22 Sentyabr 2017 17:44
3 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurmanın hərbi fazada təzahürləri davam edir. Bu ayın əvvəllərində Rusiya və Belarus “Qərb-2017” adlı hərbi təlimlərə start verdi. Hərbi təlimlərə minlərlə əsgər, çoxlu sayda müasir zirehli texnika, hərbi vasitələr cəlb edilib.

Avropa və ABŞ öncədən bu təlimlərlə bağlı narahatlığını bildirmişdi. Üstəlik, “Qərb-2017” hərbi təlimləri hücum xarakterli idi.

Teleqraf.com xəbər verir ki, Qərbin həyacanı daha çox Rusiyanın hərbi təlimlər məqsədilə Belarusa gətirdiyi əsgər və zirehli texnikanın müəyyən hissəsinin həmin ölkədə saxlayacağı və bununla da Avropanın şərq sərhədlərinə təhlükə yaradacağı ilə bağlıdır. NATO sözügedən hərbi təlimlərə müşahidəçi belə gönrədməkdən imtina etdi. Hazırda NATO-Rusiya dialoqu və əməkdaşlığı sıfır həddindədir.

Rusiyanın keçirdiyi hərbi təlimlər sentyabrın 20-də başa çatıb. Rus əsgərlərinin tamamilə Belarusu tərk etməsi və ya burada qalacağı haqda konkret informasiya yoxdur.

Lakin bu arada bəlli olub ki, NATO Rusiya və Belarusun keçirdiyi hərbi təlimləri cavabsız buraxmaq niyyətində deyil.

Rusiya və Belarusun birgə irimiqyaslı hərbi təlimlərindən dərhal sonra NATO ölkələri və hərbi ittifaqla yaxından əməkdaşlıq edən dövlətlərin iştirakı ilə Polşada müdafiə xarakterli hərbi təlimlərə start verilib. Təlimlər sentyabrın 21-də başlayıb. NATO-nun Polşada başlatdığı hərbi təlimlər “The Dragon-2017” kod adını daşıyır. Rusiyaya cavab məqsədilə keçirilən hərbi təlimlərdə 17 mindən çox hərbçi, 3500-dən artıq hərbi texnika iştirak edir. Eyni zamanda NATO təlimlərində kibertəhlüükəsizlik tədbirləri də sınaqdan çıxarılır. NATO-nun təlimləri sentyabrın 29-na qədər davam edəcək.

Əgər Moskvanın təşəbbüsü ilə baş tutan hərbi təlimlərdə Rusiya və Belarus iştirak edirdisə, NATO-nun Polşa təlimlərinə Litva, Latviya, Almaniya, Bolqarıstan, İtaliya, Britaniya, Slovakiya, Ruminiya da qatılıb. Üstəlik, NATO-ya üzv olmaq xəttini seçən Gürcüstan və Ukrayna da bu prosesdə yaxından iştirak edir.

Polşa müdafiə nazirinin müavini Mixail Dvorjik bəyan edib ki, hərbi təlimlər müdafiə xarakteri daşıyır və “Qərb-2017” hərbi təlimlərdən tamamilə fərqlənir. Onun fikrincə, Belarusda baş tutan hərbi təlim açıq hücum xarakteri daşıyır.

Mütəxəssislər isə hesab edirlər ki, Rusiyanın hərbi təlimlərindən sonra NATO-nun Polşada 17 min əsgəri heyətlə manevrlərə başlaması təsadüfi deyil və hərbi ittifaqın Moskvaya açıq mesajıdır.

Bu isə o deməkdir ki, NATO Rusiya ilə hərbi qarşıdurmada maraqlı olmasa da, bu ölkənin sərhədləri ətrafında daima aktiv hərbi fəaliyyətini ortaya qoyur. Rusiyalı eksperlətdə NATO təlimlərinin Moskvanın “Qərb-2017” təlimlərinə cavab xarakteri daşıdığını vurğulayırlar.

Müşahidələr isə göstərir ki, 2018-ci ildə NATO-Rusiya və ya Rusiya-Qərb qarşıdurması daha da kəskinləşəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər