ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərinin keçirilməsi əhəmiyyətlidir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü Elman Məmmədov deyib.
O qeyd edib ki, danışıqların intensivləşməsi öz-özlüyündə müsbət haldır. Ancaq Elman Məmmədovun fikrincə, əsas məsələ bu prosesin konkret nəticələr verməsidir:
“ATƏT-in Minsk qrupu həmsədrlərinin sülh prosesini irəli aparmaq təşəbbüsləri müsbət qiymətləndirilə bilər. Amma bu təşəbbüslər ədalətə söykənməli və beynəlxalq hüquq normalarına əsaslanmalıdır. İşğalçı Ermənistan Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Bu dövlət işğalçı siyasətini davam etdirmək istəyir.
Buna baxmayaraq, Minsk qrupu işğalçını öz adı ilə çağırsa, məcburi köçkün olan insanların öz doğma yurdlarına qaytarılması tələbini irəli sürsə, Ermənistanın geri çəkilməsi şübhəsizdir. Çünki bu dövlət bütün cəhətlərdən iflasa uğrayıb.
Azərbaycan tərəfi isə danışıqlar naminə bu prosesdə iştirak etmək niyyətində deyil və bu mövqe həmsədrlərə də məlumdur. Ona görə də, Azərbaycan dövlətinin həmsədrlərdən nəticəyə hesablanan fəaliyyət tələb etməsi tamamilə düzgün mövqedir”.