Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Moskvanın ABŞ-ın yeni viza siyasətinə cavab verməyəcəyini bildirib.
Teleqraf.com mk.ru-ya istinadən xəbər verir ki, nazir müavini yalnız ABŞ-ın Rusiya səfirliyi və konsulluqlarının işini çətinləşdirəcəyi təqdirdə buna adekvat cavab verəcəklərini bildirib.
“Rusiya ABŞ-dakı həmvətənlərinin işini çətinləşdirəcək heç bir addım atmayacaq. Həmçinin, Moskva Amerika vətəndaşlarının Rusiya vizası alması işini çətinləşdirməyəcək”, - deyə Ryabkov qeyd edib.
Bununla yanaşı, diplomat bildirib ki, Vaşinqton Rusiya səfirliyi və konsulluqlarının işinə müdaxilə etsə, bunu cavabsız buraxmayacaqlar: “Buna qarşılıq olaraq bütün müvafiq addımlar – özü də çox kəskin addımlar atılacaq”.
Qeyd edək ki, Vaşinqton Rusiya vətəndaşlarına qeyri-immiqrasiya vizası verməyi avqustun 23-dən dayandırıb. Prosedur sentyabrın 1-dən yalnız Moskvadakı səfirlikdə bərpa olunacaq. Bundan öncə isə sözügedən vizaları Sankt-Peterburq, Yekaterinburq və Vladivostokdakı baş konsulluqlardan da almaq mümkün idi.
ABŞ bu addımı Rusiyadakı diplomatik missiyalarda çalışanlarının sayının 755-dən 455-dək azaldılmasına cavab olaraq atıb.