Ermənistanın Xarici İşləri naziri Edvard Nalbandyanla görüş razılaşdırılsa da, hələlik konkret tarix və yer bəlli deyil. Çox güman ki, bu yaxınlarda bununla bağlı ATƏT-in Minsk Qrupunun həmsdərlərindən təklif alacağam.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı toplantısından sonra mətbuat konfransında deyib.
Onun sözlərinə görə, böyük ehtimal görüş BMT Baş Assambleyasının iclası çərçivəsində keçiriləcək:
“Bizim hansı sazişi müzakirə edəcəyimiz hamıya məlumdur. Yeganə lazım olan şey siyasi qərarın olmasıdır. Bu siyasi qərarın əsasında bizim həmişə vurğuladığımız kimi əsas şərt Ermənistan qoşunlarının Azərbaycanın işğal altında olan torpaqlarından çıxarılmasıdır”.
***
Bu il BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərinə və GUAM ölkələrində dondurulmuş münaqişələrə dair 2 qətnamə müzakirə ediləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Gürcüstan və Türkiyə xarici işlər nazirləri ilə birgə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müzakirələrdən sonra GUAM ölkələri BMT Baş Assambleyası çərçivəsində birgə bəyanatla çıxış edə bilər. Nazir məsələnin GUAM ölkələri ilə razılaşdırılacağını qeyd edib.