Xarici İşlər naziri Elmar Məmmədyarov Viseqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin Budapeştdə keçirilən görüşündə çıxış edib.
XİN-dən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanın sürətli danışıqlar yolu ilə Avropa İttifaqı ilə strateji tərəfdaşlığa dair sazişin yekunlaşdırılması və bu saziş əsasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu bildirib.
O qeyd edib ki, ötən ilin fevral ayında danışıqların rəsmən başlamasından etibarən saziş layihəsinin müxtəlif bölmələri üzrə məhsuldar və konstruktiv dialoq aparılıb: “Azərbaycan, həmçinin, Avropa İttifaqı ilə qarşılıqlı şəkildə razılaşdırılmış prioritetlər əsasında əlaqələrin qurulmasında maraqlıdır.
İqtisadi potensiala və hər bir ölkənin spesifik məqsədlərinə uyğunlaşdırılmış prioritetli əməkdaşlıq fərqlilik, çeviklik, fokuslaşmaq və daha böyük sahiblik prinsiplərinin həyata keçirilməsində səmərəli ola bilər. Aİ-Azərbaycan Tərəfdaşlıq prioritetləri bu məqsədləri konkret əməkdaşlıq sahələrinə çevirəcək”.
E.Məmmədyarov bildirib ki, iyul ayında Avropa İttifaqı və Azərbaycan Ümumi Aviasiya Sahəsi Sazişinə dair danışıqları bərpa edib və sənədin ümumi strukturu ilkin olaraq razılaşdırılıb: “Hərəkətlilik və insanlar arası təmasların təşviqi Avropa İttifaqı-Azərbaycan qarşılıqlı əlaqəsinin mühüm istiqamətidir. Biz inanırıq ki, readmissiya və vizaların sadələşdirilməsinə dair sazişin uğurla həyata keçirilməsi Aİ və Azərbaycan arasında vizaların ləğvi üzrə dialoqun başlanması üçün zəmin yaratmalıdır”.
XİN başçısı qeyd edib ki, bu gün altı Şərq Tərəfdaşlığı ölkəsinin dördünün suverenliyi və ərazi bütövlüyü mövcud münaqişələr səbəbindən pozulmaqda davam edir: “Beynəlxalq hüquq prinsiplərinin davam edən pozuntusunun nəticələrinin aradan qaldırılmaması, habelə münaqişənin həlli kontekstində bu prinsiplərin yanlış təfsiri və seçilmiş tətbiqi qaydalara əsaslanan Avropa düzənini pozur.
Artıq üçüncü onillikdir ki, Ermənistan Şərq Tərəfdaşlığı proqramının üzvü olaraq digər üzvün suverenliyi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edərək Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin beşdə birini işğal altında saxlamaqda davam edir. Ermənistan Avropada, ümumilikdə dünyada qəbul olunmuş davranış qaydalarının tam ziddinə olaraq Azərbaycanın işğal olunmuş ərazilərində bədnam etnik təmizləmə törədib. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında zorakılığın əsas səbəbi olaraq qalır və münaqişənin siyasi həllində əsas maneədir.
Noyabr ayında baş tutacaq Şərq Tərəfdaşlığı Sammiti əhəmiyyətli hadisədir və sammitin bəyannaməsinin mətni üzərində iş ən qısa zamanda başlamalıdır. Qarşıdan gələn Brüssel Sammiti Bəyannaməsindən münaqişələrin həllində vahid və əlaqəli yanaşma sərgiləməsini, o cümlədən Şərq Tərəfdaşlığı məqsədlərinin tam miqyaslı həyata keçirilməsi üçün mövcud münaqişələrin neqativ təsirlərinin əks etdirməsini gözləyirik”.