11 Noyabr 2017 09:15
1 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-la Çinin münasibətlərində uzun müddət mövcud olan soyuqluğu yaradan iki əsas səbəb var idi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ Prezidenti Donald Trampın Çinə ilk rəsmi üç günlük səfərini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, bu səbəblərdən birincisi Şimali Koreya məsələsi idi:

“ABŞ dönə-dönə bildirirdi ki, bu ölkənin ayaq üstə qalmasına, ballistik və nüvə raketlərinin yaradılmasına Rusiya və Çin aktiv dəstək verir. Fikir ayrılığı yaradan ikinci mühüm məsələ Sarı dənizin statusu və bu dənizdə Çinin süni adalar yaratması ilə bağlı idi. ABŞ Çinin iqtisadi maraq zonasından kənarda sünü adalar yaratmaqla Sarı dənizi tamamilə özününküləşdirmək iddiasını qəbul etmir və nümayişkəranə şəkildə bu ərazilərə təyyarə daşıyan gəmilər, Hərbi-Dəniz Donanmasının müxtəlif gəmilərini göndərir. Beləliklə, bəyanatlar verilməsi fonunda qarşıdurma mənzərəsi yaranırdı. ABŞ-ı narahat edən xüsusilə Çinin Şimali Koreyaya göndərdiyi ərzaq və digər bu kimi yardımlar idi. ABŞ hesab edirdi ki, Şimali Koreya tamamilə blokadaya alınsa və xüsusilə ona texniki cəhətdən kömək edilməsə, Pxenyan özünün nüvə silahını, ballistik raketlərini yarada bilməz”.

Q.Hüseynli bildirib ki, bu gün ABŞ üçün ən böyük rəqib Çin hesab olunur. Çinin sürətli inkişafı, xüsusilə yeni texnologiyalar yaratması ABŞ-ı da, bütün dünyanı da heyrətləndirməkdə davam edir. Bu səbəbdən “Asiyanın pələngi”nin gələcəkdə ABŞ-a ciddi rəqib olacağı, hətta onu ötüb keçəcəyi kimi fikirlər söylənilir. ABŞ Çinlə münasibətlərdəki soyuqluğun Pekinə təsir etmədiyini görüb onunla yaxınlıq yaratmağa çalışdı. Hələlik bu yaxınlıq siyasəti özünü doğruldur. ABŞ Prezidenti Çinə ciddi təkliflərlə gəldi. Çin də bu təklifləri dəyərləndirdi. ABŞ tərəfi bildirdi ki, Çinlə qarşılıqlı əməkdaşlığa əsaslanan çoxşaxəli ticarət əlaqələri qurmaq, bundan əlavə müxtəlif texnoloji avadanlıqların müştərək istehsalı istiqamətində əməkdaşlıq etmək istəyir. Çin tərəfindən isə buna çox xoş münasibət bəslənildi. Danışıqlarda bildirildi ki, qarşıdakı illərdə ticarət dövriyyəsinin həcmi təxminən 128 milyard dollara çatmalıdır. Hələlik qarşılıqlı əməkdaşlığa dair 30 milyard dollar həcmində müxtəlif müqavilələr imzalandı. Bu, ilkin variant kimi hər iki tərəfi qane edən müqavilədir. ABŞ gələcəkdə Çin ərazisində özünün müxtəlif sənaye sahələrinin filiallarını yaratmağı öz üzərinə götürdü. Çin isə həm Amerika, həm də Avropaya ixrac etdiyi bir sıra məhsulların həcmini artırmağa boyun oldu”.

ABŞ Prezidentinin təntənəli qarşılanmasına diqqət çəkən politoloqun sözlərinə görə, elə qaşılıqlı təbəssümlər, qucaqlaşmalar, jestlər oldu ki, sanki indiyədək Çinlə ABŞ arasında söz dueli olmayıb və münasibətlər çox rəvan inkişaf edib:

“Mənə elə gəlir ki, bütün bunlar Rusiyanı təkləmək üçün həyata keçirilən siyasətdir. Çünki Rusiya əvvəlcə Çini ələ almaq və Pekinlə birlikdə strateji əməkdaşlıq telləri qurmaq istəyirdi. Bu səbəbdən də Çin əvvəlcə özünün hərbi-hava qüvvələri üçün Rusiyadan xeyli miqdarda, təxminən 100-dən çox Su-31A tipli 5-ci nəsil qırıcı təyyarə almaq niyyətində idi. İndi isə bu təyyarələrin alınması üçün ABŞ-a müraciət ediləcək. Yəni, Çin Rusiyadan hərbi texnika alınması variantından imtina etdi və bütün təkliflərini ABŞ-a istiqamətləndirəcək. Bu həm Rusiyaya zərbə, həm də Çinlə ABŞ arasında münasibətlərin yeni, daha yüksək pilləyə qalxmasının nümunəsidir. Bir sözlə? Uzaq Şərqdə hərarətin müvəqqəti olaraq aşağı düşdüyünü demək olar. Amma Şimali Koreya məsələsinin həllində Çin-ABŞ əməkdaşlığı bundan sonra da inkişaf edəcək”.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər