Azərbaycanda hər kəs xatırlayır ki, qonşu İran Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə müdaxilə edəndə Şuşa şəhəri ermənilər tərəfindən işğal olundu. Mənə elə gəlir ki, bu cür tədbirlər Azərbaycan üçün təhlükəlidir. Bu tədbirlərdə Azərbaycan vətəndaşlarının iştirakı ciddi şübhələr doğurur.
Bu sözləri Teleqraf.com-a DİP sədri, deputat Asim Mollazadə Tehranda təşkil edilən “Beynəlxalq Əhlibeyt sevərlər və təkfirçilər“ konfransında Azərbaycan nümayəndələrinin iştirakına toxunarkən deyib.
Asim Mollazadə qeyd edib ki, kimliyindən asılı olmayaraq, tədbirdə iştirakı mənfi tendensiya hesab edir.
Qeyd edək ki, Tehran şəhərində təşkil edilən “Beynəlxalq Əhlibeyt sevərlər və təkfirçilər“ konfransında dünyanın müxtəlif müsəlman ölkələrindən ruhani alimlər, siyasi xadimlər, təşkilat rəhbərləri və media nümayəndələri qatılıb. Azərbaycandan bu tədbirdə AİP sədr əvəzi Hacı İlham Əliyev, QAT sədri Akif Nağı, ruhani alim Hacı Vasif Nəftullayev, Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli və digər şəxslər iştirak edib.