7 Sentyabr 2017 09:13
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Şimali Koreya ətrafında yaranan son situasiya ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərlə müsahibəni təqdim edir.

- Sülhəddin bəy, Şimali Koreya ətrafında yaranan situasiya sanki daha çox söz oyununa bənzəyir. Hər gün bu ölkəni hədələyirlər və Pxenyan da az qala hər gün onlara cavab verir. Bu mənada Şimali Koreya ətrafında yaranan son durumu necə şərh etmək olar?

- Şimali Koreya nüvə proqramını və baş verənləri tam müəyyən etmək üçün biz 1990-cı illərin sonunda bağlanan məxfi Dehli anlaşmasına diqqət etməliyik. Həmin anlaşmaya görə Rusiya dəniz hakimiyyəti əsasında geopolitik siyasət aparan dövlətləri Avrasiyanın mərkəzinə buraxmamaq üçün kənar qurşaqlarda nüvə dövlətləri yaratmaq konsepsiyasını qəbul etdi. Yəni ABŞ və müttəfiqlərini Avrasiyanın ürəyinə buraxmamaq məqsədilə bu addım atıldı. “Avrasiyanın ürəyi” dedikdə isə biz Ural dağlarına qədər düzənliyi və Mərkəzi Asiyanı nəzərdə tutmalıyıq. Hazırda bu ərazilər Rusiyanın nəzarətindədir. Üstəlik kim dünya liderliyi iddiasındadırsa, “tarixin coğrafi oxu” adlandırılan Mərkəzi Asiyaya nəzarət etməlidir. Rus dərin dövləti bu nəzarəti əldən verməmək, ABŞ-ın qlobal liderliyinin qarşısını almaq üçün kənar qurşaqda nüvə dövlətlərindən ibarət qurşaq yaratmağa başladı. Səhv etmirəmsə, bu konsepsiya Dehli anlaşmasında öz əksini tapıb. Koreya və İranın nüvə proqramları bu konsepsiya əsasında ortaya çıxdı. Sonradan Çin dövləti də bu konsepsiyanı dəstəklədi. Bu meqa projedir. Bunu anlamadan İran və Şimali Koreyanın nüvə proqramı, bu ölkələr ətrafında baş verən prosesləri analiz edə bilməyəcəyik.

İkincisi, niyə ABŞ sanksiyalar qəbul edərkən Rusiya, İran və Şimali Koreyanı birləşdirdi, onlara qarşı embarqoları eyni qanun layihəsində qəbul etdi? Çünki bu məsələnin kökündə mənim yuxarıda dediyim məqam dayanır. ABŞ-da bilirlər ki, bu şeytan oxunun arxasında Rusiya dayanır.

Əgər xatırlayısınızsa, mən deyirdim ki, dünyada və regionda geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub, geopolitik sınma xətləri indi cəbhə xətlərinə çevrilib. Bu sınma xətləri də Baltik-Qara dəniz, GUAM xətti, eləcə də məğribdən məşriqə uzanan birinci yaşıl müsəlman xəttidir. İkinci müsəlman xətti Hind okeanından Əfqanıstan üzərindən Mərkəzi Asiyaya yönələn xəttdir. Başqa sözlə, birinci şimal xətti Afrikadan başlayır Baltik-Aralıq dənizindən keçir, Süveyş kanalı vasitəsilə Qırmızı dəniz və Hind okeanına çıxır. İkincisi şimal-cənub xətti isə Şimal Buzlu okeanından başlayır bütün Asiya, Sakit oken reginonu əhatə edir. İndi əsas mübarizə və müharibələr bu qarşıdurma xəttlərində baş verir. Rusiya Çinlə birlikdə çalışırlar ki, ABŞ-ın bu geopolitik həmlələrinin qarşısını alsınlar. Bunun üçün də assimetrik savaşlardan, vəkalət müharibələrindən istifadə edirlər, habelə İran və Şimali Koreyanın nüvə proqramlarına dəstək verilir. Baxın, 2014-1015-ci illərdə Vaşinqton İranla anlaşma xətti tutdu və əsas məqsəd mübarizəni Rusiyanın daxilinə keçirmək idi. Bu zaman Şimali Koreyanı ön plana çıxardılar. Hazırda Şimali Koreya nüvə proqrqmında və ballistik raket sınaqlarında ciddi irəliləyir. Bu, ABŞ başda olmaqla qlobal təhlükəsizliyi təhdid edən nöqtəyə çatır. Odur ki, ABŞ artıq buna sərt reaksiya verir.

- Burada başqa bir istiqamət də sezilir. Şimali Koreya məsələsi gündəm təşkil edir, ABŞ bu məsələdə səs-küy salır və son anda Vaşinqton Cənubi Koreyaya, Yaponiyaya və digər dövlətlərə milyardlarla silah satır...

- Bilirsinizmi, hər hansı bir proses gedirsə, bu, bir istiqamətli olmur. Əksinə, çox istiqamətli olur. Və müdrik, strateji düşüncəsi olan dövlətlər hər bir böhranı fürsətə çevirir. Beynəlxalq münasibətlərdə bu aydın olan məsələdir.

- Yəni, Şimali Koreya təhlükəsini ortaya atmaqla ABŞ müttəfiqlərinə dəyəri 100 milyardlarla ölçülə biləcək silahlar satır...

