16 Noyabr 2017 09:14
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Türkiyə prezidentlərinin noyabrın 13-də Soçidə keçirilən 4 saatlıq görüşündə regionda və dünyada baş verən mühüm hadisələr müzakirə olunub.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıqov bildirib.

Liderlərin görüşünü şərh edən F.Sadıqov qeyd edib ki, görüş zamanı Yaxın Şərq, Suriya böhranı, iki ölkə arasında yaxınlaşmaya mane olan müxtəlif problemlər, enerji sahəsində əməkdaşlıq və sair məsələlərə toxunulub:

“Şübhə etmirəm ki, Dağlıq Qarabağ problemi də ön planda olub. Çünki Ərdoğan Soçiyə getməzdən öncə bu problemin Rusiya prezidenti ilə mütləq müzakirə olunacağını bildirmişdi. Təəssüf ki, görüşdən sonra keçirilən birgə mətbuat konfransında bununla bağlı açıqlama verilmədi. Çünki burda müəyyən pərdəarxası məqamlar var. Görünür, hələlik həmin pərdəarxası məqamların açıqlanması uyğun bilinməyib. Daha doğrusu, danışıqlar prosesi zamanı həmin məsələlərə dair konsensus əldə edilməyib. Əgər konsensus əldə edilsəydi, bu, mütləq açıqlanardı”.

F.Sadıqov qeyd edib ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması Türkiyə üçün də əsas məsələdir:

“Görünür, Putin bunun müqabilində öz təkliflərini irəli sürüb. Bu da təmas xəttinə Rusiya qoşunlarının yerləşdirilməsi, Avrasiya İqtisadi İttifaqına Azərbaycanın daxil olması tipli təkliflərdir. Mən güman edirəm ki, Rusiya tərəfindən bu tipli təkliflər səslənib. Təbii ki, Türkiyə prezidenti bu təklifləri təkbaşına dəyərləndirə bilməz. Əgər hansısa təkliflər irəli sürülübsə, bu, mütləq Azərbaycanla razılaşdırılmalıdır. Ona görə də həllik həllini tapmayan məsələ kimi bu istiqamətdə müzakirələr davam edəcək”.

Politoloq bildirib ki, yeganə müsbət amil iki aparıcı ölkə lideri arasında Dağlıq Qarabağ məsələsinin müzakirə olunması və Azərbaycanın mövqeyinin qabarıq şəkildə Kremlin diqqətinə çatdırılmasıdır.


Müəllif: Sәxavәt

Oxşar xəbərlər