Ukrayna Avropa Birliyinin makromaliyyə yardımının üçüncü tranşından məhrum edilir. Söhbət 600 milyon avrodan gedir.
Buna səbəb Ukraynanın növbəti krediti almaq üçün bir sıra şərtləri yerinə yetirməməsidir. Həm də artıq vəziyyəti düzəltmək üçün rəsmi Kiyevə verilən vaxt bitib.
Bəs, Ukrayna rəhbərliyi Brüsselin hansı tələblərini qulaqardına vurub?
Teleqraf.com bu və digər suallarla bağlı "RİA Novosti"nin şərhçisi Vladimir Ardayevin şərhini təqdim edir:
Tranşlar və şərtlər
Hələ 2015-ci ilin mayında Ukrayna ilə Avropa Birliyi arasında 1,8 milyard dollarlıq makromaliyyə yardımının ayrılması barədə memorandum imzalanmışdı. Bu vəsait hər biri 600 milyon avro olmaqla 3 tranşla köçürülməli idi. Memorandumda kreditin 15 illiyə ayrıldığı da əksini tapmışdı.
Kiyevə qarşı çoxlu şərtlər irəli sürülmüşdü. Xüsusilə, korrupsiya ilə mübarizəni gücləndirmək, dövlət vəsaitlərinin xərclənməsində şəffaflığı təmin etmək, dövlət administrasiyasını modernləşdirmək, iqtisadi islahatlar aparmaq, biznes və sosial müdafiə mühitini təkmilləşdirmək tələb olunurdu.
Kiyev kreditin birinci tranşını 2015-ci ildə, ikincini isə 2017-ci ilin fevralında aldı. Qalan 600 milyon avro kreditin isə 2018-ci ilin əvvəllərində daxil olacağı gözlənilirdi. Lakin rəsmi Kiyev Brüsselin 5 vacib tələbini yerinə yetirməyib.
Pul əvəzinə meşə
Avropa Birliyinin birinci və əsas tələbi xaricə şalban ixracına qoyulan qadağanın aradan qaldırılması idi. Bununla bağlı moratorium praktiki olaraq, Avropa Birliyi ilə saziş imzalandıqdan dərhal sonra qoyulmuşdu. Məqsəd Ukraynada ağac emalı ilə məşğul olanların maraqlarını müdafiə etmək idi. Onlar meşəsiz qala bilərdilər. Müxtəlif məlumatlara görə, Ukraynada ağac emalı sahəsində 100 minə qədər insan çalışır. Xaricə ağac ixracı tezliklə bu sahədə işçilərin ixtisarına səbəb ola bilərdi.
Öz növbəsində Avropa Birliyi bu qadağanı Ukraynanın Dünya Ticarət Təşkilatı qarşısında və Avropa Birliyi ilə Ukrayna arasında imzalanan assosiasiya sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə zidd sayır. Brüssel bu məsələdə avropalı, ilk növbədə, alman ağac emalçılarının maraqlarını müdafiə edir.
Ukraynanın qoyduğu moratorium kreditin ikinci tranşının təxirə salınmasına səbəb olub. Əvvəlcə bu kreditin 2016-ci ilin axırlarında ayrılması qərarlaşdırılmışdı. Lakin həmin kredit sözügedən moratoriumun aradan qaldırılması haqqında qanun layihəsi Ali Radaya daxil olduqdan sonra - 2017-ci ilin fevralında ayrıldı. Ukrayna krediti alsa da, qadağanı aradan qaldırmadı.
Daha çox şəffaflıq, daha az korrupsiya
Avropa Komissiyasının Ukrayna tərəfindən yerinə yetirilməyən digər şərtləri isə bunlardır:
- Elektron deklarasiyaların avtomatik yoxlama sisteminin işə salınması;
- Ukrayna Milli Bankının kredit reyestri barədə qanunun qəbulu;
- Bütün şirkətlərin yekun benefisiyası haqqında informasiyalara çıxış;
- Ali Antikorrupsiya Məhkəməsinin yaradılması.
Ali Radaya xüsusi məhkəmə orqanının yaradılması ilə bağlı iki qanun layihəsi daxil olsa da, onlardan heç biri Venesiya Komissiyasını təmin etməyib. Avropa ekspertlərinin fikrincə, Antikorrupsiya Məhkəməsi şaxələnmiş məhkəmə sisteminin bir hissəsi deyil, müstəqil institut olmalıdır. Bundan başqa, hakimlərin təyinatı prosesinin siyasiləşdirilməsi yolverilməz hesab edilir. Həmin hakimlərin seçilməsi proseduru isə əlavə konstitusion haqlar tələb edir.
Prezident Petro Poroşenko bununla bağlı parlamentə qanun layihəsi təqdim edəcəyini bildirsə də, hələlik bu, baş verməyib. Parlametdə isə bu məsələ ilə bağlı birlik yoxdur.
Bundan başqa, Ukrayna Milli Bankının kredit reyestri barədə qanun bu günədək qəbul edilməyib. Korrupsiya ilə mübarizə məsələləri üzrə Agentlik elektron deklarasiyaların avtomatik yoxlama sisteminin işə salınmasına nail ola bilməyib. Bütün şirkətlərin yekun benefisiyası haqqında informasiyalara çıxış da tam təmin edilməyib. Korrupsiya ilə mübarizə aparanlar şirkətlərin yekun benefisiyası haqqında vahid dövlət portalında dolğun informasiya olmadığını tənqid edirlər.
Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker isə noyabrın 24-də Şərq tərəfdaşlığı sammitində bəyan edib:
"Ukrayna nəzərəçarpacaq inkişafa nail olub. Ancaq bu inkişaf biz arzuladığımız dərəcədə deyil. Demokratik idarəçiliyin möhkəmləndirilməsi üçün islahatlar həyata keçirilməli, korrupsiya ilə cəsarətli və qəti mübarizə aparılmalıdır".
Ukrayna hansı maliyyə yardımını alır
2014-cü ildən etibarən Ukrayna Avropa Birliyindən 12 milyard avro vəsait alıb. Bundan başqa ölkəyə 3,4 milyard avro makromaliyyə yardımı edilib. Bu, indiyə qədər Avropa Birliyi tərəfindən ayrılan ən böyük makromaliyyə yardımıdır.
"Şərq tərəfdaşlığı" sammiti başa çatdıqdan sonra Poroşenko Avropa Komissiyası ilə yeni razılaşma barədə açıqlama verdi. Onun sözlərinə görə, 2018-2019-cu illərdə Ukraynaya növbəti makromaliyyə yardımının ayrılması barədə razılıq əldə olunub. Hazırda yardımın həcmi razılaşdırılır. Lakin onun bu bəyanatı hələlik Avropa Komissiyası tərəfindən rəsmən təsdiqlənməyib.
Kiyevin ən böyük kreditoru isə Beynəlxal Valyuta Fondudur. Fondla əməkdaşlıq müddətində Ukrayna 35 milyard dollar kredit alıb. Bu kreditin 18 milyard dolları qaytarılıb. 2015-ci ilin martından etibarən ölkəyə dörd illik proqram çərçivəsində 17,5 milyard kredit daxil olub. 2017-ci ildə isə kredit verilişi dayandırılıb. Ukrayna 1,8 milyardlıq növbəti tranşı ala bilməyib. Beynəlxalq Valyuta Fondundan bildiriblər ki, Kiyev kredit yardımını almaq üçün şərtləri yerinə yetirmir. Bu şərtlər isə pensiya, torpaq islahatı və əhali üçün qaz tariflərinin formalaşdırılması sistemində dəyişikliklərlə bağlıdır.