- Mən düşünürəm ki, Şimali Koreya məsələsi sadəcə, gündəm məsələsi deyil. Xüsusilə, Pxenyanın ballistik raket və nüvə sınaqları sistematik xarakter alır. Artıq altıncı nüvə sınaqğından sonra müstəqil ekspertlər də qeyd edirlər ki, bu sınaqlar xeyli irəliləyib və təhlükəli həddə çatıb. Təsəvvür edin, Şimali Koreya artıq hidrogen bombası hazırlayıb. Hidrogen bombası atom bombasından güclüdür. Üstəlik, Pxenyan hidrogen bombasının miniüatur formasını hazırlayıb. Hansı ki, bu forma qitələrarası ballistik raketlərə döyüş başlığı kimi montaj edilə bilir. Bu o deməkdir ki, indi Pxenyanın əlində minlərlə kilometr uzağa hidrogen bombası ilə zərbə endirmək imkanı var. ABŞ-da bundan ciddi narahat olub və hərəkətə keçib.

- Ancaq ABŞ və müttəfiqlərinin hərəkətlərinin də nəticəsi yoxdur, əvəzində Şimali Koreya sınaqlarını davam etdirir...

- Hazırda Şimali Koreyaya qarşı mərhələli sanksiyalar konsepsiyası qəbul olunub. Bura diplomatik tədbirlər paketi, iqtisadi sanksiyalar və son mərhələdə hərbi sanksiyaların tətbiqi daxildir. Hərbi sanksiyaların hansı formada olmasını isə gələcək göstərəcək. Hərbi sanksiyalar Şimali Koreyaya birbaşa nüvə zərbəsi endirməyi nəzərdə tutmur.

- Rusiya prezidenti Putin bildirdi ki, zamanında Səddam Hüseyn nüvə və kimyəvi silah proqramından əl çəksə də, aqibətinin necə olduğu bəlli oldu. Odur ki, Pxenyan bunu bildiyi üçün ot yeyər, amma nüvə proqramının inkişafından əl çəkməz. Bu bəyanatı necə qiymətləndirirsiniz?

- Putin açıq şəkildə deyir ki, hansı sanksiyaları tətbiq etsəniz də, bu sanksiyalar Şimali Koreyanı durdurmayacaq. Fikrimcə, Pxenyan mütləq suverenlik, yəni toxunulmazlıq əldə etmək üçün nüvə silahına malik olmaq istəyir və bu proqramdan imtina etməyəcək. Əslində Putinin bu çıxışı Amerikanı hərbi vasitələrə əl atmağa təhrik etməkdir. Belə çıxır ki, Şimali Koreyanın mövcud rejimini ortadan qaldırmaqla ABŞ-ın öz istəyinə nail olması mümkündür. Əslində bu, ABŞ-ı qıcıqlandıran çıxışdır. Eyni zamanda Prezident Trampın atdığı tvitə uyğun gəlir. Trampın altıncı nüvə sınaqından sonra atdığı tvitin son cümləsi belə idi -“Şimali Koreya ancaq bir şeydən anlayar”. Məncə, Tramp bunu deyəndə qətiyyətli hərbi zərbəni nəzərdə tuturdu.

- Pxenyana əvvəlcə diplomatik-siyasi, daha sonra ağır iqtisadi sanksiyalar tətbiq ediləcək. Əgər bunlar fayda verməsə, hərbi sanksiyalara keçiləcək. Bu o deməkdir ki, Şimali Koreya məsələsi azı 1 il dünyanın gündəmində olacaq?

- Bununla bağlı fikir söyləmək çətindir. Çünki operativ müstəvidə, hərbi-siyasi şərait də daxil olmaqla vəziyyət qısa müddətə dəyişə bilir. Bəzən bir telefon zəngi belə əks-reaksiya verir. Bu mənada vəziyyət 1 günün və ya 1 saatın içində dəyişə bilər. Onsuz da Pxenyan nüvə və ballistik raket sınaqlarında irəliyə gedib, hidrogen bombasına nail olduğunu ifadə edib. Təsəvvür edin ki, bu rejim günün birində elan edir ki, artıq nüvə silahı əldə etməyə son dərəcə yaxındır. Onda sözsüz ki, situasiya kökündən dəyişə bilər.

Eyni zamanda Şimali Koreyaya zərbə məsələsində Çin və Rusiyanın mövqeyi fərqlidir. Rusiyanın mərkəzi Şimali Koreyadan çox uzaqdır. Əgər yarımadada hərbi böhran yaranacaqsa, bundan ən çox Çin ziyan çəkəcək. Odur ki, formal və siyasi-diplomatik baxımdan Moskva ilə Pekin eyni mövqedən çıxış edir. Amma Çin həm də hesab edir ki, Koreya yarımadası nüvəsizləşdirilməlidir. Bu faktiki Amerikanın mövqeyinə yaxın bir mövqedir. Çin vəziyyətin təhlükəli həddə çatdığını bilir. ABŞ elan edir ki, Şimali Koreya ilə əməkdaşlıq edən istənilən şirkətə müharibə elan ediləcək, həmin şirkətlə dünyanın əlaqələri kəsiləcək. Çin-Amerika ticarət dövriyyəsi isə yarım tirlyard dollara yaxındır. Baxın görün, bu münasibətlərdə problem yaransa, Çin ticarətdə nələr itirə bilər.


Müəllif: Cavad

Oxşar xəbərlər