17 Noyabr 2017 12:34
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Hesab edirəm ki, prezidentin bu sərəncamı vaxtında atılan addımdır.

Teleqraf.com məlumatına görə, bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa səsləndirib.

O, deyib ki, Gürcüstan və Ermənistan cəmiyyətləri öz müstəqilliklərinin 100 illiyinə daha həssas münasibət göstərirlər: “Bildiyiniz kimi, bizimlə yanaşı erməni və gürcülər də cümhuriyyətlərinin 100 illiyini qeyd edir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsinə 6 ay qalır. Hesab edirəm ki, Azərbaycan parlamenti də tədbirlərlə bağlı qərar verməlidir, Gəncədə və digər yerlərdə keçiriləcək tədbirlər haqqında məlumatlı olmalıyıq. Mən bilirəm ki, Oqtay Əsədovun Azərbaycan Xalq Cümhuriyyəti münasibəti duyarlıdır. Hesab edirəm ki, bunu qərarlarımızda göstərməyimiz lazımdır”.

Deputat deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında iki şəxsiyyətin müstəsna rolu olub: “Cümhuriyyətin yaradılması, onun ideyası, dövlət atributlarının müəyyən edilməsində Məhəmməd Əmin Rəsulzadənin fəaliyyəti mühümdür. Cümhuriyyətin hərbi baxımdan qorunmasında isə Türkiyə generalı Nuru Paşanın fəaliyyəti misilsizdir. Nuru Paşaya abidə qoymaqla bağlı mən və həmkarım Qüdrət Həsənquliyev Baş nazirə müraciət etmişik. Bu günə qədər müraciətimizə cavab verilməyib. Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı ata ocağı isə bildiyim qədər uşaq bağçası kimi fəaliyyət göstərir”.

Spiker Oqtay Əsədov Fazil Mustafanın dediklərinə cavab olaraq bildirib ki, prezidentin sərəncamından sonra Milli Məclis işə başlayıb:

“Bu, Cümhuriyyətlə yanaşı Azərbaycan parlamentinin 100 illiyi ilə bağlıdır. İşlər gedir və zamanı gələndə nəticəsini görəcəksiniz”.


Müəllif: Gülxar

Oxşar xəbərlər