Suriya dövlətinin bölünməsinə əsla imkan verməyəcəyik. Onun parçalanması Orta Şərqdəki düzənə əsaslı təsir edə bilər. Hazırda daha ciddi məsələ Suriyada terrorun kökünü kəsməkdir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasında iştirakı çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
Rusiyanın baş diplomatı ABŞ prezidenti Donald Trampın “Şimali Koreyanı yox edərik” açıqlamasına da münasibət bildirib: “Qarşılıqlı təhdidlər və Koreya yarımadasında müharibənin başlaması qəbuledilməzdir. Biz bu hirsli açıqlamaları sakitləşdirməyə çalışmalıyıq”.
Nazir Lavrov Tramp və Kim Jonq arasındakı qarşılıqlı təhdidləri “orta məktəbdə şagirdlərin mübahisəsi”nə bənzədib. Bildirib ki, məmuniyyətlə vasitəçilik edə bilərlər: “Bitərəf Avropa ölkələri də Şimali Koreya böhranında vasitəçilik həyata keçirə bilər”.
Rusiya baş diplomatı İranla əldə olunan nüvə sazişi haqqında danışaraq deyib ki, Rusiya bu müqavilənin təkrar müzakirəsini istəmir.