Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı bu ölkənin xarici işlər naziri Vanq Yi ilə görüşüb.
Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, Ə.Zeynallı Azərbaycanın Çinlə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini və bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsində əzmli olduğunu bildirib. Həmçinin, səfir Azərbaycanın Çinin “Bir qurşaq, bir yol” təşəbbüsünü dəstəklədiyini və bu çərçivədə Çinlə sıx əməkdaşlığa hazır olduğunu qeyd edib.
Çinin xarici işlər naziri Vanq Yi Azərbaycana rəsmi səfərə dəvət olunduğunu xatırladaraq bu səfəri həyata keçirmək arzusunda olduğunu bildirib. O, Çinin Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini və Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə səfərinin iki ölkə arasında əlaqələrin inkişafına güclü təkan verdiyini qeyd edib.
Nazir Prezident İlham Əliyevin Çin xalqının və dövlətinin böyük dostu olduğunu və onun Çinlə əlaqələrin inkişaf etdirilməsi siyasətini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Habelə, Vanq Yi Azərbaycanın “Bir qurşaq, bir yol” layihəsinə dəstəyini təqdir edib və Çinin bu əsnada Azərbaycanla əməkdaşlığa hazır olduğunu ifadə edib.