İran rejiminə tabe Husi silahlı qruplaşmasının etdikləri son kobud hərbi təcavüz ər-Riyad şəhərini 900 kilometr mənzilli ballistik raketlə hədəf alıb. Noyabrın 6-da atılan raketlə yanaşı, iyulun 22-də atılan raketlərin qırıntılarının hərbi texnologiyalar üzrə ekspertlərin iştirakı ilə müayinəsi zamanı sübut olunub ki, bu raketlərin istehsal olunması və Yəməndəki Husi silahlı qruplaşmasına qaçaqmalçılıq yolu ilə çatdırılmasında İran rejiminin əli var.
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən Teleqraf.com-a daxil olan məlumata görə, bu fikirlər Yəməndə Qanuni Hakimiyyətə Dəstək Koalisiyası komandanlığının bəyanatında əks olunub. Bəyanatda vurğulanır ki, onların məqsədi Krallığa, onun xalqına və mühüm maraqlarına təcavüz etməkdir.
Koalisiya komandanlığı hesab edir ki, İran rejiminin ona tabe olan Husi silahlı qruplaşmasının silahla təmin olunmasında əlinin olması, BMT Təhlükəsizlik Şurasının həmin silahlı qruplaşmanın silahlandırmaqdan imtina edilməsi haqqında, xüsusilə də 2216 saylı qərarının açıq-aşkar surətdə pozulması sayılır:
"İranın bu işdə əlinin olması, qonşu dövlətləri, eləcə də regional və beynəlxalq sülh və təhlükəsizliyi hədəfə alan açıq təcavüz hesab edilir.
O, bu məsələdə özünə tabe olan Husi silahlı qruplaşmasını birbaşa yönləndirir. Ona görə Koalisiya komandanlığı bunu İran rejimi tərəfindən edilən açıq və birbaşa hərbi təcavüz hesab edir. Bu, hətta Səudiyyə Ərəbistanı Krallığına qarşı müharibə aktı hesab edilə bilər".
Koalisiya komandanlığı bəyan edib ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Krallıq öz ərazisini və xalqını qanuni surətdə müdafiə etmək hüququna malikdir: "Krallıq İrana münasib vaxtda və formada cavab vermək haqqını özündə saxlayır".
Yəməndə Qanuni Hakimiyyətə Dəstək Koalisiyasının rəsmi sözçüsü polkovnik Türki əl-Malikinin sözlərinə görə, Yəmən ərazisindən Krallıq ərazisinə ballistik raket noyabrın 4-də saat 20:07-də atılıb.
Türki əl-Maliki bildirib ki, "Patriot" bölüyünün raketi dəf etməsi nəticəsində qəlpələr Kral Xalid adına Beynəlxalq Hava Limanının şərqində yerləşən qeyri-yaşayış məntəqəsinə səpələnib: "Allaha həmd olsun ki, bu heç bir tələfata səbəb olmayıb. Husi silahlı qruplaşmasının bu təcavüzkar və kor-koranə davranışı sübut edir ki, terroru himayə edən region dövlətlərindən biri Husi silahlı qruplaşmasına üstün silahlarla dəstək verir".