Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov Rusiya Kommunist Partiyasının sədri Maksim Aleksandroviç Suraykinə məktub göndərib.
Teleqraf.com xəbər verir ki, məktubda Telman Nurullayev adlı şəxsin Azərbaycan kommunistləri adından Moskvada keçirilən tədbirdə iştirak etməsinə etiraz ifadə olunur.
Məktubda qeyd edilib ki, 25 oktyabr 2017-ci ildə Rusiya Kommunist Partiyasının təşəbbüsü ilə Moskvada keçirilən beynəlxalq konfransda Azərbaycandan Telman Nurullayev adlı birisinin respublika partiya təşkilatının birinci katibi kimi təqdim edilməsi Azərbaycan kommunistlərin haqlı narazılığına və hiddətinə səbəb olub:
“Telman Nurullayev təxribatçı əməllərinə görə AKP-nin 26 oktyabr 1996-cı il tarixli qurultayının qərarı ilə partiyadan qovulub. Bundan sonra o, hansı yollarlasa partiya bileti əldə edib və kiçik bir qrup yaratmaqla Azərbaycan Kommunist Partiyasını nüfüzdan salan nalayiq əməllərlə məşğul olub. Dövlət qeydiyyatından keçmədiyi halda rəhbərlik etdiyi qrupun guya Ədliyyə Nazirliyində partiya kimi qeydiyyatdan keçdiyini deyərək kommunistləri aldadıb.
Nurullayev 16 iyul 2017-ci ildə qeydiyyatda olduğu Xətai rayon partiya təşkilatının ümumi ylğıncağının qərarı ilə ikinci dəfə partiyadan xaric edilib”.
Məktubda “26-lar” məsələsinə də toxunulub:
“Telman Nurullayev 20 sentyabr 2017-ci ildə Sovet Azərbaycanın inqilab tarixinin qəhrəman səhifəsi olan 26 Bakı komissarların məzarını ziyarət edən Azərbaycan kommunistləri əlehinə gülünc bəyanat verməklə antikommunist müsavatçılarla həmrəy olub”.