Kataloniyanın Brüsselə qaçan rəhbərinin taleyinin necə olacağı haqqında indidən konkret söz demək çətindir. Bu haqda ancaq gümanlar üzərindən fikirlər qura bilərik. Mümkündür ki, İspaniya həmin şəxsləri ölkəyə gətirib cinayət məsuliyyətinə cəlb etsin.
Bu sözləri Teleqraf.com-a hüquqşünas Erkin Qədirli Kataloniya rəhbərliyinin Brüsselə qaçması haqda suala cavab olaraq deyib.
Müsahibimiz bildirib ki, indiki halda məsələ tərəflərin özünün addımlarndan asılıdır:
“Məncə, indiki halda tərəflərin nədə və nə qədər israrlı olmasından, fürsətləri necə dəyərləndirməsindən çox şey asılıdır. Siyasətdə davranışlar bəzən ağıllı görünsə də, ağıllı nəticələr yaratmır. Götürək bizim böyrümüzdə olan erməniləri. Guya ağıllı və tədbirli davranıblar. Bizim torpağımızı işğal ediblər və s. Ancaq bunun qarşısında nə əldə ediblər? Strateji baxımdan getdikcə geriləyirlər”.
E.Qədirli qeyd edib ki, Avropadakı separatizm meylləri digər bölgələrdən bir qədər fərqlidir. Onun sözlərinə görə, digər bölgələrdə separatizm etnik köklərə söykənirsə, Avropadakı separatizm daha çox iqtisadi amillərlə bağlıdır:
“Diqqət edin, Avropadakı separatçı bölgələrin hamısı zəngin bölgələrdir. Nə Şotlandiya, nə Katoloniya, nə İtraliyanın şimalındakı Radia bölgəsi, nə Korsika adaları, nə də Belçikanın Flaman bölgəsi kasıbdır. Yeri gəlmişkən, bizdəki Dağlıq Qarabağ erməniləri bizimlə müqayisədə çox yaxşı yaşayırdı. Avropada zəngin bölgələr öz gəlirlərini kasıb bölgələrlə bölüşmək istəmir. Bir qayda olaraq, kasıb bölgələr separatçı olmur və ya ora kənar müdaxilələr baş vermir. Zəngin bölgələr bir qədər fərqlidir. Baxın, Rusiyanın ən öndə gedən separatçı bölgəsi əvvəllər Tatarıstan olub. İndi də Rusiya Tatarıstanı əzir, əlifbasını belə ləğv edir. Çünki bilir ki, Tatarıstanın ayrılmaq istəyi var, tatar millətçiliyi mövcuddur. Məncə, Avropada da belə bir proses gedir. Yəni mərkəzdənqaçma meylləri var. Mərkəzi hakimiyyət çox zaman şəhərlərə böyük statuslar verir və şəhərlər də getdikcə güclənir. Əslində, bu, tarixi mərhələdir. Avropa bir dəfə bu prosesi orta əsrlər dövründə yaşayıb. Əsas siyasi proses şəhərlərdə baş verirdi və mərkəzi hakimiyyət zəifləyirdi. Sonrakı mütləqiyyət mərhələsində bu tendensiya dayandı. İndi də sanki tərs proses gedir”.
E.Qədirli hesab edir ki, artıq Kataloniya problemi ilə bağlı hüquqi addımlar atılıb:
“Madrid Kataloniyanın muxtariyyətini ləğv etdi, Barselonaya öz nümayəndəsini göndərdi, Konstitusiya Məhkəməsi referendumu konstitusiyaya zidd adlandırdı və s. Yəni hüququ baxımdan nə lazımdırsa, edildi. Hazırda Kataloniyanın keçmiş rəhbərliyi Brüsselə sığınıb. Güman ki, İspaniya hansısa yollarla bu şəxsləri alacaq. Və ya Avropa Birliyinin vasitəçiliyi ilə barış şərtlərindən biri də bu ola bilər ki, İspaniya Kataloniyanın keçmiş rəhbərliyinə qarşı cinayət işini bağlayır və katalonlar da müstəqillik ideyasından imtina edir. Bu hallar baş verə bilər. Digər həll yolları haqda bir söz demək çətindir”.
Qeyd edək ki, Kataloniya parlamenti müstəqillik bəyannaməsini elan etdikdən sonra Madrid hökuməti ciddi addımlar atıb. Kataloniyanın muxtariyyəti ləğv edilib, keçmiş muxtariyyət rəhbərliyinə qarşı dövlətə qarşı üsyan etmək maddəsi ilə cinayət işi açılıb.
Hazırda Brüsseldə olan Kataloniya muxtariyyətinin başçısı Karles Bugdemont bəyan edib ki, ədalət mühakiməsindən qaçmır, əgər ədalətli məhkəmə prosesinin keçirilməsinə təminat verilərsə, Madridə getməyə hazırdır. O, əlavə edib ki, Brüsseldə uzunmüddət qalacağı gözləniləndir. İspan mediası isə separatçı Karles Bugdemontun Brüsseldən siyasi oturum almaq niyyətində olduğunu elan edib.