ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar geniş tədbir keçirilib.
Bu barədə Teleqraf.com-a Baş Konsulluqdan məlumat verilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun Monterey Şəhər Şurası ilə birlikdə şəhər meriyasının qarşısında keçirdiyi tədbirdə şəhər rəhbərliyi, iş adamları, KİV təmsilçiləri, mədəniyyət xadimləri, eləcə də ABŞ Müdafiə Nazirliyinin Montereydə yerləşən nüfuzlu ali təhsil ocaqlarının professor və tələbə heyəti iştirak edib.
Monterey şəhərinin meri Klayd Roberson Montereyin bu cür mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluq duyduğunu bildirib. O, ABŞ-la Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığına toxunaraq, Azərbaycanın ölkəsi üçün regionda önəmli müttəfiq olduğunu vurğulayıb. Montereylə Lənkəran arasında “qardaşlaşmış şəhərlər” münasibətləri barədə danışan mer, qarşıdakı illərdə bu münasibətlərin daha da sıxlaşacağına ümid etdiyini diqqətə çatdırıb.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkəmizin müstəqillik tarixi haqda ətraflı danışaraq, üçrəngli bayrağımızın 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edildiyini, 1990-cı ildə Sovet İttifaqının süqutu ərəfəsində ilk dəfə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında muxtar respublikanın bayrağı kimi təsdiq edildiyini və 1991-ci ildə isə müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı kimi öz təsdiqini tapdığını qeyd edib. Baş konsul müstəqil və müasir Azərbaycanın bütün sahələrdə inkişaf edərək, bu gün regionda və beynəlxalq arenada böyük nüfuz sahibinə çevrildiyini vurğulayıb.
Monterey Şəhər Şurasının sabiq üzvü, Lənkəran-Monterey münasibətlərinin yaradılmasında önəmli rol oynamış Nensi Selfric Lənkəran-Monterey əlaqələrinin tarixindən söz açaraq, Montereyin Azərbaycanla münasibətlərinin daha da möhkəmlənməsi sahəsində bundan sonra da səylər göstərəcəyini bildirib.
Azərbaycanın Dövlət Bayrağı Gününün şərəfinə Monterey şəhərinin mərkəzində yerləşən Alvarado küçəsi əvvəldən axıradək çoxlu sayda Azərbaycan bayraqları ilə bəzədilib.
Monterey şəhəri 2011-ci ildə Azərbaycanın Lənkəran şəhəri ilə qardaşlaşıb.