Teleqraf.com Türkiyə Prezidenti Ərdoğanın Rusiya səfəri, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri, Moskva-Ankara yaxnlaşmasının Azərbaycan və Ermənistana təsir imkanları, ABŞ Prezidenti Donald Trampın Asiya turu və digər maraqlı mövzularda politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir:
- Zərdüşt bəy, Türkiyə Prezidenti Ərdoğanın Rusiya səfəri və Prezident Putinlə görüşünü necə şərh edərdiniz?
- Rusiya və Türkiyənin yaxınlaşması bu iki ölkənin strateji maraqlarına cavab verir. Türkiyə çox gözəl anlayır ki, Qərb üzdə can-can deyir, NATO üzvü olduğu üçün onu müttəfiqi adlandırır, amma əslində əl altından kürdlərə dəstək verir və çalışır ki, Türkiyəni parçalasın. Ankarada bunu çox gözəl anlayırlar. Bu səbəbdən də Türkiyə çalışır ki, özü üçün Qərbə bağlı olmayan müttəfiqlər axtarsın. Ona görə də Rusiya və İranla münasibətlərini yaxşılaşdırır. Bu, acı həqiqətdir.
Rusiya hazırda Qərb cinahından təcrid edilib. Bu təcriddən çıxmaq üçün Rusiyaya güclü tərəf müqbillər lazımdır. Bu tərəf müqabillərindən birincisi Qərbin qarşısında kölə kimi təzim etməyən Türkiyədir. Odur ki, təyyarə böhranını unudaraq hər iki ölkə münasibətləri yaxşılaşdırmağa çalışır. Bu, Ankara və Moskvanın strateji maraqlarına cavab verən siyasətdir. Məhz bu səbəbdəndir ki, Putin və Ərdoğan 8 ayda 5 dəfə görüşüblər. Onlar aralarında yaranan anlaşılmazlığı aradan qaldırır, iqtisadi əlaqələri bərpa edir və mümkün sahələrdə əməkdaşlığı gücləndirirlər. Xüsusilə, energetika sahəsində.
- Ankara-Moskva yaxınlaşması Bakıya hansı dvidentlər gətirə bilər?
- Dünənə qədər rəqib olan iki nəhəng dövlətin yaxınlaşması Azərbaycanın iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün obyektiv şərait yaradır. Bu həqiqətdir. Bu obyektiv şəraitdən Azərbaycan hökuməti istifadə edə biləcəkmi? Bu, artıq bizdən asılıdır. Fikrimcə, Ankara-Moskva yaxınlaşması Azərbaycan biznesi üçün gözəl imkanlar aça bilər. Bundan necə istifadə etmək isə bizdən asılıdır.
- Görüşdən əvvəl Ərdoğan Putinlə Dağlıq Qarabağ məsələsəni müzakirə edəcəyini açıqlamışdı...
- Bizdə bəzən sadəlöhvcəsinə düşünürlər ki, Ərdoğan Qarabağ məsələsini həll edəcək. Əlbəttə, bu yanlış düşüncədir. Türkiyə Rusiyaya yaxınlaşmaq üçün Qarabağ münaqişəsində mövqeyini Rusiya ilə uzlaşdırmağa çalışa bilər.
Ərdoğanın açıqlaması normaldır. Ancaq məsələyə bir qədər obyektiv baxmağımız lazımdır. Cənab Ərdoğanın hansı imkanları var ki, Qarabağ məsələsinin həlli üçün iş görsün? Heç bir imkanı yoxdur. Qarabağ məsələsi Rusiyanın tam inhisarındadır. Bu münqaişəni yaratmaqla Kremli Cənubi Qafqazda təsirini saxlayır. Türkiyə burada ancaq hansısa söhbət apara bilər. Rusiya istənilən siyasətçi ilə Qarabağ məsələsini müzakirə etməyə hazırdır. Bu mümkündür. Amma Türkiyəni Qarabağ məsələsinə yaxın buraxmazlar. Rusiya Qarabağ məsələsinə “öz bostanı” kimi baxır. Kim öz bostanına başqasına buraxar? Bu mənada bizim sadəlöhvcəsinə Ərdoğanın bu problemi həll edəcəyini düşünməyimiz doğru deyil. Rusiya öz maraq və mənafeyini güdür.
- Rusiya-Türkiyə yaxınlaşması İrəvanda necə qarşılanır?
- Əlbəttə, ermənilər bundan narahatdır. Çünki ermənilərdə psixi xəstəlik var - türklərdən qorxma xəstəliyi. Əsas olub-olmamasına baxmayaraq, ermənilər türklərdən qorxurlar. Ona görə də Rusiya-Türkiyə yaxınlaşması baş verəndə Ermənistanda isterika başlayır, yadlarına XX əsrin əvvəli, “Rusiya bizi satdı” kimi fikirlər düşür. Ancaq aydındır ki, Rusiya Azərbaycanın da, Ermənistanın da, Gürcüstanın da maraqlarını öz maraqlarına qurban verməyə hazırdır. İndiki vəziyyətdə isə Ermənistan Rusiyanın Cənubi Qafqazdakı istehkamıdır. Bu baxımından Moskva Ermənistanı qurban verməz. Niyə qurban versin ki? Erməniləri salıb gül kimi bir qəfəsə, onların da cınqırı çıxmır. Əvəzində “Yaşasın Rusiya” bağırırlar. Bu mənada Rusiya indiki mərhələdə Ermənistana toxunmaz.
- Əgər Ankara-Moskva yaxınlaşması strateji xətt olaraq qəbul edilirsə, bu halda Ermənistanın əhəmiyyəti Rusiya üçün nə dərəcədə azalır?
- Bir daha qeyd edirəm ki, Ermənistanın Rusiya üçün əhəmiyyəti onun Cənubi Qafqazda ön istehkam olmasıdır. Türkiyə məsələsində Ermənistan yardımçı rol oynayır. Yəni suyu bulandırmaq, qondarma erməni soyqrımını yada salmaq, Türkiyə cəmiyyətinə mənfi təsirlər göstərmək, Rusiyada yaşayan erməni “siyasətşünasları” it kimi Türkiyənin üzərinə qısqırtmaq üçün lazım gəlir. Ancaq böyük mənada Ermənistanın vəzni elə də mühüm deyil.
Ermənistanın əsas rolu Rusiyanın Cənubi Qafqazda dominantlığı və təsirinin saxlanılmasında alət olmasıdır.
- Son 12 gündə ABŞ prezidenti Asiyada oldu, Çin, Cənubi Koreya, Yaponiya, Vyetnam, Flippin kimi ölkələrdə görüşlər keçirdi. Donald Trampın Asiya turunu necə qiymətləndirirsiniz?
- Hər bir ABŞ prezidenti çalışır ki, nüvə planlarını, məqsədlərini, maraqlarını dünyada müdafiə etsin. Donald Tramp da ABŞ prezidentlərinin bu ənənəsini davam etdirir. Barak Obama da prezident seçildikdən sonra Qahirədə müsəlman liderlərini başına toplamışdı. Tramp isə Asiya turuna çıxıb, Yaponiyada, Çində, Cənubi Koreyada, Flippində böyük müqavilələr imzalanıb. Bu Amerika biznesi üçün münasib və əlverişli şərait yaradıb. Bütün bunlar Amerika prezidenti kimi Trampın vəzifə borcudur və bunu da yerinə yetirir.
- Bu səfərdə həm də Şimali Koreyaya qarşı bir cəbhə yaratmaq niyyəti yoxdurmu?
- Xeyr, belə bir niyyət yoxdur. Nəzərə almaq lazımdır ki, Trampın səfər etdiyi dövlətlər xam deyil. Onlar anlayır ki, Şimali Koreya özünü müdafiə etmək qabiliyyətinə malikdir. Bəli, ABŞ çox çalışdı, əksər ölkələri bu kampaniyaya qoşulmağa dəvət etdi. Bir çox ölkələr dedi ki, axı nəyə görə bura qoşulmalıyıq? Əslində, Şimali Koreya ABŞ-ın problemidir. Özü də deyim ki, qondarma problemdir və Amerikaya heç bir təhlükə törətmir. Sadəcə, özləri üçün bu təhlükəni uydurublar, üstəlik bir qədər də şişirdiblər. Reallıqda isə belə bir təhlükə yoxdur.
- Demək istəyirsiniz ki, reallıqda müharibə gözlənilmir?
-Sözsüz ki, müharibə gözlənilmir. Dəli deyillər ki. Bəli, ABŞ Koreyanı məhv edə bilər. Ancaq Pxenyan da ABŞ-ın yaxın müttəfiqi olan Cənubi Koreya və Yaponiyaya ciddi zərbə vurmaq gücündə olan ölkədir. ABŞ-ın narahatlığı həm də Yaponiya, Cənubi Koreya və digər müttəfiqləri ilə yaxınlığından doğur. Məncə, onun gücünün mənbələrindən biri müttəfiqliyindən qaynaqlanır. Mən müttəfiqimə dayanan yerdə, heç bir səbəb olmadan ziyan vururamsa, bu necə müttəfiqlikdir? Deməli buna müttəfiqlik demək olmaz. Və ya belə çıxır ki, ABŞ öz-özünə ziyan vuracaq. Odur ki, sözdəki hədə-qorxulara baxmayaraq, reallıqda bir şey baş verməyəcək.
- Yaxın Şərqdə də durum pisləşir. Suriya böhranı həll edilmədi, Yəməndə yenidən çaxnaşma düşdü, Livan vətəndaş müharibəsi ərəfəsini yaşayır. Yaxın Şərqdə son günlər baş verənləri nəcə izah edərdiniz?
