Prezident İlham Əliyevin Tehrana səfəri və Azərbaycan-Rusiya-İran prezidentlərinin üçtərəfli görüşü bir neçə aspektdən əhəmiyyət kəsb edir.
Bunu Teleqraf.com-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Araz Aslanlı deyib.
O qeyd edib ki, əvvəla bu görüş Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin göstəricilərindən biridir:
“Yəni, Azərbaycan eyni vaxtda həm Qərb dövlətləri, həm də bütün qonşuları ilə normal münasibətlərin olmasına tərəfdardır. Həm səfər, həm də keçirilən ikitərəfli və üçtərəfli görüşlər öncəliklə bu ümumi siyasətə xidmət edir. Digər tərəfdən səfər Azərbaycanın tranzit ölkə mövqeyinin güclənməsinə töhfə verir. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin bir parçası olmağa çalışır. Bu istiqamətdə ciddi addımlar atılır. Bakı-Tiflis-Qars da bunlardan biri idi. Bu baxımdan Azərbaycan-Rusiya-İran formatında da faydalı nəticələr olacaq”.
A.Aslanlı qeyd edib ki, amma ikitərəfli görüşlərdə həm ikitərfəli münasibətlərin, təhlükəsizliklə bağlı risklərin və xüsusilə Qarabağ probleminin müzakirəsi bizim üçün önəmlidir:
“Şübhəsiz ki, görüşlər və müzakirələr möcuzə yaratmır, bu dəfə də yaratmayacaq, amma gedişatın lehimizə dəyişməsi üçün imkanlar açır. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan əraziləri işğal edilərkən Ermənistan bu iki dövlətə daha çox arxayın olmuş, onların dəstəyini daha çox hiss etmişdi. Deməli, Şərq-Qərb xəttinin biri parçası olmaqla yanaşı Şimal-Cənub xəttində də mövqeyi möhkəmləndirmək həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik maraqlarımız baxımından faydalar yarada bilər”.