Ukraynanın paytaxtı Kiyevdə Avropa Azərbaycanlıları Konqresinin toplantısı keçirilib.
Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Ukrayna Ali Radasının deputatları Maksim Kuryaçi və Georgiy Loqvinski, Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva, Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri Vasif Muradlı, Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, “Azərbaycan Naminə” Cəmiyyətinin sədri Nadir Hollenbrand, Macar-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi Məclisinin sədri Akif Gülməmmədov, “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzoyev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndələri və diaspor fəalları iştirak ediblər.
Nazim İbrahimov bildirib ki, Azərbaycan tərəfindən bir sıra qlobal layihələrin həyata keçirilməsi, ölkənin sürətli inkişafı, müstəqil daxili və xarici siyasəti bəzi siyasi dairələri ciddi narahat edir. O, dünya azərbaycanlılarını yaşadıqları ölkədə Azərbaycan dövlətinin milli maraqları əleyhinə yönəlmiş bu çirkin kampaniyalara öz etirazını bildirməyə, bu sahədə daha da fəal olmağa, dövlətçilik ətrafında sıx birləşməyə çağırıb.
Ukrayna ilə Azərbaycan arasındakı dostluq münasibətlərinə toxunan N.İbrahimov bildirib ki, Ukrayna hər zaman Azərbaycanın yanında olub və ölkəmizin ərazi bütövlüyünü tanıyıb. Komitə sədri AAK-ın ən fəal diaspor təşkilatlarından biri olduğunu vurğulayaraq qurumun fəaliyyətində yeni texnologiyaların tətbiqinin zəruriliyini diqqətə çatdırıb. Diasporla İş üzrə Dövlət Komitəsinin AAK-a hər zaman olduğu kimi bundan sonra da dəstək göstərəcəyini deyən N.İbrahimov bildirib ki, Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması, kütləvi informasiya vasitələri ilə əlaqələrin inkişaf etdirilməsi, soydaşlarımızın yaşadıqları ölkələrin siyasi həyatında daha fəal iştirakı üçün diaspor təşkilatlarının üzərinə böyük məsuliyyət düşür.
Ukrayna Ali Radasının deputatı,Ukrayna-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Maksim Kuryaçi bildirib ki, Azərbaycanın və Ukraynanın xarici ölkələrdəki diaspor təşkilatları birləşib birgə mübarizə aparmalıdırlar. İki ölkə arasında dostluq münasibətlərinin qədim tarixə söykəndiyini qeyd edən M.Kuryaçi hər iki ölkənin beynəlxalq arenada ən prinsipial məsələlərdə bir-birinə dəstək verməsinin təqdirəlayiq hal olduğunu deyib. O həmçinin vurğulayıb ki, Azərbaycan bölgədə böyük uğurlara imza atıb və müstəqil milli siyasət yürüdür.
Toplantıda çıxış edən Ukrayna Ali Radasının deputatı, AŞPA-nın vitse-prezidenti Georgi Loqvinski də Azərbaycan və Ukrayna arasında qarşılıqlı əlaqələrin yüksələn xətlə inkişaf etməsindən danışıb.
Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov Avropada fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyəti, barədə məlumat verib. O bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəmizin milli maraqlarının təmin olunmasında Avropadakı Azərbaycan icmalarının üzərinə böyük məsuliyyət düşür. “Bu baxımdan hər bir soydaşımız xaricdə gücünü səfərbər edib Azərbaycanı layiqincə təmsil etməlidir”, – deyə AKK-ın prezidenti vurğulayıb.
AAK-ın vitse-prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Ukraynadakı Azərbaycan diasporunun fəaliyyəti barədə məlumat verib. R.Tağıyev bildirib ki, bütün diaspor təşkilatları təmsil olunduqları ölkədə Azərbaycan naminə mövqelərini daha da gücləndirməlidir.
Daha sonra TADEF sədri Bilal Dündar, Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva, Finlandiya Azərbaycanli Qadınlar cəmiyyətinin sədri Arzu Oqtay, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi Məclisinin sədri Akif Gülməmmədov, “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzoyev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva çıxış edərək Azərbaycanın əleyhinə yürüdülən təxribat kampaniyalarının qarşısının alınması və ölkəmizin mənfi obrazını yaratmağa çalışanlara qarşı mütəşəkkil şəkildə mübarizənin aparılmasının vacibliyini vurğulayıblar.
Çıxışıardan sonra AAK-ın 2017-2019-cu illər üçün Fəaliyyət Proqramı və Yol Xəritəsi, toplantının qərar layihəsi müzakirə edililərək yekdilliklə qəbul edilib. Qərarda Avropa Azərbaycanlıları Konqresinə üzv təşkilatların fəaliyyətində informasiya texnologiyalarının daha geniş tətbiq olunması, Xocalı soyqırımının tanınması istiqamətində müvafiq iş aparılması, ümummilli lidеr Hеydər Əliyеvin аnаdаn оlmаsının 95-ci ildönümü münаsibətilə Avropa ölkələrində tədbirlərin təşkili nəzərdə tutulur. Bundan başqa, Azərbaycan Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli sərəncamına uyğun olaraq Avopa ölkələrində silsilə tədbirlərin keçirilməsi də öz əksini tapıb. Qərarda həmçinin, 1918-ci ildə erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilmiş mart soyqırımının 100 illiyi ilə əlаqədаr geniş təbliğat kampaniyasının həyata keçirilməsi, AAK-ın xüsusi mükafatının təsis edilməsi, Brüssel şəhərində qurumun Əlaqələndirici Katibliyinin ofisinin yaradılması da nəzərdə tutulur.
Daha sonra Avropa Azərbaycanlıları Konqresinin toplantısının iştirakçıları adından Azərbaycan Prezidentinə müraciət qəbul edilib.
Toplantıda Azərbaycan əleyhinə aparılan təxribat kampaniyalarına etiraz bəyanatı da qəbul edilib. Bəyanatda son zamanlar Avropa ölkələrində Azərbaycana qarşı böhtan kampaniyasının aparılması qətiyyətlə pislənilib və diaspor təşkilatlarımızın bu qərəzli siyasətə qarşı mübarizəni gücləndirməsinin vacibliyi vurğulanıb.