- Vaşinqton Yaxın Şərqdə ilanı Seyih Əhmədin əli ilə tutmağa çalışır. Burada Seyid Əhməd rolunda dünənə qədər çox ehtiyatlı siyasət aparan Səudiyyə rəhbərləri çıxış edir. İlk növbədə vəliəhd Mədəmməd bin Salman. Səudiyyənin əvvəlki ahıl və qoca siyasətçiləri çox ehtiyatlı addımlar atır, çalışırdılar xətadan uzaq olsunlar. Ancaq dəliqanlı şahzadə Məhəmməd bin Salman hesab edir ki, ABŞ-a yaxınlıq onun üçün təhlükəsizliyin qarantıdır. Bu səbəbdən də Yəmənə, Livana, Qətərə, Bəhreynə və İrana girişib. Bu da sonda Səudiyyənin daxili sabitliyini pozur. Eləcə də Səudiyyə rejiminə təhlükə yaradır.
- Sad Həririnin istefası haqda düşüncəniz nədən ibarətdir?
- Livanda gözəl koalisiya qurulmuşdu. Livan sabit ölkə idi, ”Hizbullah” da koalisiya hökumətində iştirak edirdi. Həririni dəvət etdilər Ər-Riyada. Nəzərə almaq lazımdır ki, Həriri ailəsinin sərvətinin əsası Səudiyyədə qoyulub. Sad Həririnin atası Rafiq Həriri milyardlarını Səudiyyədə olan tikintidən qazanıb. Sad Hərinini Ər-Riyada dəvət edib dedilər ki, baş nazir postundan istefa ver. O, xaricdə ola-ola bəyan etdi ki, baş nazir postundan istefa verir. Amma onun istefasına rəğmən, Livanda koalisiya hökuməti dağılmayıb. Cammat da toplanıb deyir ki, Sad, qayıt, biz bilirik ki, orada səni əsir götürüblər, biz səni sevirik, vətəninə qayıt, otur baş nazir ol. Biz istəmirik, Livanda koalisiya dağılsın, kənar qüvvələr təkrar vətəndaş müharibəsi salsın. Livan xalqı anlayır ki, Sad Həriri müstəqil istefa qərarı verməyib, onu buna məcbur ediblər. Bunu kim edib? Səudiyyə rəhbərliyi. İndi Səudiyyə Ərəbistanı İsraillə yaxınlıq edir.
- Livanda vətəndaş müharibəsi gözləniləndir?
- Sad Həriri baş nazir vəzifəsindən istefa etsə də, koalisiya dağılmadı. Əlbəttə, sabah Livanda nələrinsə baş verəcəyi istisna edilmir. Bir dəfə Livanda vətəndaş müharibəsi salınıb, gözəl bir ölkəni xaraba duruma salıblar. Sonradan böyük zəhmətlə ölkəni bərpa ediblər. Xalq da təkrar faciə yaşamaq istəmir. Bu səbəbdən də Livan xalqı barışa, güzəştə, anlaşmaya üstünlük verir. Amma Səudiyyə bunu istəmir. Baxın, Səudiyyə gedib Yəməni xaraba hala saldı. Əslində Səudiyyə və Qətər abad ölkə olan Suriyanı viran edən qüvvələrdir. Radikal islamçıların arxasında Qətər və Səudiyyə durur. Sonradan bunlar öz aralarında razılaşmadı. İndi də Suriya iki xəttin cıdır meydanına çevrilib.
- Hansı qüvvələrin?
- ABŞ başda olmaqla koalisiya guya İŞİD-ə qarşı mübarizə aparır. Rusiya, İran və Suriya da elan edirlər ki, İŞİD-ə qarşı vuruşurlar. Beləcə bu iki xətt İŞİD-ə qarşı mübarizə apara-apara öz aralarında kəskin rəqabətə daxil olublar. Məqsəd Suriya üzərində nəzarəti bərpa etməkdir.
- Rusların Suriyada əsas məqsədi nədir?
- Rusiyanın məqsədi başadüşüləndir. Rusiya imkan vermir ki, Qətərin zəngin qaz ehtiyatları Suriya üzərindən Aralıq dənizinə çıxsın və Avropaya daxil olsun. Çünki bu baş versə, Qətər qazı «Qazprom»un Avropada 30 faizlik payını laxladacaq, Rusiyanın maliyyə-rifah halına zərbə vuracaq. Rusiya bunu əsla istəmir. Odur ki, arzulamır ki, Suriyada ona yaxın olan Əsəd rejimi sıradan çıxsın, əvəzində Qətər və Səudiyyənin əlaltıları Suriyada hakimiyyətə gəlsin.
- ABŞ-ın məqsədi nədir?
- ABŞ düşünür ki, nə qədər ara qarışsa, xaos yaransa, hərc-mərclik artsa, bu, bir o qədər onun işinə yarayacaq. Bütün dünya kapitalı sabitlik adası kimi ABŞ-a axır. Beləcə, ABŞ-ın maliyyə vəziyyəti yaxşılaşır. Baxın, 23 tirlyon dollar borcu olan ABŞ de fakto müflisdir, amma buna rəğmən, ABŞ dünya kapitalı üçün zəmanətli və inanılası ünvandır. Dünyada qeyri-sabitlik artdıqca kapital ABŞ-a axır.