14:22
Xarici İşlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Bounhanq Voraçitlə görüşüb.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov Prezident İlham Əliyevin salamlarını Laosun dövlət başçısına çatdırıb.
Laos Prezidenti Azərbaycan Prezidentinin salamlarına görə təşəkkür edib, onun da salamlarının və xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.
Bounhanq Voraçit iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün xarici işlər nazirləri səviyyəsində qarşılıqlı rəsmi səfərlərin mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Azərbaycan və Laos arasında ənənəvi dostluğa toxunan Prezident çoxsaylı laoslu tələbələrin müxtəlif sahələr üzrə Azərbaycanda ali təhsil aldıqlarını qeyd edərək, laoslu mütəxəssislərin yetişdirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, bu əsnada qurulmuş əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.
E.Məmmədyarov bu ilin iyununda laoslu həmkarının Azərbaycana ilk rəsmi səfərini xatırladaraq, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması və ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub. Bu xüsusda, E.Məmmədyarov laoslu həmkarı Salimsay Kommasit Azərbaycanda rəsmi səfərdə olarkən Laos Hökuməti və Azərbaycan Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında sazişin imzalandığını, bu səfərdə isə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandumun imzalanacağını diqqətə çatdırıb.
Təhsil sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunan nazir Azərbaycanın bu sahədə əməkdaşlığı davam etdirməyə hazır olduğunu qeyd edərək, ölkəmizin ali təhsil müəssisələri, o cümlədən ADA Universitetinin artan imkanları barədə məlumat verib.
E.Məmmədyarov ölkəmizin inkişafı və əldə etdiyi nailiyyətləri, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək Şimal-Cənub nəqliyyat dəhlizinin perspektiv imkanları barədə danışıb və Laosun da öz məhsullarının ixracı üçün bu dəhlizdən istifadə edə biləcəyini diqqətə çatdırıb.
Görüşdə həmçinin, kənd təsərrüfatı, enerji, turizm sahəsində əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin zəruriliyi qeyd edilib.
***
Xarici İşlər naziri Elmar Məmmədyarov Laos Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində Laosun Xarici İşlər naziri Salımsay Kommasitlə də görüşüb.
Nazir Elmar Məmmədyarov həmkarının 18-20 iyun 2017-ci il tarixində Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayaraq, qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin, xüsusilə də siyasi dialoqun inkişaf etdirilməsində əhəmiyyətli rol oynadığını qeyd etdi. Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasının vacib platforma olacağına ümidvar olduğunu əlavə edib.
Elmar Məmmədyarov iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq imkanlarını dəyərləndirərək, nəqliyyat, enerji, kənd təsərrüfatı sahəsini xüsusilə qeyd etdi. Azərbaycanın iştirakçısı və təşəbbüskarı olduğu irimiqyaslı enerji, infrastruktur və nəqliyyat layihələri barəsində danışan nazir Laos tərəfinə Şimal-Cənub dəhlizinin potensialının nəzərdən keçirilməsini təklif edib.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişə üzrə danışıqlar prosesinin son statusu barəsində həmkarını məlumatlandırıb və S.Kommasitin Azərbaycana səfəri zamanı imzalanmış birgə mətbuat açıqlamasında da qeyd edildiyi kimi, münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll edilməli olduğunu bir daha bəyan edib.
Nazir Salımsay Kommasit Azərbaycana rəsmi səfəri və ölkəmiz haqqında xoş təəssüratlarını bölüşərək, Laosun Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində, xüsusilə enerji sahəsində Azərbaycanın zəngin təcrübəsindən faydalanmaqda maraqlı olduğunu bildirib.
Təhsil sahəsində iki ölkə arasında əməkdaşlıq ənənələrinin mövcud olduğunu bildirən Salımsay Kommasit bu sahədə əlaqələrin davam etdirilməsinin arzuolunan olduğunu vurğulayıb.
Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi və digər məsələlər barəsində geniş fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini və 2019-cu ildə QH-nın XVIII zirvə toplantısının Bakıda keçiriləcəyini qeyd edərək bu çərçivədə də iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Nazirlər “Laos Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum”u imzalayıblar.