Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev “Milli Şura”nın sentyabrın 23-nə təyin etdiyi mitinqlə bağlı sorğusunu cavablandırıb.
Teleqraf.com-un məlumatına görə, sədr bildirib ki, demokratik cəmiyyətin ən böyük atributlarından biri həmin ölkədə müxtəlif aksiyaların, o cümlədən kütləvi etiraz aksiyalarının keçirilməsidir:
“Ona görə də Milli Şuranın təyin etdiyi mitinq Azərbaycanın da, iqtidarın da maraqlarına uyğundur”.
Q.Həsənquliyev qeyd edib ki, hazırda Azərbaycana Qərbin müxtəlif dairələri tərəfindən hücumlar təşkil olunur, ölkəmizi bəzən hətta “diktatura” olmaqda belə ittiham edirlər:
“İddia olunur ki, Azərbaycanda guya insanlar öz fikirlərini sərbəst şəkildə yaymaq imkanına malik deyillər. Guya hakimiyyət “sonuncu azad mətbuat”ın fəaliyyətini dayandırmaq barədə düşünür və sair”.
BAXCP sədrinin qənaətinə görə, Azərbaycan hökuməti çalışmalıdır ki, hansısa qüvvələr mitinqdə təxribata yol verməsinlər:
“Aksiyanın təhlükəsizliyi tam təmin olunmalıdır. Şübhə etmirəm ki, bu mitinqdə ağlına və ağzına gələnləri danışan adamlar da olacaq. Bu iqtidarın yerinə olsam, onların çıxışlarını tərcümə edib bütün dünyada yayaram. Qoy görsünlər ki, “diktatura”nın olduğu ölkədə belə çıxışlar etmək mümkündür, yoxsa yox. Hesab edirəm ki, bu, iqtidara son dərəcə lazım olan bir mitinqdir və bu mitinqdən də narahat olmağa dəyməz. Çünki ölkədə sabitliyin pozulmasına heç bir zəmin və təhlükə görmürəm”.