28 Noyabr 2017 21:21
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərb endirərək minlərlə hektar torpağı düşməndən azad edib.

Teleqraf.com xәbәr verir ki, bunu Prezident İlham Əliyevnoyabrın 28-də Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşündə bildirib.

Dövlət başçısı deyib ki, bu il köçkünlərin həyatında digər önəmli hadisə baş verib:

"Uzun fasilədən sonra Cocuq Mərcanlı kəndinə həyat qayıtdı. Cocuq Mərcanlı kəndinin bərpası istiqamətində indi son addımlar atılır. Birinci mərhələdə biz bu il 50 evin istifadəyə verilməsini qeyd etmişik. Mən o mərasimdə iştirak etmişəm. İndi isə əlavə 100 evin tikintisi başa çatıb və tezliklə o evlərə də Cocuq Mərcanlı kəndinin sakinləri yerləşəcəklər. Orada da bütün infrastruktur yaradılıb, məktəb, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri olan məscid tikilib. Yəni, Cocuq Mərcanlıya həyat qayıdıb. Cocuq Mərcanlı kəndinin bərpası xüsusi məna, rəmzi xarakter daşıyır. Onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan dövləti heç vaxt işğalla barışmayıb və barışmayacaq. Uzun illər ərzində digər yerlərdə yaşayan Cocuq Mərcanlı sakinləri imkan yarandıqca öz doğma kəndinə qayıdıblar. Onlar bu arzu ilə yaşayıblar və artıq bu arzu həyatda öz əksini tapdı. Onlar bu arzuya çatdılar. Ona görə Cocuq Mərcanlının bərpası çox böyük rəmzi məna daşıyan bir hadisədir".

"Eyni zamanda, Cocuq Mərcanlının bərpası aprel döyüşlərinin uğurlu nəticəsi hesabına mümkün olub. Keçən il Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək minlərlə hektar torpağı düşməndən azad edib və bundan sonra Cocuq Mərcanlıda yaşamaq mümkün olub. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir, Azərbaycan əsgərinin qələbəsidir, Azərbaycan dövlətinin qələbəsidir. Biz bütün dünyaya bir daha sübut etdik ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, bunu beynəlxalq reytinqlər də qeyd edir. Bir daha sübut etdik ki, heç vaxt Azərbaycan indiki vəziyyətlə barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcəkdir", - Prezident İlham Əliyev qeyd edib.

"Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır, dəstəklənir, bütün beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz sözlərini demişlər. Onların arasında ən mötəbər təşkilat BMT-dir. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Yəni, beynəlxalq aləm bu məsələ ilə bağlı öz sözünü deyib. Tarixi ədalət də bizim tərəfimizdədir. Biz hamımız yaxşı bilirik və indi dünya da bilir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, ermənilər bu ərazilərə XIX əsrdə köçürülmüşdür. Bunu əks etdirən bir çox tarixi sənədlər var və bu sənədlərin bir hissəsi, o hadisəni əks etdirən eksponatlar bu gün açdığım Tərtər Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilir. Bu, elmi kitablarda da öz əksini tapıb. 1978-ci ildə tikilən və ermənilərin İrandan Dağlıq Qarabağa köçürülməsini əks etdirən abidə də bunu təsdiqləyir. O vaxt ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illik yubileyi qeyd olunmuş və bunu əks etdirən abidə ucaldılmışdır. Münaqişə başlayan kimi ermənilər o abidəni dağıtmışlar. Ancaq axıra qədər dağıda bilməmişlər. O abidənin qalıqları tapılıb, bərpa edilib və əyani sübut kimi artıq qorunur. Bu, bütün dünyaya göstərir ki, ermənilər bu ərazidə gəlmə millətdir, köçürülüblər. Necə köçürülüblər, kim tərəfindən köçürülüblər – biz bunu da yaxşı bilirik və tarix bunu təsdiqləyir.

Ona görə, mən həmişə deyəndə ki, Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır, bunu tarixi həqiqətə əsaslanıb deyirdim. Bizim ümumi işimiz ondan ibarətdir ki, bütün dünya bunu bilsin və artıq biz bunu görürük. Bizim səylərimiz və yorulmaz fəaliyyət nəticəsində dünyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı fikir formalaşıb. Qeyd etdiyim kimi, bütün mötəbər beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bunu təsdiqləyən bir çox qərar, qətnamələr qəbul edilmişdir. Dağlıq Qarabağın tarixi keçmişi haqqında biz bütün dünyaya məlumatlar təqdim edirik. Bu yaxınlarda Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşündə qəbul edilmiş yekun Bəyannamədə də Şərq Tərəfdaşlığına üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü bir daha təsdiqlənib və dəstəklənib. Bu, bizim böyük diplomatik nailiyyətimizdir. Ona görə münaqişənin həlli yolları bu tarixi həqiqətə, ədalətə və beynəlxalq hüquqa əsaslanmalıdır. Əminəm ki, belə də olacaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Heç vaxt biz imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, vaxtilə işğal edilmiş və tamamilə dağıdılmış Cocuq Mərcanlıya aprel döyüşləri nəticəsində bu il Azərbaycan vətəndaşları qayıdıblar:

"Eyni zamanda, vaxtilə işğal altında olmuş bu ərazidə bu gün, bax, bu gözəl şəhərcik salınıb. Bu, bir daha onu göstərir ki, biz öz torpağımızda yaşayırıq, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycana məxsus olan ərazidir, torpaqdır. İndi biz sizinlə bu torpaqda – işğalçılardan azad edilmiş torpaqda görüşürük. Burada Azərbaycan vətəndaşları yaşayacaq və Azərbaycan bayrağı dalğalanır".

Dövlət başçısı deyib ki, Dövlət Neft Fondunun fəaliyyətinin bir istiqaməti də ölkə üçün ən önəmli layihələrdə maliyyə mənbəyi kimi iştirak etməkdir: "

"Biz Azərbaycanda qara qızılı insan kapitalına istiqamətləndiririk. Ölkəmiz üçün strateji əhəmiyyət daşıyan bir neçə layihənin maliyyə mənbəyi Dövlət Neft Fondudur. O cümlədən, ilk növbədə, köçkünlərin problemlərinin həlli üçün salınan qəsəbələrin mütləq əksəriyyəti Dövlət Neft Fondunun maliyyə mənbələri hesabına yaradılmışdır. Bu, onu göstərir ki, - mən həmişə bunu demişəm, - biz Azərbaycanda qara qızılı insan kapitalına istiqamətləndiririk. Neftdən əldə edilən gəlirlər həm ölkə iqtisadiyyatının inkişafına, infrastruktur layihələrinin icrasına, eyni zamanda, sosial məsələlərin həllinə yönəldilibdir və beləliklə, bu ağır problem tədricən öz həllini tapır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər