçu dövlət olduğu üçün onun xarici siyasəti də terror diplomatiyasına və yaxud siyasi terrora söykənən xarici siyasətdir: “Ermənistan mediasının bu cür siyasi spekluyasiyalar etməsi onun Azərbaycan torpaqlarını işğal altında saxlaması, həmçinin ərazi iddiası ilə çıxış etdiyi Türkiyəni şantaj etmək cəhdidir. Buna diplomatik terror deyilir. Biz bilirik ki, bənzər proseslər 2009-cu ildə də yaşanıb. O dövrdə də müxtəlif beynəlxalq təşkilatların himayəsi altında olan Ermənistan Türkiyə sərhədlərinin açılması məsələsini ortaya atmışdı. Ermənistanın bu niyyəti Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri soyutmaq cəhdləri idi. Lakin bu cəhdlər iflasa uğradı. Çünki Türkiyə-Azərbaycan münasibətləri hər iki ölkənin xalqlarının diktə etdiyi münasibətlərdir. Türkiyə -Azərbaycan strateji müttəfiqliyi, hər iki ölkənin və yaxud “bir millət iki dövlət”in siyasi iradəsinin nəticəsindən irəli çıxan münasibətlərdir. Bu gerçəklik heç bir zaman dəyişməyəcək, belə də qalacaq. Ona görə də Ermənistan mediasında da, xarici siyasət idarəsində də məsələlərin tələsik şərh edilməsi bir daha Ermənistanın qeyri-ciddi dövlət olduğundan xəbər verir. Şübhəsiz ki, gələcəkdə də hansısa ittifaqdan söhbət gedəcəksə, Türkiyə qərar qəbul edərkən “bir millət iki dövlət”in milli maraqlarını nəzərə alaraq qərar qəbul edəcək”.
Qeyd edək ki, Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçi Türkiyənin Avrasiya İttifaqı ilə gömrük sazişi bağlamaq niyyətində olduğunu bəyan edib. İzmirdə beynəlxalq yarmarkanın açılışı zamanı etdiyi çıxışında o bildirib ki, Ankara İttifaqla gömrük anlaşmasını imzalamaq barədə təklif alıb: “Ancaq elə eləmək lazımdır ki, bu, Avropa İttifaqı ilə analoji sazişə mane olmasın”.
Nazirin bu açıqlaması Ermənistanda dərhal reaksiya doğurub.