Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüş başa çatıb. Görüş konstruktiv və substantiv xarakter daşıyıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb. Azərbaycan tərəfi aparılmış müzakirələrdən razıdır.
Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, görüş əsnasında təklif olunub ki, dekabrın 7-8-də Vyanada keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin:
"Azərbaycan tərəfi bu təklifə öz razılığını bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan Respublikası substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir”.