7 Noyabr 2017 14:27
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın “L’Opinione” qəzetində “Il Nodo di Gordio” beyin mərkəzinin baş tədqiqatçısı Andrea Marçilianonun müəllifi olduğu “Bakı-Tiflis-Qars: yeni Avrasiya üfüqləri” başlıqlı məqalə dərc olunub.

Teleqraf.com xəbər verir ki, məqalədə yenicə istifadəyə verilmiş Bakı-Tiflis-Qars dəmir yolu, onun region ölkələri üçün əhəmiyyətindən, Böyük İpək Yolunun reallaşmasına verdiyi töhfələrdən söz açılır.

Yeni dəmir yolunun texniki göstəriciləri barədə danışan müəllif onun iqtisadi faydası ilə yanaşı, strateji və geosiyasi əhəmiyyətə malik olduğunu da bildirir. O, Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərinə istinad edərək, bu infrastrukturun neft-qaz və nəqliyyat sahəsində həyata keçirilən digər iri miqyaslı layihələri birləşdirəcəyini, həmçinin Ələt Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini daha da artıracağını və bütün bunların Azərbaycan, Türkiyə və Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin mövcudluğunu sübut etdiyini vurğulayır. Müəllif bu üç ölkə arasındakı münasibətlərin keçmiş SSRİ-nin dağılmasından sonra dünyanın ən zəngin bölgələrindən biri olan Qafqaz regionunda baş qaldıran və regionun inkişafını ləngidən millətçilik, gərginlik və separatçılıq kimi problemlərin həlli üçün açar rolunu oynadığını bildirərək, Bakı-Tiflis-Qars dəmiryolunun da regionda sülh, sabitlik və firavanlığın bərpa olunması istiqamətində yeni geosiyasi ox olduğunu qeyd edir.

Məqalədə Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi haqqında məlumat verilərək bildirilir ki, Azərbaycan ərazilərinin işğalı nəticəsində Ermənistan ərazisinə qədər uzanan dəmir yolu dağıdıldıqdan sonra 1993-cü ildə ilk dəfə olaraq ideya kimi irəli sürülmüş Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinə yalnız 2007-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə dövlət başçılarının Tiflisidə keçirilmiş görüşü zamanı qərar verilib və onun həyata keçirilməsinə dair saziş imzalanıb. Yeni dəmir yolunun maliyyələşdirilməsi isə tam olaraq Azərbaycan və Türkiyə tərəfindən həyata keçirilib. Belə ki Dünya Bankı, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı Ermənistan ərazisindən keçən köhnə dəmir yolunun bərpasına üstünlük verdikləri üçün layihəni maliyyələşdirməkdən imtina ediblər.

Müəllif Bakı-Tiflis-Qars dəmir yolunu Azərbaycan, Türkiyə və Gürcüstanın müxtəlif sahələrdə həyata keçirdiyi çoxsaylı təşəbbüs və layihələrlə birgə Qafqazda əməkdaşlıq dəhlizi adlandırır. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə görə yeni dəmir yolundan kənarda qaldığını göstərən müəllif onun sürətlə Avrasiya qovşağına çevrilən regionda özünü təcrid etməsini gücləndirdiyini vurğulayır.

Ekspert Bakı-Tiflis-Qars dəmir yolunun Mərkəzi Asiya ölkələri üçün əhəmiyyətinə də toxunaraq, bu xəttin Aralıq dənizindən Çin sərhədlərinə qədər uzanan ərazidə yerləşən bütün türk dövlətləri üçün yeni birgə üfüqlər açdığını qeyd edir, yeni dəmir yolunun Avropa və Çin arasında quru əlaqəsi üçün tələb olunan vaxta əhəmiyyətli qənaət etməyə və nəticə olaraq dünyanın hazırda daha çox Sakit və Hind okeanları hövzəsində cəmləşmiş strateji diqqətinin Aralıq dənizi ölkələri, xüsusilə İtaliyaya qismən də olsa yönəlməsi üçün yeni perspektivlər açmağa imkan verəcəyini vurğulayır.


Müəllif: Səxavət

Oxşar xəbərlər