Şübhəsiz ki, 65 ildən sonra gerçəkləşən bu səfərin əhəmiyyəti böyükdür.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 7-8-də Afinaya gerçəkləşəcək səfərini Teleqraf.com-a şərh edən “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, siyasi şərhçi Vüqar Zifəroğlu bildirib.
O qeyd edib ki, Türkiyə Prezidenti Yunanıstana 3 layihə ilə gedir və bu layihələr iqtisadi cəhətdən son dərəcə vacibdir:
“Bu layihələr tərəflərə ciddi dividendlər gətirə bilər. Hər iki ölkənin Avropa İttifaqı ilə münasibətləri fonunda əldə ediləcək iqtisadi razılaşmalar, şübhəsiz ki, həm də ciddi siyasi əhəmiyyət daşımaqdadır.
Türkiyə rəsmilərinin də açıqlamalarından göründüyü kimi, səfərin nəticələri hər iki ölkənin münasibətlərində yeni səhifənin açılması üçün əsas ola bilər”.
Müsahibimiz bildirib ki, ümumiyyətlə bu səfər son illər gerçəkləşən diplomatik əlaqələrin yeni mərhələyə daşınması deməkdir:
“Yunanıstanla iqtisadi və turizm sahəsində əlaqələr çox zəifdir. Başqa bir məqam da Qərbi Trakya bölgəsi ilə bağlıdır. Bildiyiniz kimi, orada türk əhali var və onlar da bu səfərə ümidlə baxmaqdadırlar. Qərbi Trakya bölgəsi iki ölkə arasında uzun illərdir ki, həllini gözləyən ciddi problem olaraq qalmaqdadır”.
Qeyd edək ki, Türkiyə Prezidenti R.T.Ərdoğan 65 ildən sonra Yunanıstana səfər edəcək ilk Türkiyə Prezidenti olacaq. Səfər ərəfəsində yunan polisi Afinada əməliyyat keçirib. Əməliyyat zamanı biri qadın olmaqla 9 nəfər həbs edilib.
Əməliyyat zamanı 3 mənzildə kompüter və digər avadanlıqlar götürülüb. Polis evlərin birində tərkibi bilinməyən maddə aşkar etdiyini və bu maddəni araşdırmaq üçün laboratoriyaya göndərdiyini qeyd edib.
Yunanıstan polisindən bildiriblər ki, həbs olunanlar milliyyətcə əfqan və kürddür.
Bundan öncə isə R.T.Ərdoğan 2010-cu ilin mayında baş nazir qismində Yunanıstana səfər edib.