Nyu Yorkda ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Tərəflər 50 dəqiqə ərzində regional məsələlərin həllində işbirliyini genişləndirmək, bütün terror təşkilatlarına qarşı mübarizəni gücləndirmək məsələlərini müzakirə edib. Ayrıca iki lider sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyətinin keçirmək istədiyi müstəqillik referendumu haqda da fikirlərini bölüşüb.
Teleqraf.com xəbər verir ki, hazırda Türkiyə-Amerika münasibətlərində aşkar soyuqluq özünü büruzə verir. Xüsusilə, Vaşinqtonun Suriyada YPG-ni silahlandırması, kürd silahlılarına stavka etməsi, Ankaranın Rusiyadan S-400 raket əleyhinə müdafiə kompleksi alması, xarici siyasətdə Rusiya ilə yaxınlaşması və İranla İraq mövzusunda fikir birliyi ABŞ və Türkiyə əlaqələrində mövcud olan ən ciddi problemlərdir.
Politoloq Qabil Hüseynli isə hesab edir ki, Tramp-Ərdoğan görüşü mühüm görüşdür və əslində, tərəflər arasında mövcud olan problemlərin həllində açar rolunu oynaya bilər.
Onun sözlərinə görə, bunun üçün ilk olaraq hər iki tərəf bir-birinə münasibətdə ehtiramla davranmalı, maraqlarını nəzərə almalıdırlar:
“Görüş əhəmiyyətlidir. Hər halda Ərdoğan qarşısına qoyduğu məqsədlərə nail ola bilir. Üstəlik Prezident Tramp indiyə qədər heç kimlə vaxt baxımından bu qədər müzakirə aparmayıb. Doğrudur, çoxları kimi mən də Trampı ciddi adam hesab etmirəm. ABŞ kürd məsələsində həm indi, həm də Obama zamanı ciddi səhvlərə yol verib. Yaxın Şərqdə kürd dövlətinin yradılması yeni bir İsrailin yaradılması olacaq. Bu da, bölgədəki münasibətlərə böyük gərginlik gətirəcək. Bu baxımdan məsələlər müzakirə edilir. Ankara deyir ki, bütün terror təşkilatlarına eyni münasibət sərgilənməlidir”.
Müsahibimiz qeyd edib ki, Ərdoğan və Tramp görüşündə İranla bağlı “Hizbullah”, “Həmas” və digər təşkilatlara münasibət ifadə edilib:
“Ancaq ABŞ-ın özünün də himayə etdiyi qruplar var. Söhbət peşmərgələrdən, Suriyadakı YPG-dən və digərlərindən gedir. ABŞ bu qruplara hər cür dəstək və silah verir. Zənnimcə, hər iki tərəf bölgədə sülh yaratmaq niyyətlərini ortaya qoyarsa, bu zaman region sakitləşə bilər. Yox, əgər yenə də siyasi məkrlər və manevrlər başlayacaqsa, hesab edirəm ki, bölgədə yerləşən Türkiyə, İran və ərəb ölkələri də eyni mövqedən çıxış edəcək. Yəni kürd dövlətinin yaranmasına imkan verilməyəcək. Əksinə, ABŞ-ın bölgədən vurulub çıxarılması üçün ciddi addımlar atılacaq. ABŞ bölgədəki həssas durumu başa düşməli, İsrailin Vaşinqtona olan təzyiqlərini dəf etməli və Yaxın Şərqdə sülh prosesini müdafiə ertməlidir. Zənnimcə, zamanlanma baxımından gec və ya tez ABŞ bu mövqeyə gələcək”.