Avropa İttifaqı (Aİ) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə layihəsi çərçivəsində Brüsseldə səfərdə olan DQİDK-nın və Azərbaycanda fəaliyyət göstərən dini icmaların nümayəndələri sentyabrın 26-da Avropa İttifaqının Xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliard ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş zamanı Belliard Aİ-nin xarici siyasət prioritetlərindən danışıb və birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Respublikamızdakı mövcud tolerant və multikultural ənənələrin tarixinin qədim olduğunu və bu gün dövlət siyasətinin tərkib hissəsi kimi daha da gücləndiyini diqqətə çatdıran dini konfessiyaların rəhbərləri ölkəmizdə dini zəmində heç vaxt münaqişənin olmadığını, əksinə, bütün dinlərin nümayəndələri bu torpaqlarda əsrlərdir dinc yanaşı, mehriban şəraitdə yaşadıqlarını vurğulayıblar.
DQİDK sədrinin müavini Səyavuş Heydərov ölkəmizdəki dini durum barədə danışarkən bildirib ki, Azərbaycanın dövlət-din münasibətləri modeli bir çox ekspertlər, politoloqlar tərəfindən dinlərarası harmoniyaya ehtiyac duyan dünya üçün nümunə qismində göstərilir. Azərbaycanın son illər dinlər və mədəniyyətlər arası dialoqun mərkəzinə çevrilməsi də məhz bu reallıqdan irəli gəlir.
Həmin gün nümayəndə heyətinin üzvləri Avropa Parlamentinin birinci vitse-prezidenti xanım Mayrid MakGinnes, Avropa Parlamentinin deputatı Səccad Kərim, Avropa Parlamentinin Avropa Xalq Partiyasını təmsil edən deputatları Zelyana Zovko, Gyorgi Holveni və Yan Olbrayt, o cümlədən Aİ-nin Xarici siyasət xidməti strukturunun rəhbərliyində təmsil olunan şəxslər ilə görüşüb.