Bu gün Milli Məclisin sədri Oqtay Əsədov İtaliya Senatının sədr müavini Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlər müzakirə edilib.
Oqtay Əsədov deyib ki, İtaliya ilə ikitərəfli və beynəlxalq parlament təşkilatları çərçivəsində əlaqələri daha da inkişaf etdirmək vacib məsələdir: “Ölkələrimiz arasında fəal siyasi dialoq aparılır, iqtisadi sahədəki münasibətlərimiz hər iki tərəfə real faydalar gətirir. İtaliya Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biridir. Təqdirəlayiq haldır ki, əlaqələrimiz yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu inkişaf həyatın bütün sahələrini əhatə edir. Yüksək səviyyəli nümayəndə heyətlərinin, xüsusən dövlət başçılarının görüşləri zamanı aparılan danışıqlar əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Ölkələrimiz arasında imzalanmış 40 sənəd münasibətlərimizin hüquqi bazasını təşkil etməklə yanaşı, həm də səmərəli əməkdaşlığımıza təminat verir. Bu ilin yanvar-sentyabr aylarında İtaliya ilə ticarət dövriyyəmizin həcmi 2 milyard 39 milyon ABŞ dolları həcmində olub. Biz gələcəkdə bu göstəricini daha da artırmaq niyyətindəyik”.
Spiker parlamentlər səviyyəsində münasibətlərin də yüksək səviyyədə olduğunu vurğulayıb: “Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi ümumi işin xeyrinədir. Milli Məclisdə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə qrupun 69 üzvü var. Bu, deputatlarımızın İtaliyaya olan marağının və xoş niyyətinin göstəricisidir”.
İtaliya Senatının sədr müavini xanım Linda Lanzillotta ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını deyib. O, səfərinin parlamentlər arasında əlaqələrimizin inkişafına öz müsbət təsirini göstərəcəyinə əmin olduğunu qeyd edib : “Azərbaycanın paytaxtı Bakı öz gözəlliyi ilə qonaqları məftun etməklə yanaşı, ölkənin qısa zaman kəsiyində əldə etdiyi nailiyyətlərin bariz nümunəsidir. İtaliya Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir. Biz həyatın ən müxtəlif sahələrində bu ölkə ilə münasibətlərimizi daha da dərinləşdirmək niyyətindəyik”